İranlılar tarixdə ən uzun internet blokadası ilə üzləşiblər. Hakimiyyət yanvarın 8-də etirazçılara qanlı divan tutmağa başlayandan ölkədə rəqəmsal blokada tətbiq edib.
Həftələrlə çəkən nümayişlər, əsasən, yatırılıb. Amma internetə çıxışın bərpa olunub-olunmayacağı sual altındadır.
İnternet yoxdur, intranet var
AzadlıqRadiosunun İran üzrə yazarı Kian Şərifi qeyd edir ki, hətta xidmətlər bərpa olunsa belə, iranlıların qlobal internetlə bağlantısı həmişəlik kəsilə bilər, çünki hakim orqanlar vətəndaşları "intranet" adlı daxili şəbəkədən istifadəyə məcbur edir. Bu isə dünya internetindən ayrı işləyir.
"NetBlocks" internetə monitorinq təşkilatı yanvarın 20-də bildirib ki, hökumət "ağ siyahı" əsasında bağlantıya keçidi sınaqdan keçirə bilər. Bu, bir internet senzurasıdır, qlobal internetə çıxış əsasən bloklanır, bəzi təsdiqlənmiş vebsaytlara, tətbiqlərə və xidmətlərə çıxışa icazə verilir.
Texasda yerləşən "Miaan Group"a bağlı "Filterbaan" İran üzrə rəqəmsal hüquqlar təşkilatı bildirir ki, islam respublikasının internet siyasəti mütləq blokadaya keçib, çıxış yalnız selektiv əsasda verilir.
Bir hökumət rəsmisi isə yanvarın 19-da internetə çıxışın həftəsonunadək normala qayıdacağını vəd edib. "IranWire" isə yanvarın 15-də xəbər verib ki, hökumət sözçüsü Fatimə Mühacirani jurnalistlərə beynəlxalq internetə çıxışın azından martadək olmayacağını deyib.
İnternetin davamlı kəsilməsi İranda rəqəmsal iqtisadiyyata böyük ziyan vurub. İranın Onlayn Biznes Assosiasiyasının katibi Rza Ülfət Nəsəb deyib ki, kiçik və böyük müəssisələrə 400 trilyon rial (286 milyon dollar) maddi ziyan dəyib.
Tehranda qadın mobil telefonunu yoxlayır.
Blokada tarixçəsi
İran 2009-cu ildən bəri sosial media platformalarına çıxışı tənzimləyir. Həmin il populist prezident Mahmud Əhmədinejatın mübahisəli şəkildə təkrar seçilməsi kütləvi etirazlara səbəb olmuşdu.
2019-cu ilin noyabrında yanacağın qəfil bahalanmasına etirazlar vaxtı İran hakimiyyəti ilk dəfə interneti ölkə səviyyəsində blokladı. Onda da nümayişçilərə zorakı divan tutulmuşdu.
2022-ci ildə aylarla çəkən "Qadın, Həyat, Azadlıq" etirazlarında da internetin işində fasilələr yaranıb.
Sərt xətt tərəfdarları rəqəmsal blokadanı dəstəkləyirlər, bunu iğtişaşlar zamanı milli təhlükəsizliyin qorunması üçün vacib sayırlar.
Hətta hakim orqanlar internetə çıxışı bərpa etsələr belə, Instagram, WhatsApp, Telegram kimi populyar sosial media tətbiqlərinə çıxışın qaytarılmayacağı görünür.
"Ölkədə mövcud şərtləri nəzərə alsaq, xarici mesajlaşma tətbiqlərinə çıxışı bərpa etməyin yeri yoxdur", – bunu İranın Rəqəmsal Transformasiya Komissiyasının başçısı Əhməd Nirumənd deyib.
İran hakimiyyəti illərdir əhalini yerli sosial media tətbiqlərindən istifadəyə həvəsləndirir, populyar xarici alternativlərə çıxışı məhdudlaşdırır, amma bu addımlar o qədər də uğurlu olmayıb. Xarici sosial media tətbiqləri populyarlığını saxlayır, iranlıların çoxu VPN-dən istifadə etməklə hökumətin nəzarətindən yan keçə bilir.
Dövlət Departamenti interneti dəstəkləyir
ABŞ Dövlət Departamenti yanvarın 20-də X platformasında iranlıların internetə çıxışını dəstəklədiyini bildirib.
Açıqlamada deyilir ki, Vaşinqtonun İrana "maksimum təzyiq kampaniyası" xalqa deyil, hökuməti hədəfləyir, buna görə də əhalinin əlaqə qurmasına köməklik göstərən internet, rabitə və texnologiyalar sanksiyalardan azaddırlar.
"Biz əlçatanlığı dəstəkləməyə davam edəcəyik", – paylaşımda vurğulanır.
İranda son etirazlar kəskinləşəndən hakimiyyət interneti, demək olar, tam blokadaya alıb. Bu durum 300 saatdır davam edir.