İsrailin müdafiə naziri İsrael Kats martın 17-də bildirib ki, İranın ali təhlükəsizlik rəhbəri Əli Laricani Tehrana hava zərbəsi nəticəsində həlak olub.
Hələlik, bu iddianı təsdiqləyəcək hər hansı dəlil təqdim olunmayıb.
İran isə bu açıqlamanı təkzib edən kimi görünür. Martın 17-də Laricaninin sosial media hesablarında isə onun əlyazısı olduğu bildirilən post paylaşılıb.
Sizin brauzer HTML5-i dəstəkləmir
Xameneinin 'B planı' – 'Ölkəni, faktiki olaraq, Əli Laricani idarə edir'
Laricani ilə bağlı xəbərdən öncə İsrailin Müdafiə Qüvvələri (SAXAL) İranın Bəsic yarımhərbi qüvvələrinin komandiri Qulamrza Süleymaninin qətlə yetirildiyini iddia edib. Onun martın 16-da Tehrana zərbələrlə hədəf alındığı açıqlanıb. Süleymani son 6 ildə Bəsicə komandirlik edirdi.
Bu məlumatı İran rəsmiləri nə təkzib, nə inkar edib.
Kats deyib ki, iki lider “cəhənnəmin dərinliklərində, şər oxundan çıxarılanlarla birlikdə məhvetmə proqramının rəhbəri Xameneiyə qovuşublar”. İsrailin baş naziri Benyamin Netanyahunun ofisi isə onun telefonda fotosunu yayıb, üstündə bu sözlər yazılıb: “Baş nazir Benyamin Netanyahu İran rejiminin aparıcı fiqurlarını məhv etmək əmri verir”.
ABŞ və İsrailin İrana hücumu artıq üçüncü həftəyə keçib, səngimək bilmir. Martın 17-də Yaxın Şərqdə bir neçə yerdə siren səsi eşidilib.
Bağdadda ABŞ səfirliyi İranın dron və raket zərbəsinə məruz qalıb. Səfirlik binasına azı bir dronun düşdüyü xəbər verilir.
BƏƏ-nin Füceyrə neft kompleksinə İranın yeni dron hücumunun olduğu bildirilir. Dohada da partlayışlar baş verib, Qətər raket hücumunu önlədiyini açıqlayıb.
Dünya neftinin təxminən beşdə birinin keçdiyi Hörmüz boğazı bağlı qalır. ABŞ prezidenti Donald Tramp dünya ölkələrini bu kritik su yolunun yenidən açılmasına kömək etməyə çağırıb. Amma bəzi ölkələrdən dəstək gəlməyib.
İranın Körfəzdə neft-qaz ölkələrini hədəf alması bir çox ölkədə enerji qiymətlərini yüksəldib.
Martın 17-də neftin bir neçə növünün qiyməti 5 faizədək qalxıb.