2026, 17 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 09:44

Ərdoğan Azərbaycana gəlib

Əliyev  Ərdoğanı Füzuli Beynəlxalq Hava Limanında qarşılayır
Əliyev Ərdoğanı Füzuli Beynəlxalq Hava Limanında qarşılayır


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycana gəlib.

AZƏRTAC-ın xəbərinə görə, Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısını Azərbaycan Prezidenti İlham Əliyev qarşılayıb.

Sonra Şuşa şəhərində onların təkbətək görüşü keçirilib.

Daha sonra da Türkiyə və Azərbaycan prezidentləri mətbuata bəyanatlar veriblər.

Əliyev Türkiyə ilə münasibətlər barədə: Heç kimə imkan vermərik ki, bizim aramıza girsin

"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin, yaxud da öz şəxsi maraqları naminə bizim birliyimizə, qardaşlığımıza, həmrəyliyimizə kölgə salsın".

Elə bu fikirləri də Prezident Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata bəyanatında səsləndirib.

Erdoğan isə deyib ki, Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər zamanın sınağından keçib: "Əlaqələrimiz ortaq keçmişimizdən güc alır. Qardaşlığımız dil, tarix və mədəniyyətin ümumiliyinin hüdudlarını çoxdan aşıb. Məhz buna görə bu gün Bakı ilə Ankaranın sevincini bir-birindən ayırmırıq”.

Ərdoğan vurğulayıb ki, Ankara ilə Bakı arasındakı qardaşlığı zəiflətməyə çalışanlar heç vaxt məqsədlərinə nail ola bilməyəcəklər.


05.112026

Ərdoğan Zəfər Günündə Azərbaycana gəlir

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana səfər etməyi planlaşdırdığını açıqlayıb.

Türkiyə mediasının yaydığı məlumata görə, dövlət başçısı jurnalistlərin suallarını cavablandırarkən bu barədə danışıb.

"Noyabrın 8-də Azərbaycanda Zəfər Günü qeyd olunur. Fövqəladə bir vəziyyət yaranmasa, həmin tarixdə Azərbaycana səfər etməyi düşünürəm. İnşallah, bu səfər çərçivəsində lazımi addımları atmaq imkanımız olacaq", – deyən Ərdoğan Azərbaycan prezidenti İlham Əliyevlə telefonla danışdığını əlavə edib: "Hər zaman söyləyirəm, Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər klassik diplomatik təmasların çox fövqündədir. İki ölkənin qırılmaz bağı ortaq tariximizin, mədəniyyətimizin, taleyimizin və inşallah, gələcəyimizin məhsuludur. Türkiyə-Azərbaycan qardaşlığının aşa bilməyəcəyi heç bir maneə yoxdur".

Prezident Əliyev ötən ay (29–30 oktyabr 2026-cı il) Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) 13-cü Zirvə görüşündə iştirak etməmişdi. Bir çox siyasi təhlilçilər bu addımı son aylarda iki ölkə arasındakı münasibətlərin bir qədər soyuması ilə əlaqələndirirdilər.

Azərbaycanda Zəfər Günü 2020-ci ilin 44 günlük müharibəsində torpaqların böyük hissəsinin işğaldan azad edilməsi münasibətilə qeyd olunur. Ardınca, 2023-cü ildə keçirilən birgünlük hərbi əməliyyatla Bakı ölkənin bütün ərazisində suverenliyini tam bərpa edib.

XİN 31 Türkiyə vətəndaşını 'arzuolunmaz şəxslər' saydı, sonra prezidentlər danışdılar

Oktyabrın 21-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan prezidenti İlham Əliyevə zəng edib.

Azərbaycan Prezidentinin Mətbuat Xidmətinin məlumatına görə, telefon danışığı zamanı dövlət başçıları ikitərəfli münasibətləri, həmçinin regional və qlobal məsələləri müzakirə ediblər.

Söhbət əsnasında "Rəcəb Tayyib Ərdoğan Azərbaycan ilə Türkiyə arasında qardaşlıq münasibətlərinə əsaslanan əməkdaşlığın bundan sonra da daha yüksək səviyyəyə qalxacağına əminliyini vurğulayıb".

Türkiyə lideri Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının 13-cü Zirvə Görüşünə dəvət edib.

İ.Əliyev də öz növbəsində "Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini ifadə edib".

Türk Dövlətləri Təşkilatının (TDT) sözügedən 13-cü Zirvə toplantısı 29-30 oktyabr tarixlərində Ankarada baş tutacaq.

Əli Satan: "Ərdoğan və Əliyev arasındakı bağlar zənn ediləndən qat-qat dərindir"

"Türkiyə ictimaiyyəti son günlər Azərbaycandan gələn bəzi xəbər və şərhləri təəccüblə qarşılayır".

Mövzunu AzadlıqRadiosuna şərh edən Marmara Universitetinin professoru Əli Satan bildirib ki, iki ölkənin media və ictimai məkanında yaşanan bu gərginliyin pərdəarxası mahiyyətini kimsə tam bilmir, hazırda cərəyan edən proseslərə məna vermək olduqca çətindir.

Ə.Satan xatırladır ki, 30 il boyunca hər iki dövlət Qarabağı işğaldan azad etmək üçün tam bir əməkdaşlıq, güc birliyi və hədəf ortaqlığı şəraitində çalışıb: "Azərbaycan və Türkiyənin bu sarsılmaz birliyi regiona təkcə sülh gətirməklə qalmayıb, həm də iqtisadi sabitlik və inkişaf potensialını son 100 ilin ən əlverişli səviyyəsinə çatdırıb".

Onun təxmininə görə, bu müsbət gedişatdan narahat olan bəzi kənar dairələrin mövcudluğu istisna deyil: "Həm Azərbaycanda, həm də Türkiyədə həmin qüvvələrin ictimai rəyi manipulyasiya etmək imkan və qabiliyyətləri var".

Ancaq professor vurğulayır ki, tərəflər arasında zənn ediləndən qat-qat dərin və güclü bağlar mövcuddur: "Eyni zamanda, dövlət başçılarının zəngin siyasi təcrübəsi bu cür süni rəy əməliyyatlarının öhdəsindən gələcək qədər dərindir".

Ərdoğanın Azərbaycanı suçlayan müşaviri istefa verdi: 'Bir gülləylə iki quş vurdular'

No media source currently available

XİN 31 Türkiyə vətəndaşını 'arzuolunmaz şəxslər' siyahısına salıb – Aralarında deputatlar da var

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Türkiyənin 31 vətəndaşını "arzuolunmaz şəxslər" siyahısına daxil edib.

Bu barədə məlumatı oktyabrın 21-də Azərbaycan XİN yayıb.

Qərara səbəb kimi həmin şəxslərin müxtəlif sosial şəbəkə və internet platformalarında "Azərbaycanın suverenliyinə, milli təhlükəsizliyinə, konstitusiya quruluşuna, xalqına və rəhbərliyinə qarşı, hakimiyyətin zorla dəyişdirilməsinə, habelə dini radikalizm zəminində zorakılığa, dini nifrət və düşmənçiliyin qızışdırılmasına yönəlmiş açıqlamaları" əsas gətirilib.

Beləliklə, Yenidən Rifah Partiyasının sədri Fatih Erbakan da daxil olmaqla bəzi millət vəkillərinin, həmçinin prezident Ərdoğanın rəhbərlik etdiyi partiyanın (AK Parti) Boğaziçi Gənclik Qollarının sabiq sədri (2020–2025) Muharrem Çavuşun, bir çox jurnalist və yazarın Azərbaycan Respublikası ərazisinə girişinə qadağa qoyulub.

"Azərbaycanda demokratiyanın zərrəsi qalmayıb"

"Arzuolunmaz şəxslər" siyahısına salınan TBMM deputatı Ömər Faruk Gergerlioğlu "Facebook" səhifəsində yazıb ki, məsələ təkcə hicab qadağası ilə bitmir.

"Azərbaycanda demokratiyanın zərrəsi belə qalmayıb, insan hüquqlarının pozulması ağırlaşır, müxaliflərə, jurnalistlərə və hüquq müdafiəçilərinə qarşı təzyiqlər davam edir", – deyə o vurğulayıb.

19 oktyabr

Azərbaycan 7 Türkiyə vətəndaşını da axtarışa verib

Azərbaycanda hakimiyyəti zorla ələ keçirməyə çağırış ittihamı ilə Türkiyədə yaşayan əlavə 7 nəfər beynəlxalq axtarışa verilib.

Bu barədə oktyabrın 19-da Azərbaycan Baş Prokurorluğunun Mətbuat xidməti məlumat yayıb.

Onlar dövlət əleyhinə açıq çağırışlar etməkdə və dini nifrət yayan materiallar paylaşmaqda təqsirləndirilirlər.

Həmin şəxslər arasında internet resursu təsisçisi, jurnal əməkdaşı, yazıçı, araşdırmaçı, hüquq bürosu rəhbəri, idmançı və "Facebook" istifadəçisi var.

Onlardan bəziləri, üstəlik, bu ay Azərbaycanın İstanbuldakı baş konsulluğu və Ankaradakı səfirliyi qarşısında keçirilən aksiyada bənzər çağırışlar etməkdə də ittiham olunurlar.

Binəqədi rayon Məhkəməsində həmin şəxslər barəsində qiyabi həbs-qətimkan tədbiri seçilib və onlar beynəlxalq axtarışa veriliblər.

Rəsmi açıqlamada adları çəkilən şəxslərdən, onların vəkillərindən və Türkiyənin rəsmi qurumlarından bu ittihamlara hələlik münasibət almaq mümkün olmayıb.

Türkiyədən cavab

Amma sonradan haqqında axtarış elan edilən şəxslərdən biri – Türkiyə vətəndaşı Ahmet Şanlı videomüraciət yayaraq məsələyə münasibət bildirib. O, Azərbaycanda barələrində çıxarılan qərarın heç bir hüquqi qüvvəsinin olmadığını (yox hökmündə olduğunu) deyib.

A.Şanlı sözlərinə belə davam edib: "Ünvanına deyilən ən kiçik tənqidə belə dözümü olmayan Əliyev hakimiyyətinin ölkədəki tənqidçilərlə necə davranacağını həm biz, həm də beynəlxalq ictimaiyyət çox aydın şəkildə görmüş oldu".

O, bu tənqidlərin ifadə azadlığı kimi dəyərləndirilməli olduğunu bildirib.

16 oktyabr

Baş Prokurorluq türkiyəli jurnalisti ağır cinayətlərdə ittiham edir

Azərbaycanda hakimiyyətin və konstitusiya quruluşunun zorla dəyişdirilməsi, eləcə də dini nifrət və düşmənçiliyin salınması iddiaları ilə bağlı cinayət işi açılıb.

Bu barədə məlumatı oktyabrın 16-da Baş Prokurorluğun mətbuat xidməti yayıb.

Məlumata görə, sosial şəbəkələrdə müxtəlif şəxslərin, o cümlədən "Şanlıurfa Olay" qəzetinin köşə yazarı, 1975-ci il təvəllüdlü Türkiyə vətəndaşı Celal Çiftçinin paylaşımları araşdırılıb. Araşdırmaya onun Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə və dini nifrətin qızışdırılmasına yönələn materiallar yayması barədə prokurorluğa daxil olan məlumatlar səbəb olub.

Vurğulanır ki, Nazirlər Kabinetinin 21 sentyabr qərarından sonra ölkədə çevrilişə, dövləti zorla devirməyə və dini nifrəti qızışdırmağa çağıran radikal məzmunlu materialların təkrarən paylaşıldığı müəyyən edilib.

Bununla əlaqədar, oktyabrın 16-da Cinayət Məcəlləsinin 281.2 (hakimiyyətin zorla ələ keçirilməsinə və konstitusiya quruluşunun dəyişdirilməsinə yönələn açıq çağırışlar təkrar törədildikdə), 283.2.1 (zor tətbiq etməklə dini nifrətin salınması) və 167-3.1-ci (dini ekstremizmə çağıran materialların hazırlanması, saxlanması və yayılması) maddələri ilə cinayət işi başlanıb: "Celal Çiftçi iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində beynəlxalq axtarış elan edilib. Hazırda həm onun, həm də digər şəxslərin barəsində zəruri istintaq hərəkətlərinin aparılması üçün Türkiyənin səlahiyyətli orqanlarına beynəlxalq hüquqi yardım sorğuları göndərilir, eləcə də beynəlxalq əməkdaşlıq çərçivəsində digər addımlar atılır".

Hələlik sözügedən açıqlamaya C.Çiftçidən, onun yaxınlarından və ya Türkiyənin rəsmi qurumlarından münasibət öyrənmək mümkün olmayıb.

'Leylini qoy məktəbə getsin' təşəbbüsünün fəalı 1 aylıq həbs edilib

İctimai fəal İlkin Hüseynovun polisin qanuni tələbinə tabe olmamaqda təqsirli bilinərək 1 aylıq inzibati həbs cəzası aldığı bildirilir.

Bu barədə məlumatı onun yaxınları yayıblar. Amma xəbəri rəsmi qurumlardan dəqiqləşdirmək mümkün olmayıb.

İki gün əvvəl – oktyabrın 14-də sosial şəbəkələrdə İ.Hüseynovdan xəbər almağın mümkün olmadığı barədə məlumatlar yayılmışdı. Həmin vaxt onun məktəblərə hicablı şagirdlərin buraxılmamasına etiraz olaraq yaradılan "Leylini qoy məktəbə getsin" təşəbbüsü ilə bağlı saxlanıla biləcəyi ehtimal edilirdi.

Məlumatlara görə, oktyabrın 14-də saat 16:00 radələrində fəalın Bakıdakı evinə naməlum şəxslər gəlib və o, həmin şəxslərlə birlikdə evdən çıxıb

"Leylini qoy məktəbə getsin" təşəbbüsünün məktəblərə buraxılmayan hicablı şagirdlərin təhsildən kənarda qalmaması üçün müəllimlərin onlara dərs keçməsinə şərait yaradan bir platforma olduğu bildirilirdi.

Hicab aksiyalarında saxlanılanların yaxınları: 'Məlumat ala bilmirik'

No media source currently available

14 oktyabr

Hicab etirazlarına görə sutkalıq həbs olunanlar var

Azərbaycanda məktəblərə hicablı şagirdlərin buraxılmamasına etiraz olaraq keçirilən aksiyalarda saxlanılanlardan bir neçəsinin inzibati qaydada həbs olunduğu bildirilir. Həmin şəxslərə 10, 25 və 30 sutkalıq cəzalar verilib.

Yerli medianın yaydığı məlumatlara görə, insidentlərin əksəriyyəti Abşeron rayonunda, xüsusilə Ceyranbatan qəsəbəsində qeydə alınıb. Eyni zamanda Göyçay, Goranboy, Masallı və Astara rayonlarında da bənzər hadisələrin yaşandığı vurğulanır.

Buna baxmayaraq, ümumilikdə neçə nəfərin saxlanıldığı, onlardan neçəsinin inzibati həbsə məhkum edildiyi və hansı maddələrlə ittiham olunduğu tam açıqlanmayıb. Həmçinin həbs edilənlərin adları və məhkəmə qərarlarının detalları da hələlik bəlli deyil.

Baş verənlərlə bağlı aidiyyəti rəsmi qurumlardan, yaxud saxlanılan şəxslərin yaxınlarından münasibət öyrənmək mümkün olmayıb.

12 oktyabr

DİN: 37 nəfər həbs edilib

Daxili İşlər Nazirliyi dövlət ümumi təhsil müəssisələrində vahid geyim forması qaydalarının tətbiqinə mane olmağa və "ictimai asayişi kobud şəkildə pozmağa çalışan" 37 nəfərin saxlanıldığını bəyan edib. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

"Tədbirlərin əsas məqsədi... nəqliyyatın hərəkətinə maneçilik yaradılmasının və təhsil müəssisələrinin normal fəaliyyətinin pozulmasının qarşısını almaq, şagirdlərin, müəllimlərin və digər vətəndaşların təhlükəsizliyini qorumaqdır", - məlumatda bildirilir.

Azərbaycan Nazirlər Kabineti dövlət məktəblərində şagirdlərin geyim formaları ilə bağlı qaydalara sentyabrın 21-də rəsmi dəyişikliklər edib. Yeni qərara əsasən, şagirdlərin məktəbli formasından fərqli və ya təhsilin dünyəvilik prinsipinə zidd olan geyimlərdən istifadə etməsinə yol verilmir.

Qərarda "dünyəvilik prinsipinə uyğun olmayan" geyim elementlərinin konkret olaraq nələri əhatə etdiyi açıqlanmır. Bir sıra təhlilçilər bu ifadənin həm də hicaba şamil ediləcəyini söyləyiblər. Odur ki, dəyişikliklər bəzi insanların narazılığına səbəb olub. Ardınca da istər Bakıda, istərsə də bölgələrdə bəzi məktəblərə hicablı şagird və müəllimlərin dərslərə buraxılmadığı ilə bağlı şikayətlər eşidilib.

Son günlər isə bununla bağlı bir çox məktəblərdə valideynlərin və şagirdlərin etiraz aksiyası keçirdikləri, dərsləri boykot etdikləri bəlli olub.

Məsələ ilə bağlı saxlanılan şəxslərin yaxınları ilə danışmaq mümkün olmayıb.

​
XS
SM
MD
LG