İran ABŞ-ın qoyduğu yeni sanksiyalar pislədi

İranda peyk daşıyan "Simurq" raketinin sınağı, 27 iyul, 2017

Iran ABŞ-ın onun raket proqramına qoyduğu sanksiyaları pisləyib və proqramı "tam gücü ilə davam etdirəcəyini" bildirib.

Bu barədə iyulun 29-da İran Xarici İşlər Nazirliyinin sözçüsü Bahram Ghasemi bəyan edib.

Sanksiyaları "düşməncəsinə" atılmış addım adlandıran sözçü bunu İranla dünyanın güc dövlətləri arasında nüvə razılaşmasını sarsıtmağa yönəlmiş cəhd hesab etdiyini bildirib.

2015-ci ildə Tehranın mübahisəli nüvə proqramı ilə bağlı İranla ABŞ, Rusiya, Çin, Britaniya, Fransa və Almaniya arasında bağlanmış sazişə görə, İran uran zənginləşdrilməsini dayandırmalı, bunun əvəzində ona qarşı sanksiyalar yüngülləşdirilməli idi. Hazırda saziş qüvvədədir.

Buna da bax: İrana bağlı hakerlər kişiləri necə tora salıb

Ötən həftə ABŞ Konqresində qəbul edilmiş sanksiyalar İranla birlikdə Rusiya və Şimali Koreyanın raket proqramlarını da əhatə edir.

Sanksiyalara aid qanunda deyilir ki, İranın raket proqramı ilə əlaqəli insanlar və həmin insanlarla işbirliyi quranlara icbari cərimələr tətbiq olunacaq. Bu qanun İran İslam İnqilabı Keşikçiləri Korpusunu terror təşkilatı kimi səciyyələndirir və İrana qarşı silah embarqosu qoyulmasını nəzərdə tutur.

ABŞ prezidenti Donald Trump-ın qanunu imzalayacağı gözlənir.

ABŞ bildirir ki, bu sanksiyalar İranın "davamlı təxribatlarına", o cümlədən iyulun 27-də keçirdiyi raket sınağına cavabdır.