İran Omanın Hörmüz təklifini rədd edib

Hörmüz boğazında gəmilər

Tehran Omanın Hörmüz boğazında keçid marşrutlarının iki ölkə arasında bərabər bölünməsini nəzərdə tutan təklifini rədd edib. Bunu İranın xarici işlər nazirinin müavini Kazım Qəribabadi iyulun 28-də İran dövlət televiziyasına müsahibəsində deyib.

Qəribabadinin sözlərinə görə, Omanın təklifinə əsasən, boğazdakı marşrutun 50 faizi İranın, digər 50 faizi isə boğazın cənub sahilində yerləşən Omanın nəzarətində olmalı idi.

"Biz bildirdik ki, bu, İranın narahatlıqlarını aradan qaldırmır", – deyən Qəribabadi əlavə edib ki, Tehran bu məsələ ilə bağlı ABŞ ilə danışıqlar aparmağı planlaşdırmır. Onun sözlərinə görə, Hörmüz boğazı heç vaxt müharibədən əvvəlki vəziyyətinə qayıtmayacaq, əgər belə olarsa, "İranın müharibədə əldə etdiyi uğur natamam sayılacaq".

"Reuters" bundan əvvəl məlumatlı mənbəyə istinadla yazmışdı ki, Oman Hörmüz boğazının idarə olunması üçün birgə regional mexanizm yaratmaq təklifini İrana təqdim edib. Mexanizmin könüllü rüsum və ya tranzit ödənişləri əsasında fəaliyyət göstərməsi nəzərdə tutulur. Müharibədən əvvəl dünya üzrə neft və qaz daşımalarının beşdə biri bu boğazdan keçirdi.

Mənbəyə görə, region ölkələri Omanın təklifini dəstəkləyir.

Qəribabadi bildirib ki, Tehran boğazın İran sahilinə düşən hissəsində gəmiçiliyi tamamilə özü idarə etmək niyyətindədir. Omanın isə su yolunun yalnız öz sahilinə düşən müəyyən bir qismini idarə etməsi təklif olunub.

Oman hökuməti belə bir təklif irəli sürdüyünü hələlik təsdiqləməyib.