ABŞ İran rejimini günahlandırır. Etirazlarda ölü sayı artır

Tehranda etiraz aksiyaları zamanı yanmış bina.

Birləşmiş Ştatlar bildirir ki, İranda son etirazlar rejimin pis idarəçiliyinin nəticəsidir, Tehranın iddia etdiyi kimi, xarici təsirlərin deyil. Etirazların zorakılıqla yatırdılması nəticəsində ölü sayı da yüksəlməkdədir.

ABŞ Dövlət Departamentinin farsca rəsmi sosial media platforması olan – "USAbehFarsi" yanvarın 21-də X-də paylaşdığı postda bildirir ki, ötən ayın sonu başlamış etirazlar "İran xalqının illərin repressiyasından sonra qaçılmaz üsyanı idi".

İran rəsmiləri, prezident Məsud Pezeşkian etirazçıları "terrorçular", "iğtişaşçılar" adlandırıb, ölü sayının böyük olmasını İsrail əməliyyatçıları ilə əlaqələndirib.

"İnkar, digərlərini günahlandırmaq islam respublikasının siyasi propaqandasına xidmət edir, başqa heç kəsi inandırmır", – paylaşımda deyilir.

Etirazlar dekabrın 28-də Tehranda başlayıb, mağaza sahibləri iqtisadi şərtlərə, artan inflyasiyaya etiraz ediblər. Sonradan etirazlar ölkəyə yayılıb, hakimiyyətə qarşı çevrilib.

4 min 500-dən çox ölüm

ABŞ-də yerləşən HRANA insan haqları qrupu 4 min 500-dən çox ölü sayının təsdiqləndiyini, 9 mindən çox ölümün araşdırıldığını bildirir. Azı 5 min 800 nəfər etirazlarda ağır xəsarətlər alıb, 26 mindən çox həbs olunan var.

Kürdüstan İnsan Haqları Şəbəkəsinin sözçüsü AzadlıqRadiosunun fars xidmətinə deyib ki, onlara təhlükəsizlik qüvvələrinin saxladığı etirazçılara qarşı cinsi zorakılıq halları ilə bağlı məlumatlar gəlib.

İran hakimiyyəti ölkə üzrə internetə çıxışı bloklayıb. Tehran sakinləri şəhərin faktiki hərbi vəziyyətdə olduğunu deyirlər. Küçələrdə təhlükəsizlik qüvvələri yerləşdirilib, əhalinin böyük hissəsi evlərindən çıxmır. Axşam saatlarında bir çox mağaza və restoran bağlanır.

Onlar deyirlər ki, əsgərlər, mülkigeyimli agentlər, "Bəsic" yarımhərbi qüvvələrinin üzvləri təkcə şəhər mərkəzində deyil, həm də yaşayış məhəllələrində mövcuddur.

İranın digər bölgələrində, kürdlərin çoxluq təşkil etdiyi ərazilərdə də oxşar təhlükəsizlik tədbirləri görülüb.

Ritorika sərtləşir

ABŞ prezidenti Donald Tramp əvvəlcə xəbərdarlıq etmişdi ki, İran təhlükəsizlik qüvvələri etirazçıları öldürərsə, ABŞ tədbir görməyə tam hazırdır. O, İran hər hansı edam həyata keçirərsə, "çox sərt" addımlarla da hədələyib. Amma Tramp sonradan deyib ki, İrana hərbi zərbələr endirməmək qərarı verib, buna səbəb kimi Tehranın yüzlərlə edamı ləğv etməsi iddiasını göstərib.

Amma təhlilçilərin fikrincə, ABŞ-nin hərbi aktivlərini hələ də Yaxın Şərqə doğru yönəltməsi İrana qarşı hansısa formada zərbələrin hələ də gündəmdə qala biləcəyinə işarədir.

İran generalı Əbülfəzl Şikarçı isə dövlət mediasına deyib: "Onların dünyasına od vuracağıq, regionda təhlükəsiz yerləri qalmayacaq".

Tramp isə yanvarın 20-də "News Nation"a müsahibəsində buna sərt cavab verib, "nə isə baş verərsə, ABŞ ordusu onları yer üzündən siləcək" deyib.