ABŞ Nümayəndələr Palatası İran istehsalı dronlarda Amerika və müttəfiq ölkələrin texnologiyalarından istifadənin qarşısını alacaq qanun layihəsini böyük səs çoxluğu ilə qəbul edib.
Qanun layihəsi Dövlət Departamenti, Ticarət və Müdafiə nazirliklərinə tapşırır ki, İranın dron proqramında istifadə olunan texnologiyaların təchizat zəncirlərini müəyyənləşdirsin və bu şəbəkələri dağıtmaq üçün yeni strategiyalar hazırlasın.
Layihənin tərəfdarlarının mövqeyinə görə, mövcud sanksiyalar və ixrac nəzarəti mexanizmlərinə baxmayaraq, İran dronlarında Qərb istehsalı elektron komponentləri aşkarlanır. Sənəddə dron sistemlərində işlədilən əsas kommersiya komponentləri xüsusi qeyd olunub: mikroprosessorlar, mikronəzarətçilər, gərginlik tənzimləyiciləri, rəqəmsal siqnal nəzarətçiləri və GPS modulları.
ABŞ rəsmiləri dəfələrlə bildiriblər ki, Rusiyanın Ukraynaya hücumlarında istifadə olunan "Şahed" dronları da daxil olmaqla, İran dronlarında Qərb istehsalı elektron komponentlər aşkarlanıb. Qanun layihəsində vurğulanır ki, İran dronları Rusiyanın hərbi səylərində mühüm rol oynayır və onlar mülki yaşayış məntəqələri ilə kritik infrastruktura qarşı istifadə edilir.
Sənəddə həmçinin İranın HƏMAS, "Hizbullah", husilər və "Fələstin İslam Cihadı" kimi silahlı qruplara dəstəyi qeyd edilir, dronların yayılmasının Tehranın regional strategiyasının əsas hissəsi olduğu bildirilir.
Bəzi təhlilçilər AzadlıqRadiosunun Vaşinqtondakı baş müxbiri Aleks Raufoğluna deyiblər ki, sanksiyalar xərcləri artırıb satınalmaları ləngidə bilər, amma ikili təyinatlı kommersiya texnologiyalarına çıxışı tamamilə aradan qaldıra bilməz. İranın kritik komponentlərə çıxışını önləmək üçün boşluqlar aradan qaldırılmalı və nəzarət sərtləşdirilməlidir.
Qanun layihəsi hələ Senatda müzakirəyə çıxarılmalı, daha sonra isə prezident tərəfindən imzalanmalıdır.