Martın 30-da ABŞ prezidenti Donald Tramp deyib ki, ABŞ və İsrailin İranla müharibəsini bitirmək üçün Tehranla razılaşma əldə olunmasa, Xarq adası tamamilə məhv edilə bilər.
Bu ada İran iqtisadiyyatında və qlobal enerji bazarlarında mərkəzi roldadır. İranın neft ixracının təxminən 90 faizi, əsasən, Çinə məhz Xarqdan daşınır, özü də sonuncu şahın dövründə qurulmuş infrastruktur ilə.
Xarq adasında şəhərcik
Xarq 1800-cü illərdə Fars körfəzində "ən mühüm strateji nöqtə" kimi təsvir olunurdu. Səbəbi isə onun Körfəzin başlanğıcında yerləşməsi, şirin su mənbələrinin olması idi.
1950-ci illərdə Xarq şaha qarşı çıxan dissidentlərin saxlandığı cəza koloniyası kimi istifadə olunub, daha sonra neft ixrac terminalı üçün məkan seçilib.
İranın əsas hissəsindən 31 kilometr aralıda yerləşən, günəşdən qızarmış mərcan adası ölkənin əsas neft ixrac mərkəzinə çevrilib. Onun ətraf sularının dərin, sahil sularının nisbətən sakit olmasının bunda rolu danılmazdır. Bu amillər nəhəng neft tankerlərinə adanın yaxınlığında lövbər salmağa, İran xam nefti ilə yüklənməyə, daha sonra Hörmüz boğazından keçərək dünya bazarlarına çıxmağa imkan verir.
Xarq adasında qaya üzərində qədim məqbərə.
İran yazıçısı Cəlal Ale-Əhməd 1959-cu ildə neft mərkəzinə çevrilməyə başlayan adanı ziyarət edib. O, iranlı və qərbli mühəndislərin rəhbərliyi ilə texnikanın köhnə Xarqı yer üzündən sildiyini yazıb.
Əlverişli coğrafiya
İranın əsas hissəsindən Xarqa təxminən 37 kilometrlik sualtı boru kəmərləri çəkilib, adada hər biri bir milyon barelə qədər neft saxlaya bilən anbarlar qurulub.
Adanın coğrafiyası elədir ki, cazibə qüvvəsi neftin mürəkkəb nasos sistemləri olmadan tankerlərə üzüaşağı axmasına imkan verir.
1970-ci illərdə Xarq adasında neft kəmərlərinin çəkilməsi.
Tikinti 1970-ci illərdə də davam edib, Xarqın qərb sahilləri yaxınlığında "dəniz adası" adlanan qurğu inşa olunub. Bu, ən böyük tankerlərin sualtı borular vasitəsilə yüklənməsinə şərait yaradıb.
Xarqda bəzi obyektləri qismən ABŞ-nin "Amoco" neft şirkəti idarə edirdi. 1979-cu il İslam inqilabından sonra İranın yeni hakimiyyəti onları ələ keçirib.
1990-cı ildə Tehran Xarqın neft infrastrukturu, bir neçə dəniz qazma yatağının müsadirəsinə görə "Amoco" şirkətinə yarım milyard dollardan çox kompensasiya ödəyib.
1960-cı illərdə Xarq adasında neft tankerləri.
"Tanker müharibəsi"
1984-cü ildə İran-İraq müharibəsi zamanı İraq Xarq adasındakı neft obyektlərinə zərbələr endirib, bu "tanker müharibəsi"ni qızışdırıb; o zaman hər iki tərəf bir-birinin neft daşıyan gəmilərinə hücum edirdi. 1980-ci illərdə İraqın Hərbi Hava Qüvvələri Xarqdakı obyektləri, demək olar, tamamilə dağıdıb.
İran-İraq müharibəsindən sonra təmir işləri aparılıb, obyektlər genişləndirilib. Xarqda gündə təxminən 1.5 milyon barel neft yüklənir. Bu, 2026-cı ilin aprel qiymətləri ilə təxminən 172 milyon dollar deməkdir.
Xarq adasında neft boru kəmərləri və saxlama çənləri.
Martın 13-də ABŞ Xarq adasında hərbi obyektlərə zərbələr endirib. Tramp bundan sonra deyib ki, "adadakı hər şeyi məhv etdik, neft olan ərazini çıxmaqla...".
Bu gün adada təxminən 8 min nəfərin yaşadığı güman olunur, İranın İnqilab Keşikçiləri Korpusu (SEPAH) adanı ciddi qoruyur.
Təhlilçilərə görə, Tehrana hər il on milyardlarla dollar gəlir gətirən Xarqda neft obyektlərinə hər hansı zərbə İran rejiminin fəaliyyətini iflic edər.
Lakin belə bir addım qlobal iqtisadiyyata da ciddi təsir göstərər, enerji qiymətləri onsuz da yüksəkdir.
Xarq adasının vəhşi təbiəti