Azərbaycan Elm və Təhsil Nazirliyi İranın elm, tədqiqat və texnologiya naziri Hüseyn Simayi-Sərrafın Azərbaycandakı təhsil məsələləri ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.
Nazirliyin açıqlamasında İran nazirinin bəyanatının təəccüb və təəssüf doğurduğu vurğulanıb. Sözügedən addım Azərbaycanın daxili işlərinə "yersiz müdaxilə cəhdi" kimi xarakterizə edilib: "Heç kimə ölkəmizin daxili işlərinə, o cümlədən təhsil siyasətinə qarışmağa icazə verilmir və bu cür cəhdlərin qarşısı qətiyyətlə alınır".
Elm və Təhsil Nazirliyi İran rəsmilərinə başqa dövlətlərin daxili işlərinə qarışmaq əvəzinə, öz ölkələrinin problemləri ilə məşğul olmağı tövsiyə edib.
Açıqlamada rəsmi Tehranın yürütdüyü siyasət ucbatından hazırda İranda Azərbaycan dilində bircə məktəbin belə fəaliyyət göstərmədiyi, universitetlərdə də bu dildə dərslərin keçirilmədiyi vurğulanıb.
Nazirliyin məlumatına görə, İran əhalisinin təxminən 40 milyonunu köklü etnik azərbaycanlılar təşkil edir və onlar onilliklərdir öz ana dillərində təhsil almaq hüququndan məhrumdurlar.
Bəyanatda İran rəsmilərinə "onilliklərdir davam edən bu misli görünməmiş ədalətsizliyin aradan qaldırılması üçün tədbirlər görsünlər", – deyə çağırış edilir.
İran naziri nə deyib?
İranın elm naziri Hüseyn Simayi-Sərraf oktyabrın 22-də yaydığı videomüraciətdə Azərbaycandakı hicablı qızları İran universitetlərində oxumağa çağırıb və onlar üçün ölkəsinin qapılarının hər zaman açıq olduğunu bildirib.
Azərbaycan Nazirlər Kabineti sentyabrın 21-də dövlət məktəblərində şagirdlərin geyim formaları ilə bağlı qaydalara dəyişiklik edib. Bu addım ölkə daxilində birmənalı qarşılanmayıb, üstəlik, müsəlman əhalinin çoxluq təşkil etdiyi bir sıra qonşu ölkələrdə də müxtəlif səviyyəli tənqidlərə yol açıb.
Yeni qərara əsasən, şagirdlərin məktəbli formasından fərqli və ya təhsilin dünyəvilik prinsipinə zidd olan geyimlərdən istifadəsinə icazə verilmir.
Qərarda "dünyəvilik prinsipinə uyğun olmayan" geyim elementlərinin nələrdən ibarət olduğu dəqiq göstərilməsə də, sonradan istər paytaxtda, istərsə də bölgələrdə bəzi hicablı şagird və müəllimlərin məktəb binalarına buraxılmaması ilə bağlı şikayətlər yayılmağa başlayıb.
Son günlər bir neçə məktəbdə valideynlərin və şagirdlərin etiraz aksiyaları keçirdiyi, dərsləri boykot etdiyi məlum olub. Azərbaycan Daxili İşlər Nazirliyi isə oktyabrın 12-də açıqlama yayaraq, vahid geyim forması qaydalarının tətbiqinə mane olmağa və "ictimai asayişi kobud şəkildə pozmağa çalışan" 37 nəfərin saxlanıldığını, faktla bağlı cinayət işi açıldığını bildirib.
Bəzi hüquq müdafiəçiləri isə saxlanılanların sayının daha çox olduğunu iddia edirlər.
Pezeşkiana ana dilində təhsil çağırışı
Bu arada Azərbaycanda fəaliyyət göstərən bir sıra qeyri-hökumət təşkilatı (QHT) İran prezidenti Məsud Pezeşkianı bu ölkədə yaşayan azərbaycanlıların ana dilində təhsil alması üçün təşəbbüs göstərməyə çağırıb. "İran İslam Respublikasında yaşayan azərbaycanlıların ölkə Konstitusiyasında təsbit olunmuş ana dilində təhsil imkanlarının təmin edilməsi istiqamətində qətiyyətli və əməli addımların atılmasına şəxsən təşəbbüs göstərəsiniz", – deyə onlar müraciətdə öz istəklərini ifadə ediblər.
Hələlik istər bu müraciətə, istərsə də Elm və Təhsil Nazirliyinin açıqlamasına İranın rəsmi qurumlarından münasibət öyrənmək mümkün olmayıb.
İran Konstitusiyası orada yaşayan milyonlarla azərbaycanlının ana dilində təhsil almaq hüququnu tanısa da, real həyatda bu hüququn təmin edilmədiyi bildirilir.
Azərbaycan-İran münasibətləri
Azərbaycan-İran əlaqələri 2023-cü ilin yanvarında Azərbaycanın Tehrandakı səfirliyinə edilən və bir nəfərin həlak olması ilə nəticələnən silahlı hücumdan sonra kəskin şəkildə pisləşmişdi. Sonrakı dövrdə münasibətlərdə müəyyən yumşalma yaranıb, hətta tərəflər birgə hərbi təlimlər də keçiriblər.
Lakin regional geosiyasi proseslər fonunda yenidən müəyyən böhranlar baş qaldırıb. Xüsusilə 2026-cı ilin martında İsrail və ABŞ-nin İranla hərbi toqquşmaları zamanı Azərbaycanın Naxçıvan bölgəsinə dronların düşməsi iki ölkə arasındakı əlaqələri yenidən sınağa çəkib. Prezident İlham Əliyev bu hadisəni "terror aktı" kimi pisləyərək İrandan rəsmi üzrxahlıq tələb edib. Tehran isə qonşu dövlətləri hədəf almadığını bəyan edərək hadisə ilə bağlı araşdırma aparılacağını bildirib. Bu gərginliyə görə dayandırılan yük daşımaları yalnız iki ölkə liderinin telefon danışığından sonra bərpa olunub, ardınca isə Azərbaycan İrana humanitar yardım göndərib.