Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:05

'Ayrıcadırlar': İrandan dəstək görsələr də, husilərin müstəqilliyi İranı qoruyur


Yəməndə husilərə bağlı təhlükəsizlik qüvvələri
Yəməndə husilərə bağlı təhlükəsizlik qüvvələri

Husilər, Qırmızı dənizdə dağıdıcı əməllər görərkən, İran silahlarından yararlanır və Tehranın “dirəniş oxunun” bir hissəsi sayılır. Di gəl, heç də həmişə İranın buyruqlarıyla davranmırlar.

AzadlıqRadiosunun jurnalisti Maykl Skollon (Michael Scollon) bu barədə yazır.

Ekspertlər deyirlər ki, Yəmənin şimalına nəzarət edən husilər Tehranın əsas düşmənləri olan İsrail, Səudiyyə Ərəbistanı və Qərbə qarşı sərbəst hərəkət edə bilir. Tehran husilərlə arasında məsafə saxlamaqla özünü Yaxın Şərqdə baş verə biləcək mümkün münaqişəyə sürüklənməkdən qoruyur.

“Bu o demək deyil ki, husiləri İran yaradıb”

Berlində fəaliyyət göstərən Almaniya Beynəlxalq və Təhlükəsizlik Məsələləri İnstitutunun tədqiqatçısı Hamidreza Əzizi deyir ki, İranın husiləri dəstəkləməsi onların İranın proksisi olması anlamına gəlmir.

“Özəlliklə Yəməndə savaş başlayandan, 2015-ci ildə Səudiyyə Ərəbistanının Yəmənə müdaxiləsindən bəri İranın husiləri… dəstəklədiyinə heç şübhə yoxdur. [İran] indi də onları İsrailə qarşı get-gedə böyüyən kampaniyalarında dəstəkləyir. Ancaq bu o demək deyil ki, husiləri İran yaradıb, yaxud husilər Qüds qüvvələrinin (İslam İnqilab Keşikçiləri Korpusunun (İİKK) xarici qolunun) əlavəsidir".

“Janes” qlobal kəşfiyyat şirkətinin Yaxın Şərq üzrə müdafiə təhlilçisi Ceremi Binninin fikrincə (Jeremy Binnie), əsas sual Tehranın husilərə təsirinin nə qədər olmasıdır.

Husilər İsraili raket zərbələri ilə hədəfə alandan, eyni zamanda önəmli qlobal təchizat yolunda - Qırmızı dənizdə gəmilərə aramsız hücum etməyə başlayandan bəri bu sual daha da aktuallaşıb.

Binninin sözlərinə görə, bir çoxları husiləri “bəlli dərəcədə müstəqil və çox döyüşkən” sayır və onların “iranlıların istədiyindən daha çox şey edə biləcəyini” düşünür. Başqa bir baxış ondan ibarətdir ki, Tehranın husilərə verdiyi müasir silahlardan istifadə üçün iranlı personala ehtiyacı olduğu hesaba qatılsa, İran “həmin silahlardan nə zaman və necə istifadə ediləcəyi ilə bağlı ciddi söz sahibi olmalıdır”.

“Dünyanı basqı altına almaq imkanı”

Husilərin geniş silah arsenalına dəniz və hava dronları, uzunmənzilli raketlər, eləcə də bu yaxınlarda üzə çıxan gəmi əleyhinə raketlər daxildir.

Husilər Qırmızı dənizdə ticarət gəmilərinə qarşı həmin silahlardan yararlanıblar. Ardınca BMT Təhlükəsizlik Şurası bu hücumlarla bağlı xəbərdarlıq edib. Yanvarın 12-də də ABŞ və Britaniya Yəməndə husilərin onlarla strateji mövqeyini vurub.

Husilər eyni zamanda İsrailə də dron və uzunmənzilli raketlərlə hücum ediblər.

Husilər işlətdikləri silahların öz istehsalları olduğunu iddia ediblər. Tehran da onları silahla təchiz etdiyini danır. Ancaq Yəmənə doğru hərəkət edərkən, yolda ələ keçirilən qəliz silahların üzərində aşkarlanan İran istehsalı olan hissələr bunun əksini göstərir.

Binni deyir ki, husilər elə də mürəkkəb sayılmayan silahlar, tutalım, raket istehsal etsələr də, onların daha müasir silahlarının İrandan gəldiyinə, demək olar, şübhə yoxdur. Onun sözlərinə görə, bəzi hallarda İran silahları ilk dəfə Yəməndə görülür.

“İran baxımından, Yəməndə müttəfiqi olması çox əladır, axı onlara raket və dronlarını verə bilərsən və birdən-birə səudiyyəlilər də cənubdan təhlükə ilə üzləşərlər. [Səudiyyəlilər] buna görə hava müdafiə [resurslarının] xeyli hissəsini cənuba daşımalıdırlar. Bu da İrana tuşlanan hava müdafiə [resurslarının] azalması deməkdir”, - Binninin sözləridir.

“Üstəlik, sənin dünyanın əsas dəniz keçid məntəqələrindən birini təhdid etməyə qadir olan müttəfiqin olur. …Husilər İran Hörmüz körfəzini bağlamaqla təhdid etdiyi halda Qırmızı dənizin cənubunda - Bab əl-Məndab boğazında nəyə qadir olduqlarını göstərirlər. Bu, İranın, gərəkərsə, dünyanı basqı altına almaq imkanını artırır”.

Bu məsələdə risklərdən biri budur ki, Yaxın Şəqdəki münaqişə böyüyüb bütün bölgəni əhatə edəcəyi təqdirdə İranın husilərə dəstəyi Tehranı birbaşa bu münaqişəyə sürükləyə bilər. Düzdür, müşahidəçilər hazırda bu ehtimalın olmadığını deyirlər.

“Bilrik ki…”

Əzizi deyir ki, İranın husilərlə öz arasında “məsafə saxlaması get-gedə çətinləşir”. O, ABŞ və Britaniyanın bəyanatlarında, eləcə də BMT Təhlükəsizlik Şurasının yanvarın 10-dakı xəbərdarlığında husilərin İran tərəfindən dəstəklənməsinin ayrıca vurğulandığına diqqət çəkir. Ancaq Əzizi Qəzzadakı müharibə ilə bağlı olan beynəlxalq iştirakçılardan hər hansı birinin İranı münaqişəyə cəlb etməkdə maraqlı olmadığını deyir.

Binni də husilərin və digər müttəfiqlərinn törətdiyi hücumlara görə İranın birbaşa məsuliyyətə cəlb edilməsi ssenarisini çox da önə çəkməməyə üstünlük verir:

“Biz bilirik ki, husilərə sulahların çoxunu İran verir və onların üzərində İranın bəlli təsiri və hətta bəlkə yüksək dərəcəli nəzarəti var. …Təbii ki, bu məsələ qabardıla bilər, ancaq hazırda bu, ictimai şəkildə edilmir”.

XS
SM
MD
LG