İsrailin kəşfiyyat xidmətləri İranın ali təhlükəsizlik rəisi Əli Laricanini Tehranın yaxınlığında gizli məkanda digər rəsmilərlə bir arada tapıb və raket zərbəsi ilə vurub. Bu, martın 17-nə keçən gecə baş verib.
Elə həmin gecə İsrail sıravi iranlılardan "Bəsic" komandiri Qulamrza Süleymaninin müavinləri ilə birlikdə Tehranda meşəlik ərazidə çadırda qaldığını öyrənib. O da zərbə ilə qətlə yetirilib. "The Wall Street Journal" yazır ki, İsrail iki həftə öncə "Bəsic"in qərargahını partladandan sonra belə bir imkanı gözləyirdi, "Bəsic" üzvləri açığa çıxmalı olmuşdular.
Qəzet detallı hədəf siyahılarını nəzərdən keçirdiyi, rejimin qalan üzvlərinin aradan götürmək üçün böyük iş görüldüyünü yazır. Belə ki, İsrail təhlükəsizlik qüvvələrini qərargahlarından çıxarır, onları körpülərin altındakı gizli məkanlara sığınmağa vadar edir, bununla da fəaliyyətlərini pozur.
İsrail indiyədək minlərlə hədəfə 10 min sursat buraxdığını bildirib. Bu sıraya SEPAH, "Bəsic" və digər daxili təhlükəsizlik qüvvələrinə bağlı azı 2 min 200 hədəf daxildir. Minlərlə təhlükəsizlik əməkdaşının öldürüldüyü, yaxud yaralandığı güman edilir.
Sizin brauzer HTML5-i dəstəkləmir
İranla müharibə tezliklə bitəcəkmi
Məsuliyyət bölgüsü
Amma nəşr onu da qeyd edir ki, onilliklərin hərbi təcrübəsi hökuməti hava zərbələri ilə yıxmağın çətin olduğunu göstərib. İran rejimi bu müharibədən sağ çıxarsa, daha cəsarətli, daha təhlükəli ola bilər.
Müharibənin ilk günü, fevralın 28-də İsrail ali lider Əli Xameneini öz iqamətgahında qətlə yetirib. Qəzet ABŞ və İsrailin bundan sonra məsuliyyəti paylaşdığını yazır. ABŞ İran ordusu və sənayesi, İsrail isə daxili nəzarət strukturları ilə məşğul olmağa başlayıb.
Təhlükəsizlik qurumlarının müxtəlif obyektlərinə zərbələrlə yanaşı, İsrail kəşfiyyatçıları ayrı-ayrı komandirlərə, onların ailələrinə zəng vurur, üsyan olarsa, kənar durmağı tapşırırlar, əks halda təhdid edirlər. Qəzet bir telefon söhbətinin mətnini nəzərdən keçirdiyini yazır. İranın yüksəkrütbəli polis komandiri "Mossad" agenti ilə söhbətin sonunda deyir ki, "Mən sizin düşməniniz deyiləm. Artıq ölmüşəm. Xahiş edirəm, gəlib bizə kömək edin".
ABŞ və İsrail fevralın 28-dən İrana zərbələr endirməyə başlayıb. İran isə cavabında Körfəz ölkələrini, ABŞ-nin regiondakı baza və diplomatik missiyalarını vurur.