İranda etirazçılara ölüm hökmü çıxaran müəmmalı hakim

Məhəmməd Rza Təvəkküli

Hakim Məhəmməd Rza Təvəkküli o qədər də tanınmır. Barəsində bilinən sərt hökmlər çıxarmağa meylli olmasıdır. İran məhkəmə sisteminin "nümunəvi hakim" kimi təltif etdiyi Təvəkküli son aylar edam olunmuş onlarla siyasi məhbusun siyahısına daha 12 nəfəri əlavə edə bilər.

İyulun 5-də İran Ali Məhkəməsi Təvəkkülinin 12 nəfər barəsində çıxardığı ölüm hökmlərini qüvvədə saxlayıb. Onlar yanvarın 8-də İsfahanda etiraz aksiyaları zamanı xüsusi təyinatlı qüvvələrin əməkdaşlarını öldürməkdə ittiham olunurlar.

Edamlar istənilən vaxt həyata keçirilə bilər.

"Amnesty International" təşkilatının son hesablamasına görə, ABŞ və İsrailin fevralın 28-də İrana zərbələrindən sonra hakimiyyətin "müharibə şəraiti" dediyi dövrdə siyasi motivli 44 edam gerçəkləşdirilib. İyulun 15-də daha bir nəfər, yanvar etirazlarında iştirakına görə Məhəmməd Əmini Dəhaqani edam olunub.

Beləliklə, ölüm hökmlərinin böyük hissəsinə görə məsuliyyət hakim Təvəkkülinin üzərinə düşəcək. Radio Fərda yazır ki, onun əvvəlki fəaliyyəti nəzərə alınanda bu, təəccüblü görünmür.

İslam Respublikasının "nümunəvi hakim"i

İranın hakimiyyətə yaxın mediası Təvəkkülini "İslam Respublikasının nümunəvi hakimlərindən biri" adlandırıb. Onu məhkəmə sisteminin yüksək vəzifəliləri də dəfələrlə tərifləyib.

Amma onun tərcümeyi-halı barədə heç nə bəlli deyil. Harada, nə vaxt doğulduğu, harada təhsil aldığı açıqlanmayıb.

Rəsmi medianın məlumatına görə, Təvəkküli 2023-cü ilin noyabrında İsfahan Ümumi və İnqilab Məhkəmələrinin sədr müavini və İsfahan İnqilab Məhkəməsinin 1 saylı şöbəsinin hakimi təyin olunub.

O, 2024-cü ilin aprelində reper Tumac Salehiyə ölüm hökmü çıxaranda gündəmə gəlib.

33 yaşlı Salehi 2022-ci ildə İranın "Qadın, Həyat, Azadlıq" etirazlarını dəstəkləyən ifalarına görə həbs edilmişdi. Azadlığa buraxılandan sonra paylaşdığı videoda işgəncələrə məruz qaldığını bildirib, bundan dərhal sonra yenidən həbs olunub.

Bu iş Avropa və Şimali Amerikada etirazlara səbəb olub, Qərb siyasətçiləri Salehiyə açıq dəstək veriblər. Daha sonra yuxarı instansiya məhkəməsi ölüm hökmünü ləğv edib, o, azadlığa buraxılıb.

Konqresmenlər ona sanksiya tələb ediblər

İnsan haqları müdafiəçiləri bu işi Tehranın narazılara qarşı repressiyalarında "yeni aşağı hədd" adlandırıblar. ABŞ Konqresinin hər iki partiyasından 12 konqresmen Təvəkküliyə sanksiyalar tələb etsə də, bu baş verməyib.

Amma bu, onun çıxardığı ilk ölüm hökmü deyildi.

Təvəkküli 2020-ci ildə əvvəlki vəzifəsində 30 yaşlı Mustafa Salehini edama məhkum etmişdi. Salehi 2017-2018-ci illərdə İsfahanda etirazlar zamanı təhlükəsizlik qüvvələrinin əməkdaşını öldürməkdə ittiham olunurdu.

2024-cü ildə Təvəkküli bəhai icmasından 15 qadına dini etiqadlarını təbliğ etmək ittihamı ilə maksimum beş il həbs cəzası kəsib. Bu icma onilliklərdir İranda sistemli təqiblərə məruz qalır.

Həmin ilin dekabrında isə 22 siyasi təqsirləndirilənə İran qanunvericiliyindəki ən ağır cəzaları çıxarıb. Bu şəxslər dövlətə qarşı təbliğat aparmaqda, milli təhlükəsizliyi zəiflətməyə yönəlmiş qruplara üzvlükdə ittiham olunurdular.

Daha 12 ölüm hökmü

Təvəkkülinin son işi İranda "Əlixani meydanı işi" kimi tanınır.

Rəsmi media yanvarın 8-də İsfahanda ümumxalq etirazlarının qızğın vaxtında etirazçıların təhlükəsizlik qüvvələrinin dörd əməkdaşını öldürdüyünü iddia edən videogörüntülər yayıblar.

Dövlət televiziyası təqsirləndirilən şəxslərdən bəzilərinin təzyiq altında verdiyi görünən etirafları yayımlayıb.

Təvəkkülinin sədrliyi ilə keçirilən məhkəmədə ümumilikdə 59 nəfər mühakimə olunub. Onlardan 23 nəfərə 5 ildən 10 ilədək həbs cəzası verilib, 12 nəfər isə ölüm cəzasına məhkum edilib.

Təvəkküli bütün məhkəmə prosesini hər biri bir saat olmaqla üç iclasda başa çatdırıb. Təqsirləndirilən şəxslərin heç birinin vəkili olmayıb, məhkəmə sistemi ittihamlarla bağlı heç bir rəsmi sənəd dərc etməyib.

Ölüm hökmünə məhkum edilənlər 18 -24 yaş arasındadır. Onlardan bəziləri iddia olunan hadisələr vaxtı yetkinlik yaşına çatmamışdılar.