İranda internet bloklanıb

Tehran. 28 fevral, 2026-cı il

ABŞ və İsrailin koordinasiyalı hava zərbələri fonunda İranda internet tamamilə kəsilib.

"NetBlocks" qlobal internetin monitorinqi qrupunun məlumatına görə, fevralın 28-də ölkədə internet bağlantısı həmişəki səviyyənin 4 faizinə düşüb, hərbi əməliyyatlar şiddətləndikcə informasiya axını ciddi məhdudlaşıb.

İranın bir neçə xəbər saytı, o cümlədən rəsmi IRNA agentliyi kiberhücumlara məruz qaldıqlarını bildirəndən az sonra bloklama başlanıb.

"NetBlocks" indiki kəsintinin ötən ilin iyununda İsraillə 12 günlük münaqişə zamanı İran hökumətinin tətbiq etdiyi tədbirlərlə üst-üstə düşdüyünü bildirir.

ABŞ prezidenti Donald Tramp İsraillə birgə İranda genişmiqyaslı döyüş əməliyyatlarına start verildiyini bəyan edib. Məqsəd İranın raket və nüvə infrastrukturunu sıradan çıxarmaqdır.

Tramp videomüraciətində deyib ki, məqsəd Amerika xalqına və müttəfiqlərə təhdidləri aradan qaldırmaqdır. O, İran ictimaiyyətinə müraciətlə "azadlıq saatınız yaxındır" deyib, hərbi mərhələ bitincə vətəndaşları hakimiyyəti ələ keçirməyə çağırıb. Bu isə əməliyyatın son məqsədinin İslam Respublikasının süqutu olduğunu göstərir.

Tehranda İslam Respublikasının rəhbərliyi hədəf alınıb. Raketlərin şəhərin mərkəzində ali dini rəhbər Əli Xamenei və prezident Məsud Pezeşkianın yaşadığı komplekslərə düşdüyü bildirilir. Agentliklər hər iki liderin təhlükəsiz məkanlara köçürüldüyünü, sağ olduğunu xəbər verib.

İsraildə fövqəladə vəziyyət elan olunub, İran regiondakı bazalara raket zərbələri endirib.