İsrail Qəzzanı bombalayır, Fələstin dövlətinə ‘yox’ deyir 

Evlərindən didərgin düşmüş fələstinlilər

Yanvarın 19-da İsrail Qəzzanın cənubunu bombalayıb. Təl Əviv əsas müttəfiqi ABŞ ilə Fələstin dövləti məsələsində açıq fikir ayrılığı nümayiş etdirib. Vaşinqton bu dövlətin yaranmasını davamlı sülhə yeganə yol kimi görür.

“Frans Pres” şahidlərə istinadla Xan Yunisdə atəş və hava zərbələrinin olduğunu yazır. İsrail Qəzzanın cənubunda yerləşən bu şəhərdə islamçı HƏMAS qruplaşmasının çoxsaylı üzvlərinin və liderlərinin gizləndiyini deyir. ABŞ və Aİ HƏMAS-ı terrorçu sayır.

Qəzzanın səhiyyə nazirliyi ötən gecə 77 nəfərin öldürüldüyünü, onlarla insanın yaralandığını bildirir.

Onlarla terrorçunun öldürüldüyü deyilir

İsrail ordusu isə əsgərlərinin yaxın məsafədən döyüşlərdə, tank atəşi və hava dəstəyi ilə onlarla terrorçunun öldürüldüyünü açıqlayıb.

Qəzzada müharibə HƏMAS-ın oktyabrın 7-də İsrailin cənubuna hücumunda sonra başlayıb. Həmin hücumda min 200 nəfərin öldürüldüyü, 240 nəfərin girov götürüldüyü bildirilir. Girovlardan bəziləri sonradan buraxılıb.

BMT Qəzzanın 2.4 milyonluq əhalisinin 85 faizinin evindən didərgin düşdüyünü deyir.

Çoxları yemək, su, yanacaq, tibbi xidmətin çatışmadığı sığınacaqlara yığışıb. BMT agentlikləri aclıq və xəstəliklər risklərinə görə yardıma çıxışı gücləndirməyə çağırırlar.

İsrail HƏMAS-ı məhv edəcəyini bəyan edib. Qəzzada hava və quru əməliyyatları isə azı 24 min fələstinlinin ölümünə səbəb olub. Onlardan 70 faizə yaxını qadınlar, uşaqlar və yeniyetmələrdir.

Buna da bax:

İsrail BMT məhkəməsində soyqırımı ittihamları ilə üzləşir

Netanyahu Blinkenlə razı deyil

“Biz total qələbədən başqa heç nəyə qane olmayacağıq”, -- bunu İsrailin baş naziri Binyamin Netanyahu yanvarın 18-də mətbuat konfransında deyib. O xəbərdarlıq edib ki, “qələbənin əldə olunması aylarla çəkə bilər”.

Vaşinqton İsrailin Qəzzadakı kampaniyasını dəstəkləyir. Amma dövlət katibi Entoni Blinken (Antony Blinken) Davosda Dünya İqtisadi Forumunda “Fələstin dövlətinə aparan yola” dəstək bildirib.

Netanyahu isə bu təklifi qəti rədd edib:

“İsrail İordan çayının qərbinə bütünlükdə təhlükəsizlik nəzarətinə malik olmalıdır. Bu, vacib şərtdir, (Fələstinin) suverenliyi ideyasına ziddir”.

Netanyahu əlavə edib ki, “İsrailin baş naziri hətta ən yaxşı dostlarımıza belə yox deməyi bacarmalıdır”.

Vaşinqton inanır ki, Fələstin dövlətinin yaranması və tanınması İsrail üçün təhlükəsizliyin əldə olunmasında vacibdir.

“Görünür, biz prosesləri fərqli görürük”, -- Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Körbi (John Kirby) Netanyahunun dediklərini belə şərh edib.

Fələstin prezidenti Mahmud Abbasın sözçüsü isə qeyd edib ki, müstəqil Fələstin dövləti olmadan “regionda təhlükəsizlik və sabitlik olmayacaq”.