İsrailin Livana zərbələri ABŞ-İran atəşkəsini laxladır

Beyrutda İsrailin vurduğu ərazidə xilasedicilər.

Vaşinqton və Tehranın ikihəftəlik atəşkəsinin Livanı əhatə edib-etməməsi ilə bağlı fikir ayrılığı razılaşmanı laxladır. İsrail İranın dəstəklədiyi "Hizbullah"ı "harada lazım olsa" vurmağa davam edəcəyini bildirir.

İsrail və ABŞ Livanda yerləşən "Hizbullah"ı terror təşkilatı sayır.

"İsrailin dinc sakinlərinə qarşı hərəkət edən hər kəs vurulacaq. Şimal bölgəsində yaşayanların tam təhlükəsizliyi bərpa olunanadək "Hizbullah"a qarşı zərbələri davam etdirəcəyik", – İsrailin baş naziri Binyamin Netanyahu aprelin 9-da sosial şəbəkədə yazıb.

Tehran isə bu hücumlardan dolayı atəşkəs razılaşmasından çıxmağı nəzərdən keçirir. Bunu İranın "Fars" dövlət xəbər agentliyi bildirib.

Qalibaf "güclü" cavabdan danışır

İran parlamentinin spikeri Məhəmməd Baqer Qalibaf X platformasında yazıb ki, Livan və İranın "Müqavimət oxu" adı altında bütün müttəfiqləri atəşkəs razılaşmasına daxildir. O, atəşkəsin pozulmasına güclü cavab veriləcəyini vurğulayıb.

Qalibaf sabah – aprelin 10-da İslamabadda ABŞ ilə danışıqlarda İranın nümayəndə heyətinə başçılıq edəcək.

Ağ ev isə Livanın atəşkəsin tərkib hissəsi olmadığını bildirib.

"İsrailin hərəkətləri ABŞ-İran atəşkəsini ciddi sınağa çəkir. Atəşkəs Livanı da əhatə etməlidir", – Avropa İttifaqının baş diplomatı Kaya Kallas aprelin 9-da bildirib.

"Livanı müharibəyə "Hizbullah" cəlb edib, lakin İsrailin özünümüdafiə hüququ belə kütləvi dağıntılara haqq qazandırmır", – o əlavə edib.

İsrailin Beyrutun Tallet əl-Hayat rayonuna hava zərbəsi.

Livanda rəsmi matəmdir

Livanda İsrailin dünənki zərbələrindən sonra rəsmi matəm elan edilib. Səhiyyə naziri Rakan Nəsrəddin bildirib ki, aprelin 8-dəki hava zərbələrindən 203 nəfər ölüb, mindən çox insan yaralanıb.

İsrail ordusu Beyrutda, Bekaa vadisində və Livanın cənubunda İranın dəstəklədiyi "Hizbullah" qruplaşmasının 100-dən çox komanda mərkəzi və hərbi obyektinə zərbə endirdiyini bildirib.

Bu hücumlar aprelin 7-si gecə Vaşinqton və Tehranın əldə etdiyi atəşkəs razılaşmasını, İranın yenidən açdığı Hörmüz boğazında gəmilərinə hərəkətinə təhlükə yaradır.

İranın xarici işlər naziri Abbas Əraqçi aprelin 8-də Pakistanın yüksəkrütbəli hərbi rəhbəri ilə "İsrailin İran və Livanda atəşkəsi pozması"nı müzakirə edib. Xəbəri AFP İran XİN-ə istinadla yayıb.

İranın "Tasnim" agentliyi adını açıqlamadığı mənbəyə istinadla bildirib ki, İsrail Livana hücumları davam etdirərsə, İran atəşkəs razılaşmasından çıxacaq. Yarırəsmi "Fars" agentliyi isə İsrailin bombardmanları nəticəsində İranın Hörmüz boğazından neft tankerlərinin hərəkətini dayandırdığını yazıb.

Pakistanın baş naziri Şahbaz Şərif deyib ki, atəşkəs razılaşması Livanı da əhatə edir. İsrailin baş naziri Binyamin Netanyahu isə bunun əksini bildirib.

ABŞ-nin PBS ictimai yayım qurumunun Ağ ev üzrə müxbiri X-də yazıb ki, ABŞ prezidenti Donald Tramp aprelin 8-də ona Livanın razılaşmaya salınmadığını deyib, çünki orada ABŞ-nin terror təşkilatı kimi tanıdığı "Hizbullah" fəaliyyət göstərir.

Emmanuel Makron

Makron: Atəşkəs Livanı da əhatə etməlidir

Fransa prezidenti Emmanuel Makron İran prezidenti Məsud Pezeşkian və ABŞ lideri Donald Trampla ayrı-ayrılıqda danışdığını bildirib, onlara atəşkəsi qəbul etməyin ən doğru mümkün qərar olduğunu deyib.

Makron həmçinin atəşkəsin Livan daxil, bütün münaqişə bölgələrini əhatə etməsini istədiyini vurğulayıb.

"Bu, atəşkəsin etibarlı və davamlı olması üçün zəruri şərtdir", – Makron X-də yazıb.

Makron Qətər, BƏƏ, Livan və İraq liderləri ilə də danışdığını bildirib.

ABŞ və İranın ikihəftəlik müvəqqəti atəşkəs elan etməsindən bir gün keçməmiş qeyri-sabitlik yaranıb: İsrail Livanda İranın müttəfiqlərinə qarşı geniş hücumlar həyata keçirib, Tehran enerji obyektlərinə zərbələr endirildiyini iddia edib və Fars körfəzi ölkələrindəki neft mərkəzlərinə hücum həyata keçirib.

Cey Di Vens

Vens: İran atəşkəsi səhv anlayıb

ABŞ-nin vitse-prezidenti Cey Di Vens deyib ki, onun fikrincə, İran Pakistanın vasitəçiliyi ilə əldə olunan atəşkəs razılaşmasının şərtlərini səhv anlayıb, Livanın da bu razılaşmaya daxil olduğunu düşünüb.

Vens aprelin 8-də Budapeştdə jurnalistlərə deyib ki, İran neft və qaz daşınması üçün əsas marşrut olan Hörmüz boğazını açmalıdır.

"İranlıları danışıqlara ciddi yanaşmağa çağırıram", – deyə Vens xəbərdarlıq edib ki, Tehran razılaşmanı pozarsa, ciddi nəticələrlə üzləşəcək. O, aprelin 10-da İslamabadda planlaşdırılan danışıqlarda ABŞ nümayəndə heyətinə rəhbərlik edəcək.

Vitse-prezidentin sözlərinə görə, razılaşmanın əsas məqamlarından biri ABŞ-nin atəşkəs və danışıqlara razılaşması, İranın isə Hörmüz boğazını açmağa razılıq verməsidir. Fevralın 28-də ABŞ və İsrailin hava zərbələrindən sonra Tehran boğazı faktiki bağlamışdı.

"Fikrimcə, iranlılar düşünüblər ki, atəşkəs Livanı da əhatə edir, amma belə deyil. Əgər İran bu danışıqların Livan məsələsinə görə dağılmasını istəyirsə, bu onların seçimidir", – Vens bildirib.

O, detallı danışmasa da əlavə edib ki, "İsraillilər, bildiyimə görə, danışıqların uğurlu olması üçün Livanda özlərini müəyyən qədər cilovlamağa hazır olduqlarını bildiriblər".