İran Dieqo Qarsiyaya raket atdı, Avropa təlaşlandı

İran ballistik raketləri

Avropa ölkələri çox çalışırdılar ki, ABŞ-İsrail müharibəsinə qarışmasınlar. Müharibə artıq dördüncü həftədir davam edir. Avropa Hörmüz boğazının açılmasına köməklə bağlı çək-çevir edir, amma bunu da yalnız atəşkəsdən sonra, həm də BMT-nin mandatı ilə edəcəklərini bildiriblər.

Martın 21-də İran raketlərinin Avropa şəhərlərinə çata biləcəyini sübut edəndən sonra təhlükə bir köynək də yaxınlaşdı.

Tehran İrandan təxminən 4 min kilometr məsafədə, Hind okeanında yerləşən Dieqo Qarsiya Amerika-Britaniya birgə bazasına iki ballistik raket atıb.

2 min kilometrlik məhdudiyyət artıq qüvvədə deyil?

Mərhum ali lider Əli Xameneinin hakimiyyəti dövründə İranın ballistik raketləri üçün 2 min kilometrlik mənzil məhdudiyyəti qoyulmuşdu. Xamenei fevralın 28-də ABŞ və İsrailin hücumu nəticəsində öldürülüb. AzadlıqRadiosunun Avropa üzrə redaktoru Rikard Yozvyak yazır ki, indi o məhdudiyyətin qüvvədə olmadığı görünür, bu isə Avropanın narahatlığına səbəb olub.

Brüssel onsuz da özünə yaxın bir müharibəyə qarışıb: Rusiyanın Ukraynaya qarşı tammiqyaslı işğalı beşinci ildir davam edir. Blok indiyədək 70 milyard avrodan çox hərbi yardım göndərib.

"İran müharibəsində bu bizim üçün yeni miqyasdır. Səmimi olsaq, hazırda hava qüvvələrimiz xeyli tükənib", – Avropa İttifaqının (Aİ) aparıcı rəsmisi AzadlıqRadiosuna anonimlik şərti ilə deyib.

Avropa ölkələrinin çoxu Kiyevin havadan müdafiəsinə kömək edib. Amma onlar qitənin havadan müdafiəsində ciddi boşluqların olduğunu da anlayırlar. "Patriots", SAMP/T, IRIS-T kimi müasir raket sistemlərinin mövcudluğuna baxmayaraq, Avropanın bir neçə müdafiə naziri tutucu-raketlərin ciddi çatışmazlığını etiraf edib.

Yaxın Şərqdə ABŞ bazaları və İran raketlərinin uçuş məsafəsi

Hədəf İsrail deyil?

Uzaqmənzilli hücumlarda Avropa ABŞ-dən asılıdır. İranın Avropaya potensial təhdidinə bu fonda baxılmalıdır.

İsrail ordusunun başçısı Eyal Zamir Dieqo Qarsiya hücumlarını şərh edərkən deyib ki, "bu raketlərin hədəfi İsraili vurmaq deyil. Onlar Avropanın paytaxtlarına çatır. Berlin, Paris, Roma birbaşa hədəf dairəsindədir".

"İrana daha Yaxın Şərqlə məhdudlaşan təhdid kimi baxılmamalıdır. Onun qabiliyyəti daha uzaqda olan düşmənlər üçün də bədəli artıra bilər", – bunu isə İsraildə yaşayan müstəqil müdafiə eksperti Maykl Horovits martın 21-də AzadlıqRadiosuna deyib. "Avropalıların yerində olsaydım, narahat olardım", – o əlavə edib.

Britaniya hökumətində nazir Stiv Rid Dieqo Qarsiyaya atılan bir raketin hədəfə dəymədiyini, digərinin vurulduğunu deyib. O, Avropanın hədəf alına biləcəyinə dair İsrailin iddialarını rədd edib, belə bir dəyərləndirmə olmadığını deyib.

NATO BMD-si

İndiyədək Kiprdəki Britaniya hərbi bazaları üzərində İran dronları tutulub. NATO üzvü Türkiyə isə martın əvvəlində üç ballistik raketi vurub.

"NATO-nun Ballistik Raketdən Müdafiəsi (BMD) Türkiyədə İran raketlərinə qarşı effektli olub, elə buna görə dizayn olunub", – NATO-nun keçmiş sözçüsü Oana Lunqesku AzadlıqRadiosuna bildirib.

2000-ci illərin əvvəlində qurulan bu sistemlər 2012-ci ildə işə salınıb. Komandanlıq mərkəzi Almaniyada Ramşteyn hava bazasında yerləşir, raketlərdən müdafiə sistemləri isə Polşa və Rumıniyadakı bazalarda. Türkiyədə radar, İspaniyada dörd BMD olan gəmi var.

Amma bir məsələ də var ki, NATO BMD-si Amerika mənşəlidir, bu da Avropanı ABŞ hərbi müdafiəsindən asılı edir.

NATO-nun keçmiş rəsmisi Robert Pşşel AzadlıqRadiosuna deyib ki, "sistem işləkdir, etməli olduğu işi görür, qüvvədə olan fərziyyə budur".

"Əlbəttə ki, bu xüsusi sistemin əsas elementlərini ABŞ verir", – o vurğulayır.

Sizin brauzer HTML5-i dəstəkləmir

İran üçün hansı tale planlanıb? – 'Ən ağır zərbə Cənubi Qafqaza dəyə bilər'

Hakimiyyət balansı dəyişir

AzadlıqRadiosunun İran üzrə yazarı Kian Şərifi isə ekspertlərə istinadla Dieqo Qarsiyadakı bazaya zərbədə əsas məsələnin verilən mesaj olduğunu yazır.

M.Horovits oyunun qaydalarının dəyişdiyini deyir: "İran mövcudluğu uğrunda müharibənin içindədir, qısamüddətli qərarlar verir. İllərdir Tehran 2 min kilometrlik məhdudiyyətdən regionu sakitləşdirmək, həm də çəkindirici faktor kimi yararlanıb. İndi isə daha təcili məsələ ortaya çıxır: İran hələ də bədəl ödətdirə bildiyini, onun dağıdıcı potensialının qonşularının hüdudlarını aşdığını nümayiş etdirir".

K.Şərifi yazır ki, əslində İranın raket proqramı 2 min km-lik məhdudiyyəti çoxdan aşmışdı. Amma Xamenei İslam İnqilab Keşikçiləri Korpusunun (SEPAH) daxili müqavimətinə baxmayaraq, onu qüvvədə saxlayırdı.

Təl-Əvivdə yerləşən Milli Təhlükəsizlik Araşdırmaları İnstitutunun təhlilçisi Denni Sitrinoviç deyir ki, bu zərbə İran daxilində hakimiyyət balansının dəyişdiyini, SEPAH-ın dominantlığının artdığını göstərir.

"İndi meydana çıxan İran bildiyimiz daha ölçülü-biçili aktor deyil, riskə daha dözümlü, Şimali Koreya üslublu sistemdir", – o əlavə edib.

Müctəba Xamenei martın 8-də atasını ali lider postunda əvəzləyib. O, hələ hakimiyyətini gücləndirməlidir. Dieqo Qarsiyaya hücuma yeni liderin, yoxsa SEPAH-ın göstəriş verməsindən asılı olmayaraq nəticə eynidir: illərlə saxlanan məhdudiyyət anidən yoxa çıxıb.

Horovits bu zərbənin İranın qabiliyyəti ilə yanaşı, həm də zəifliyini göstərdiyini bildirib. "Onun mövcud çəkindirici arxitekturası dağıldıqca nüvə qabiliyyəti, uzaqmənzilli raketlər əvəzedici kimi daha çox cazibə qazanır", – təhlilçi vurğulayır.