İsraildə heç bir partiya parlamentdə çoxluq qazana bilməyib

İsraildə seçkilər

İsraildə oktyabrın 27-də keçirilən parlament seçkilərində heç bir partiya parlament çoxluğunu təmin edə bilməyib. Seçkidən sonra baş nazir Binyamin Netanyahu sağçı hökumətin formalaşdırılmasına çağırıb. Onun rəqibi Qadi Ayzenkot isə seçicilərin uzun illərdir ölkənin başında duran Netanyahunu rədd etdiyini bildirib. Ekzit-pollar onların rəhbərlik etdikləri blokların bərabər nəticə göstərdiyini ortaya qoyub.

"Kan 11" və "Channel 13" telekanallarının ekzit-polları hər iki blokun 51 mandat qazandığını göstərib. "Channel 12" telekanalının ekzit-poluna əsasən isə, Netanyahunun "Likud" partiyasının rəhbərlik etdiyi blok 52-49 hesabı ilə cüzi üstünlük qazanıb.

Tərəflərdən heç biri 120 yerlik Knessetdə çoxluq əldə etmək üçün gərəkən 61 mandatı toplaya bilməyib.

"Reuters" agentliyi yaranmış bu siyasi dalanın Netanyahunun xeyrinə işləyə biləcəyini yazır. Belə ki, o, uzun sürəcək koalisiya danışıqları dövründə, hətta yeni seçkilər keçirilənədək baş nazir vəzifəsini müvəqqəti icra edəcək.

İtamar Ben-Qvir və Bezalel Smotriçin rəhbərlik etdikləri ifrat sağçı dini partiyaların Netanyahunun bloku daxilində birlikdə 13 mandat qazanacağı proqnozlaşdırılır. Onların nəticələrində ciddi bir artım gözlənilmir.

İki əsas blokdan kənarda qalan ərəb partiyaları qüvvələr balansında həlledici rol oynaya bilər. Ancaq Ayzenkot onlarla birlikdə hökumət qurmaq ehtimalını istisna edib. Bu isə onun hakimiyyətə gəlmək imkanlarını xeyli çətinləşdirir.

İsrail Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçici fəallığı 77.7 faiz təşkil edib. Bu, azı son 20 ildə qeydə alınan ən yüksək göstəricidir.

Yekun nəticələrin oktyabrın 29-30-da açıqlanacağı gözlənilir.

Bir çoxları bu seçkini ölkə tarixinin ən taleyüklü hadisəsi adlandırır. Səsvermə Netanyahu və onun ifrat sağçı koalisiyasının yürütdüyü siyasətə münasibətdə bir referendum kimi qəbul edilirdi.

Netanyahu son 25 ilin böyük hissəsini ölkənin baş naziri postunda keçirib. Son illər ona qarşı dələduzluq ittihamları irəli sürülüb. Baş nazir vəzifəsində olduğuna görə məhkəmə prosesi dəfələrlə təxirə salınıb.

Ayzenkot sağ mərkəzçi siyasətçi sayılır. Bir çox məsələdə onun mövqeyi Netanyahuya olduqca yaxındır. O da Fələstin dövlətinin yaradılmasına qarşı çıxır. Rəy sorğularına əsasən, israillilərin əksəriyyəti də məhz bu mövqedədir.

+++

ABŞ prezidenti Donald Tramp Netanyahunu dəstəkləyərək İranla qarşıdurmada İsrailin yanında yer alıb. Netanyahu oktyabrın 25-də – bazar günü bəyan edib ki, Tramp İran təhlükəsini "birdəfəlik" aradan qaldırmaq üçün yenidən hərəkətə keçməyə hazırdır; amma bunun üçün o, mütləq hakimiyyətdə qalmalıdır.

Ayzenkot isə öz növbəsində Trampın xalqın seçdiyi istənilən liderlə tam əməkdaşlıq edəcəyinə əmin olduğunu bildirib.

"Reuters" yazır ki, Netanyahu hökumət formalaşdırmaq üçün yenidən ifrat sağçı liderlər İtamar Ben-Qvir və Bezalel Smotriçin dəstəyindən asılı vəziyyətə düşə bilər. Bəzi Qərb ölkələri fələstinlilərə qarşı zorakılığı qızışdırdıqları əsası ilə hər iki siyasətçiyə qarşı sanksiyalar tətbiq etsə də, rəy sorğuları Ben-Qvirin "Yəhudi Gücü" partiyasına dəstəyin artdığını göstərir.

Əgər tərəflərdən heç biri 120 yerlik parlamentdə hakim koalisiya qura bilməsə, Netanyahu gələn il keçiriləcək növbəti seçkilərə qədər müvəqqəti baş nazir postunu qoruyub saxlayacaq.

Xatırlatma

2023-cü il oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumu nəticəsində 1200 nəfərin öldürüldüyü, 250-dən çox insanın isə girov götürüldüyü açıqlanıb. İsrailin bu hücuma cavab olaraq Qəzzaya endirdiyi zərbələr nəticəsində isə azı 70 min insanın həlak olduğu bildirilir.

Ötən ilin oktyabrında ABŞ prezidenti Trampın vasitəçiliyi ilə Qəzzada atəşkəs əldə olunsa da, həmin vaxtdan bəri atəşkəs rejimi dəfələrlə pozulub.