"İşçi Masası" Həmkarlar İttifaqları Konfederasiyasının üzvü Elvin Mustafayev 3 illik həbs cəzası başa çatdıqdan sonra azadlığa buraxılıb. Siyasi fəallar sosial şəbəkələrdə bu barədə məlumat yayaraq onun fotosunu paylaşıblar.
E.Mustafayev 2023-cü ilin avqustunda narkotik ittihamı ilə həbs olunaraq 3 il müddətinə azadlıqdan məhrum edilmişdi. İttihamları rədd edən fəal üzərindən narkotik tapılması barədə iddiaları "yalan" adlandırmış və ictimai fəaliyyətinə görə cəzalandırıldığını bildirmişdi.
2 iyul
Yaxınları: Elvin Mustafayev karsa salınıb
"İşçi Masası" Həmkarlar İttifaqları Konfederasiyasının üzvü Elvin Mustafayev saxlandığı 17 saylı Cəzaçəkmə Müəssisəsində cərimə kamerasına (kars) salınıb. Bu barədə onun yaxınları məlumat yayıb.
Məlumata görə, iyunun 30-da cərimə kamerasına yerləşdirilən E.Mustafayev buna etiraz olaraq iyulun 1-dən aclıq aksiyasına başlayıb. Yaxınları onun cərimə kamerasına salınma səbəbini öyrənə bilmədiklərini bildiriblər.
Onlar E.Mustafayevin azadlığa buraxılmasına 40 gündən az vaxt qaldığını vurğulayaraq, həbsxana rəhbərliyinin onu məqsədli şəkildə təxribata çəkməsindən ehtiyatlanırlar.
Hələlik sözügedən müəssisədən və Penitensiar Xidmətdən deyilənlərə münasibət almaq mümkün olmayıb.
8 iyun
Yaxınları: Elvin Mustafayev həbsxanada yeni cinayət işi ilə hədələnir
"İşçi Masası" Həmkarlar İttifaqları Konfederasiyasının üzvü Elvin Mustafayevin saxlanıldığı 17 saylı Cəzaçəkmə Müəssisəsində təzyiq və hədələrlə üzləşdiyi bildirilir.
Fəalın yaxınlarının yaydığı məlumata görə, E.Mustafayev cəzaçəkmə müəssisəsi rəhbərliyinin müxalifətçi Tofiq Yaqublunun səhhətinə qarşı münasibətini tənqid etdikdən sonra təzyiqlə üzləşib. Rəhbərliyin onu yeni cinayət işi açmaqla təhdid etdiyi iddia olunur.
9 il həbs cəzası alan Tofiq Yaqublu 2023-cü il dekabrın 14-dən həbsdədir. O, dələduzluq və saxta sənəd hazırlama maddələri ilə təqsirli bilinsə də, ittihamları qurama sayır. Bir müddət əvvəl dizindəki ağrılar səbəbindən sərbəst yeriyə bilmədiyi, lazımi tibbi yardımdan məhrum edildiyi vurğulanırdı.
Yaxınlarının sözlərinə görə, Mustafayev bundan əvvəl, mayın 9-da da müəssisədə zorakılığa məruz qalıb.
Əlavə olunduğuna görə, o, müxtəlif dövlət qurumlarına şikayət məktubları göndərmək istəsə də, müəssisə rəhbərliyi buna mane olub, bu səbəbdən tərəflər arasında gərginlik yaranıb.
Həmin gün Mustafayevin cəzasının çəkilməmiş hissəsinin şərti hesab olunması ilə bağlı müraciəti üzrə Bakı İstintaq Təcridxanasına aparılması gözlənirdi.
Yaxınlarının açıqlamasına görə, köçürülməzdən əvvəl ondan saqqalını qırxması tələb edilib, fəal bu tələbi qanunsuz sayaraq etiraz edib.
Yaxınlarının iddiasına görə, bundan sonra müəssisənin bir qrup əməkdaşı ona qarşı fiziki güc işlədib. Ardınca Mustafayev Bakı İstintaq Təcridxanasına köçürülüb.
Yaxınlarının bildirməsinə görə, E.Mustafayev həbs olunmazdan əvvəl də onurğa problemləri və protruziya diaqnozu səbəbindən müalicə alıb.
Müdafiə tərəfi baş verənlərlə bağlı prokurorluğa müraciət etmək niyyətindədir.
Rəsmi qurumlardan bu iddialara münasibət almaq mümkün olmayıb. Penitensiar Xidmət isə bundan əvvəl təcridxana və cəzaçəkmə müəssisələrində fiziki zor tətbiq edilməsi ilə bağlı şikayətləri əsaslı saymayıb.
E.Mustafayev 2023-cü ilin avqustunda narkotik ittihamı ilə həbs edilərək 3 il müddətinə azadlıqdan məhrum edilib. O, ittihamları rədd edir, üzərindən narkotik tapılması barədə yazılanları "yalan" adlandırır və ictimai fəaliyyətinə görə cəzalandırıldığını bildirir.
Fəal daha öncə xırda xuliqanlıq və polisə müqavimət göstərmə ittihamı ilə 25 sutka inzibati həbs cəzası almışdı.
Mustafayevin həbs müddətinin başa çatmasına cəmi iki ay qalır. Bu səbəbdən yaxınları həbsxanada ona qarşı hər hansı təxribat törədilə biləcəyindən narahatdırlar.
Xatırlatma
Hazırda "İşçi Masası" Həmkarlar İttifaqları Konfederasiyasının sədri Afiəddin Məmmədov, habelə Ayxan İsrafilov və Möhyəddin Orucov da fərqli ittihamlarla (bıçaqla xəsarət yetirmə, narkotik) həbsdədir. Onlar işçilərin hüquqlarını müdafiə etdiklərinə görə şərləndiklərini deyirlər. Hökumət rəsmiləri isə ölkədə heç kimin ictimai-siyasi fəaliyyətinə görə təqib olunmadığını, həbs edilənlərin konkret faktlar əsasında saxlanıldığını bildirirlər.