ABŞ-nin nəhəng yanacaqdolduran təyyarəsi qəza edib, havada toqquşma baş verdiyi ehtimal olunur. İraqın Kürdüstan vilayətində isə fransalı hərbçi öldürülüb.
ABŞ Mərkəzi Komandanlığı martın 13-də İraqda qəza edən KC-135 yanacaqdoldurma təyyarəsində dörd ekipaj üzvünün həlak olduğunu təsdiqləyib.
"İnsidentin baş verdiyi şərait araşdırılır. Ancaq təyyarə dost, yaxud düşmən atəşi ilə vurulmayıb", – məlumatda deyilir.
CENTCOM rəsmiləri ikinci təyyarənin İsrailə endiyini bildirirlər.
KC-135 ABŞ ordusunun havada yanacaqdoldurma missiyalarının mərkəzində dayanır, digər təyyarələrin eniş etmədən missiyalarını gerçəkləşdirməsinə imkan verir.
ABŞ hərbi rəsmiləri martın 2-də bildiriblər ki, üç F-15 qırıcısı Küveytdə bu ölkənin hava müdafiə sistemlərinin dost atəşi nəticəsində qəzaya uğrayıb. Qırıcıların altı ekipaj üzvünün hamısı katapult edərək paraşütlə yerə enmiş, sonradan xilasedicilər onları tapıb.
İraqda Fransa ordusunun CAESAR haubitsası.
Fransanın ilk təsdiqlənmiş itkisi
İraq Kürdüstanının Ərbil vilayətində dron hücumu zamanı Fransanın bir hərbçisi öldürülüb. Bunu Fransa prezidenti Emmanuel Makron təsdiqləyib.
"2015-ci ildən bəri DAEŞ-ə qarşı mübarizədə iştirak edən qüvvələrimizə bu hücum qəbuledilməzdir", – deyən Makron "İslam Dövləti" ekstremist qrupunun yerli adından istifadə edib.
"Fransa hərbçiləri İraqda yalnız terrorizmlə mübarizə çərçivəsində qalıblar. İrandakı müharibə belə hücumlara haqq qazandıra bilməz", – Makron əlavə edib.
Dronu kimin buraxdığı, haradan gəldiyi bəlli deyil. Fransa ordusu daha öncə ən azı altı hərbçisinin yaralandığını, onlardan birinin sonradan öldüyünü bildirmişdi.
ABŞ və İsrail İrana qarşı irimiqyaslı hava kampaniyasına başlayandan bəri ilk dəfədir Fransa hərbçisinin ölümü təsdiqlənir. Fransa ABŞ-İsrail hərbi əməliyyatlarında birbaşa iştirak etmir.
Tehran regiona cavab zərbələri endirsə də, bu hücuma görə İranın, yaxud İraqdakı müttəfiq yaraqlılarının məsuliyyət daşıyıb-daşımadığı bəlli deyil. İraqın bəzi bölgələrində "İslam Dövləti" və "əl-Qaidə" ekstremistləri də fəaldır.
İraqda İrana bağlı "Əshab əl-Kəhf" qruplaşması sonradan bildirib ki, regiondakı Fransa maraqları artıq hədəf sayılır.
İsrail xilasediciləri İranın raket zərbəsi yerində.
İran İsraili hədəfə alır
İran martın 13-nə keçən gecə yenidən İsraili raket atəşinə tutub. Ölkənin şimalında iki nəfərin yaralandığı bildirilir. Məlumatı Təl-Əviv rəsmiləri verib.
İsrailin baş naziri Binyamin Netanyahu fevralın 28-də müharibə başlayandan bəri ilk mətbuat konfransını keçirib. O, yenidən iranlılara Tehrandakı rejimi devirməkdə kömək göstərməkdən danışıb: "Gördüyümüz tədbirləri detallı açıqlamayacağam. Rejimi devirməyə optimal şərait yaradırıq, amma İran xalqının rejimi devirməyə nail olacağını tam əminliklə deyə bilmərəm, rejim daxildən devrilir. Amma biz kömək edə bilərik və edirik".
Bundan bir neçə saat sonra İran mediası paytaxt Tehranda partlayışlarla bağlı xəbər yayıb.
İsrail Livanda İranın müttəfiqi "Hizbullah" qüvvələrinə hücumları da davam etdirir, ordu Livanın cənubunda irəliləyir.
Səudiyyə Ərəbistanı isə hava məkanına daxil olan onlarla dronu vurduğunu açıqlayıb.
Jurnalistlər martın 13-nə keçən gecə Dubayın mərkəzi maliyyə rayonunda partlayışlar gördüklərini xəbər veriblər.
Türkiyənin dövlət mediası isə bildirib ki, martın 13-də NATO-nun Türkiyənin cənubundakı İncirlik hərbi hava bazasında sirena eşidilib. Hadisə ilə bağlı detallı məlumat açıqlanmayıb. İranın raket hücumu təsdiqlənsə, bu, müharibə başlayandan Türkiyənin hava məkanının üçüncü dəfə pozulması olacaq.