İran hökuməti etirazlarda ölənlərin siyahısını dərc edib

Tehran Vilayət Məhkəmə Ekspertizası və Laboratoriyası Mərkəzinin yaxınlığında cəsədlər.

İranın islahatçı prezidenti Məsud Pezeşkianın hökuməti son etirazlarda həlak olmuş 2 min 985 nəfərin adını və şəxsiyyət vəsiqəsinin nömrəsini dərc edib.

Fevralın 2-də bu siyahının dərci qəzet köşklərini kədərli xatirə guşələrinə çevirib. Bunun gerçək şəffaflıq, yoxsa daha böyük faciəni yumşaltmaq cəhd olması ətrafında müzakirələr yaranıb.

Siyahıda təxminən 3 min nəfərin adı var. Dövlətə yaxın qəzetlər adları birinci səhifələrində dərc edib, bunu hökumətin "cəsarətli" şəffaflığının sübutu kimi təqdim ediblər.

İnsan haqları təşkilatları, fəalların mövqeyincə, İslam Respublikası real itkilərin miqyasını ciddi azaltmağa çalışır.

Prezident administrasiyası rəsmi ölü sayını 3 min 117 nəfər göstərib. Bu rəqəmlə dərc olunmuş siyahı arasındakı fərq isə 131 meyitin kimliyinin müəyyən olunmaması ilə izah edilir.

"Genişmiqyaslı qırğının etirafı"

"Adların bu qədər çox olması dövlətin artıq gizlədə bilmədiyi genişmiqyaslı qırğının etirafıdır". Bunu AzadlıqRadiosunun fars xidmətinə Osloda yerləşən İran İnsan Haqları (IHR) təşkilatının direktoru Mahmud Əmiri-Müqəddəm deyib.

"Onlar daha aşağı rəqəmlə ictimai rəyi razı sala bilməzdilər", – o deyib.

"Bu, geniş qətliamın rəsmi etirafıdır. Hətta 3 min nəfər də olduqca böyük rəqəmdir, amma təcrübəmizə görə, gizlilik hələ də çox yüksək səviyyədə qalır", – Əmiri-Müqəddəm əlavə edib.

Hüquq müdafiəçiləri bu cür uyğunsuzluqların əvvəlki illərdə də müşahidə olunduğunu bildirirlər. 2024-cü ildə IHR İranda narkotiklə bağlı 503 edamın olduğunu təsdiqləsə də, hökumət rəsmən cəmi 15 hadisəni tanıyıb.

ABŞ-də yerləşən HRANA hüquq-müdafiə qrupu hökumətin siyahısına ilkin baxış keçirib, onun "tələsik hazırlanmış", orfoqrafik səhvlərlə, natamam məlumatlarla dolu olduğunu bildirib.

Tənqidçilər deyirlər ki, ölənlərin etirazçı, təsadüfi sakin və ya təhlükəsizlik qüvvələrinin üzvü olub-olmaması göstərilməyib, bu isə ictimaiyyətin məlumatları müstəqil yoxlamasını mümkünsüz edir.

Fevralın 1-də dövlətə məxsus "Üfüq" telekanalında baş verən hadisə isə ictimai qəzəbi daha da alovlandırıb. "Xətt-xətti" (Qaralama) proqramının aparıcısı istehza ilə deyib ki, etirazçıların cəsədləri guya supermarket dondurucularında və ya dondurma aparatlarında saxlanılıb. Hətta dövlətə bağlı media, mühafizəkarlar belə proqramı tənqid edəndən sonra onun yayımı dayandırılıb. Kanalın direktoru və aparıcı isə işdən çıxarılıb.

İslahatçı jurnalist, Tehranın keçmiş meri Qulamhüseyn Kərbasçının fikrincə, bu hadisə daha dərin bir çürüməni üzə çıxarıb. O, dövlət yayımçısı - IRIB-in büdcəsinin şişirdilməsini tənqid edib, qurumu yas içində olan cəmiyyətdən köklü uzaq savadsız bir qrupun idarə etdiyini bildirib.

"20 min və ya 30 min qeyri-real görünmür"

Hökumət 3 min 100 civarında ölü sayında israr edir, insan haqları müdafiəçiləri isə dekabrın 28-də başlayan etirazlarda öldürülənlərin real sayının xeyli yüksək olduğuna inanırlar.

"Şahid ifadələrinə və dəqiq məlumatlara əsaslanan hesablamalarımıza görə, mediada səsləndirilən 20 min və ya 30 min kimi rəqəmləri qeyri-real görünmür", –Əmiri-Müqəddəm deyib. Onun sözlərinə görə, başçılıq etdiyi qurumun təsdiqləmiş olduğu qurbanların təxminən yarısı hökumətin rəsmi siyahısında yer almır.

Zorakı repressiyalar başlayandan AzadlıqRadiosu ABŞ-də yerləşən HRANA-ya istinad edib. Qurum təhlükəsizlik qüvvələrinin üzvləri də daxil, təsdiqlənmiş ölü sayının 6 min 842 nəfərə çatdığını bildirir. Daha 11 min 280 ölüm halı araşdırılır, 49 mindən çox insan həbs edilib.