Keçid linkləri

2026, 18 Fevral, çərşənbə, Bakı vaxtı 13:13

Uitkoff İranla danışıqlara iki gün qalmış İsrailə gedib

Stiv Uitkoff
Stiv Uitkoff

ABŞ-nin elçisi Stiv Uitkoff fevralın 3-də İsraildə rəsmilərlə danışıqlar aparmalıdır. Onun baş nazir Binyamin Netanyahu, digər rəsmilərlə görüşəcəyi bildirilir.

İki gün sonra isə Uitkoffun İstanbulda İranın xarici işlər naziri Abbas Əraqçi ilə görüşü gözlənilir.

İsrail rəsmiləri İranla istənilən razılaşmanın İranın uranı zənginləşdirməsini çıxdaş etməsini, ümumiyyətlə, zənginləşdirmə prosesini dayandırmasını istəyir. Daha bir tələb İranın regiondakı proksilərə maliyyəni kəsməsi, ballistik raket proqramını məhdudlaşdırmasıdır.

Son bir həftə məkik diplomatiyası baxımından intensiv keçib. İranın təhlükəsizlik başçısı Əli Laricani yanvarın 30-da Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşüb. Əraqçi Türkiyəyə səfər edərək prezident Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Hakan Fidanla məsləhətləşmələr aparıb.

İranda bəzilərinin təxmininə görə, potensial saziş ölkədə yüksək səviyyədə zənginləşdirilmiş uranın başqa ölkəyə daşınmasını nəzərdə tuta bilər. ABŞ-nin ötən ilin iyunundakı zərbələrindən sonra bu uranın yer altında basdırıldığı deyilir.

Prezident Məsud Pezeşkian Tehranda İranın Atom Enerjisi Təşkilatını ziyarət edir.
Prezident Məsud Pezeşkian Tehranda İranın Atom Enerjisi Təşkilatını ziyarət edir.

Pezeşkian ABŞ ilə danışıqlar aparılacağını deyib

"ABŞ ilə danışıqlar təhdidlər və məntiqsiz gözləntilərsiz, milli maraqları təmin etmək üçün aparılmalıdır". Bunu prezident Məsud Pezeşkian fevralın 3-də X sosial şəbəkəsində yazıb.

"Regiondakı dost ölkələrin ABŞ prezidentinin danışıqlar təklifinə cavab vermək çağırışlarını nəzərə alaraq xarici işlər nazirinə bərabər və ədalətli danışıqlara hazırlaşmaq göstərişi vermişəm... Danışıqlar təhdid və məntiqsiz gözləntilər olmayan mühitdə aparılmalıdır”, – Pezeşkian bildirib.

Bu həftə İstanbulda İran və ABŞ arasında danışıqların əsas məqsədi hər hansı münaqişənin qarşısını almaq, tərəflər arasında gərginliyi azaltmaqdır. Bunu "Reuters"ə regiondan bir rəsmi deyib. Anonimlik şərti ilə danışan rəsminin dediyinə görə, danışıqlara regionun bir sıra gücləri də dəvət olunub. Onların arasında Pakistan, Səudiyyə Ərəbistanı, Qətər, Misir, Oman və Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər nazirləri var.

2 fevral

'Axios': Cümə gününə ABŞ-İran nüvə danışıqları planlaşdırılır

"Axios" nəşri yazır ki, Ağ evin xüsusi elçisi Stiv Uitkoff və İranın xarici işlər naziri Abbas Əraqçinin mümkün nüvə sazişinin müzakirəsindən ötrü fevralın 6-da İstanbulda görüşəcəkləri gözlənilir. Nəşr məsələdən agah iki mənbəyə istinad edir.

Planlaşdırma prosesi ilə tanış üçüncü mənbə isə deyib ki, cümə günü görüşü "ən yaxşı ssenari" sayılır, lakin görüş keçirilmədən bu haqda qəti nəsə demək mümkün deyil.

ABŞ prezidenti Donald Tramp bir gün öncə İranın ABŞ ilə "ciddi" danışıqlar apardığını deyib. Prezident Tehranı hərbi addımlarla hədələmiş, Yaxın Şərqə "ABŞ armadası" göndərdiyini də bildirmişdi.

Tramp indiyədək İranın avtoritar rəhbərliyinə qarşı sərt mövqe sərgiləyib.

Dekabrın sonu və yanvarda İranda kütləvi etiraz aksiyaları keçirilib. Etirazlar amansızlıqla yatırılıb. ABŞ-də yerləşən HRANA insan haqları qrupunun fevralın 2-də bildirdiyinə görə, etirazlarda təsdiqlənmiş ölüm sayı 6 min 854-ə çatıb.

Tehranda Fransa səfirliyi
Tehranda Fransa səfirliyi

SEPAH-ın 'terrorçu' kimi tanınmasına görə Aİ səfirləri İran XİN-ə çağrılıb

İran fevralın 2-də Tehrandakı Avropa İttifaqı (Aİ) səfirlərini Xarici İşlər Nazirliyinə (XİN) çağırdığını elan edib. Ötən həftə Aİ İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı kimi tanıyıb.

XİN-in sözçüsü İsmayıl Bəqai mətbuat konfransında deyib ki, Tehranda səfirliyi olan bütün Aİ üzvlərinin təmsilçiləri fevralın 1 və 2-də nazirliyə çağrılıb.

Aİ xarici işlər nazirləri yanvarın 29-da SEPAH-ı terror təşkilatı kimi tanımaq barədə razılığa gəliblər. İllərdir həm birlik daxilindən, həm də xaricindən bu elit qüvvənin qara siyahıya salınması üçün təzyiqlər vardı.

İtaliyanın Tehrandakı səfirliyi isə fevralın 1-də bildirib ki, növbəti bildirişədək qapadılır. Səfirliyin bəyanatında vurğulanıb ki, konsulluq şöbəsinin bağlanmasına baxmayaraq, İtaliya vətəndaşlarına əsas və təcili xidmətlərin göstərilməsi təmin olunacaq.

Fevralın 1-də isə İran İslam Məşvərət Məclisinin sədri Məhəmməd Baqir Qalibaf bildirib ki, Tehran Avropa ölkələrinin ordularını "terrorçu qruplar" sayır, onların İrandakı səfirliklərdə hərbi təmsilçiləri dərhal ölkədən çıxarılmalıdır.

ABŞ və İsrail generalları Pentaqonda görüşüblər

ABŞ və İsrailin yüksəkrütbəli generalları yanvarın 30-da Pentaqonda görüşüblər. Bu görüş İranla bağlı gərginliyin artması fonunda keçirilib. Xəbəri "Reuters" ABŞ-nin anonimlik şərti ilə danışan iki rəsmisinə istinadla yayıb.

ABŞ-nin Birləşmiş Qərargah rəisi general Den Keyn və İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Eyal Zamir arasında qapalı müzakirələrin detalları bəlli deyil. Görüş haqda öncədən xəbər verilməyib.

ABŞ prezidenti Donald Tramp İrana danışıqlara getməsi təzyiq göstərir, təhdid edib, Yaxın Şərqə əlavə qüvvələr göndərir. İran isə xəbərdarlıq edib ki, ABŞ-nin hücumu regional münaqişəyə çevrilə bilər.

"Reuters" yazır ki, İsrailin müdafiə naziri İsrael Kats Vaşinqton görüşündən sonra Zamir ilə görüşüb. Katsın ofisinin bildirdiyinə görə, görüşdə regiondakı vəziyyət, İsrail ordusunun istənilən mümkün ssenariyə qarşı əməliyyat hazırlığı müzakirə olunub.

Əli Xamenei və Donald Tramp
Əli Xamenei və Donald Tramp

Tramp İranla razılaşmaya ümidini bildirir, Xamenei regional müharibə xəbərdarlığı edir

ABŞ prezidenti Donald Tramp İranla razılaşma əldə olunacağına ümidini bildirib. İranın ali dini lideri Əli Xamenei isə xəbərdarlıq edib ki, ABŞ-nin islam respublikasına hücumu daha geniş münaqişəyə səbəb olar.

"Əlbəttə, belə deyəcək", – Tramp fevralın 1-də Xameneinin xəbərdarlığı haqda jurnalistlərə deyib.

"Razılaşma əldə etməsək, onun haqlı olub-olmadığını görəcəyik", – o əlavə edib.

Dövlət mediası Xameneiyə istinadla yazıb ki, ABŞ-nin təhdidləri "İran xalqını qorxutmayacaq".

"İran xalqı ona hücum, narahat edən hər kəsə güclü zərbə vuracaq", – Xamenei söyləyib.

Tramp isə daha öncə Yaxın Şərqə "nəhəng armada" göndərdiyini demişdi.

ABŞ prezidenti yanvarın 21-də "Fox News"a deyib ki, Tehran ABŞ ilə ciddi danışır, "görək nəsə edə biləcəyikmi. Əks halda, nə baş verəcəyini görəcəyik. Oraya böyük bir donanmamız gedir. Onlar danışıq aparırlar".

Ötən həftə Avropa İttifaqı (Aİ) İslam İnqilab Keşikçiləri Korpusunu (SEPAH) terrorçu təşkilat kateqoriyasına salıb. İran parlamentinin üzvləri isə SEPAH-ın uniformasını geyinərək etiraz şüarları səsləndiriblər.

İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibaf fevralın 1-də bildirib ki, Tehran Avropa ölkələrinin ordularını "terrorçu qrup" sayır.

"The Wall Street Journal" yazıb ki, Pentaqon Yaxın Şərqdə əlavə havadan müdafiə sistemləri yerləşdirir, məqsəd İsraili, ərəb müttəfiqlərini və Amerika qoşunlarını İranın zərbəsindən qorumaqdır.

XS
SM
MD
LG