İranlıların həftəlik alış-veriş siyahıları getdikcə qısalır.
"Əvvəlcə meyvədən, sonra süd məhsullarından, daha sonra isə vacib olmayan hər şeydən imtina edirik", – paytaxt Tehranda yaşayan bir qadın AzadlıqRadiosunun "Radio Fərda" xidmətinə göndərdiyi səsli mesajda deyib.
İranın ABŞ və İsraillə müharibəsi beş aydır gedir və milyonlarla iranlı münaqişənin iqtisadi fəsadları ilə üzləşib. 90 milyon əhalisi olan ölkə iqtisadi çöküşün astanasına çatıb.
Müharibədən əvvəl böhran son həddə idi. İnflyasiya sürətlə artır, milli valyuta kəskin ucuzlaşırdı. O zaman yüz minlərlə iranlı iqtisadi problemlərdən dolayı küçələrə çıxdı. Sonradan onlar "Xameneiyə ölüm" şüarları səsləndirdilər. Ali lider Xamenei fevralın 28-də ABŞ və İsrailin ilk zərbələrində öldürüldü. Etirazların amansızlıqla yatırdılması nəticəsində azı 6 min nəfər öldürülüb. Bunu insan haqları qrupları sənədləşdirib, real rəqəmlərin daha yüksək olduğu bildirilir.
Hazırda İranda işsizlik yüksəlib, ərzaq, dərman, kommunal xidmətlərin qiyməti artıb.
Tehranda yaşayan başqa bir qadın əsas ərzaq məhsullarının qiymətlərinin, demək olar ki, hər gün artdığını deyib.
Ötən həftə bir kiloqram kartof 540 min rial (0.39 dollar) idisə, bu gün 720 min riala (0.52 dollar) qalxıb. Bir həftə ərzində 30 ədədlik bir qutu yumurtanın qiyməti 4 milyon rialdan (2.90 dollar) 5.7 milyon riala (4.15 dollar) yüksəlib. Tehranda çörəyin qiyməti ötən illə müqayisədə iki dəfə artıb.
"Meyvədən heç danışmayım, çox bahadır. Sadəcə, almağa pulumuz yoxdur. Ay bitməmiş pulumuz qurtarır", – qadın "Radio Fərda"ya göndərdiyi səsli mesajda söyləyib.
İranda minimum aylıq əməkhaqqı təxminən 100 dollardır. İran mediasının məlumatına görə, orta hesabla dördnəfərlik ailə indi gəlirinin təxminən 70 faizini əsas ərzaq məhsullarına xərcləyir.
48 yaşlı qadın təhlükəsizlik səbəbindən adının açıqlanmasını istəməyib, "bir çox iranlı səssizcə ölümə doğru gedir" deyə əlavə edib: "Özümə ümidim qalmayıb. Məni narahat edən yalnız övladımın gələcəyidir, çünki onların gələcəyi yoxdur".
Tehran bazarı
İqtisadi təzyiq
Bu arada Vaşinqton Tehranın ən mühüm gəlir mənbələrini hədəfə alaraq ona iqtisadi təzyiqi artırır. ABŞ İran limanlarına və gəmilərinə qarşı dəniz blokadası tətbiq edib.
ABŞ Maliyyə Nazirliyi Tehranın xarici valyutaya və beynəlxalq maliyyə bazarlarına çıxışını daha da məhdudlaşdırıb, İrana yeni sanksiyalar açıqlayıb.
Müşahidəçilərin fikrincə, ABŞ prezidenti Donald Tramp ümid edir ki, sanksiyaların və dəniz blokadasının yaratdığı təzyiq İranı ABŞ-nin şərtləri əsasında sülh sazişi imzalamağa vadar edəcək.
Ancaq bu strategiyanın nəticə verib-verməyəcəyinin aydın olmadığını da vurğulayırlar. Belə ki, Tehran əsas tələblərindən geri çəkilməyib. Müharibənin əvvəlindən bəri Hörmüz boğazını bağlı saxlayan Tehran bu strateji su yoluna nəzarətin hələ də özündə olduğunu bəyan edir.
İranın "Axilles dabanı"
İndilik bilinən odur ki, ABŞ-nin tədbirləri İrandakı iqtisadi böhranı daha da dərinləşdirir. Belə ki, İranın neft idxalı faktiki dayanıb. Hakimiyyət yanacaq və elektrik enerjisini normayla verir, xarici valyutaya çıxışı məhdudlaşdırır. Beynəlxalq Valyuta Fondunun proqnozuna görə, bu il ümumi inflyasiya təxminən 69 faizə çatacaq. Bu, 1979-cu il İslam İnqilabından bəri ən yüksək göstəricidir.
"İranın iqtisadiyyatı onun "Axilles dabanı"dır. Müharibədən əvvəl də İran iqtisadiyyatı ciddi problemlər içində idi, ağır staqflyasiya və h'tta potensial hiperinflyasiya mərhələsinə qədəm qoyurdu", – Londonda yaşayan iqtisadi analitik Məsumə Tahirxani "Radio Fərda"ya deyib.
Onun sözlərinə görə, müharibə və dəniz blokadası İranı daha dərin böhrana salıb və bunun ən ağır bədəlini zəruri malların qıtlığı və subsidiyaların ixtisarı ilə sıravi iranlılar ödəyəcəklər: "Mövcud gedişatla ölkə iqtisadiyyatı bir ildən də az müddətdə dərin bir çöküşün astanasına gələ bilər".
"Sabahı planlaşdırmaq artıq mümkün görünmür. Pul toplamaq ələkdə su saxlamaq kimidir; pulun dəyəri durmadan əriyir", – Tehranda yaşayan qadın söyləyib.