Keçid linkləri

2026, 23 Mart, Bazar ertəsi, Bakı vaxtı 23:37

Tramp İranla 'çox yaxşı' danışıqların getməsindən yazdı

Livanla sərhəddə İsrail tankları
Livanla sərhəddə İsrail tankları

ABŞ prezidenti Donald Tramp İranın elektrik stansiyaları və enerji infrastrukturuna hərbi zərbələri beş günlüyə təxirə saldığını deyir. O, bunu "Truth Social" platformasında yazıb.

Prezident ABŞ və İranın son iki gündə Yaxın Şərqdəki hərbi əməliyyatların tamamilə həlli ilə bağlı "çox yaxşı və məhsuldar" söhbət aparıldığını bildirib.

Bu bəyanat Trampın Hörmüz boğazını açmaq üçün İrana verdiyi möhlət fonunda yayılıb. Daha öncə Vaşinqtonla Tehran arasında hər hansı danışıqlarla bağlı açıqlama verilməyib.

Hörmüzün "tam açılması" üçün Trampın qoyduğu möhlət martın 23-də axşam saat 7:44-də bitir. Hörmüzdən dünyanın neft-qaz tədarükünün təxminən 20 faizi keçir. ABŞ prezidenti deyirdi ki, İran tələbə əməl etməsə, elektrik stansiyaları məhv ediləcək.

İsrail müharibənin həftələrlə çəkəcəyini deyir

İsrail ordusu vətəndaşlarına İran və "Hizbullah"la qoşa müharibənin həftələrlə çəkəcəyi ilə bağlı xəbərdarlıq edib. Bu arada ABŞ prezidenti Donald Trampın İrana Hörmüz boğazını açması üçün qoyduğu möhlət azalır.

"İsrail vətəndaşları, bizi İran və "Hizbullah"la həftələrlə çəkəcək döyüş gözləyir", – ordunun sözçüsü, briqada generalı Effi Defrin martın 22-də televiziya ilə çıxışında deyib. O, hər keçən gün Tehran rejimini zəiflətdiklərini bildirib.

General-leytenant Eyal Zamir isə deyib ki, ""Hizbullah" terror təşkilatına qarşı əməliyyat yeni başlayıb... Bu, uzunmüddətli əməliyyatdır".

ABŞ "Hizbullah"ı terror təşkilatı kimi tanıyır, Avropa İttifaqı (Aİ) isə qrupun siyasi deyil, hərbi qanadına sanksiya tətbiq edib.

Möhlət daralır

Bu arada müharibənin müddəti ilə bağlı ABŞ-dən ziddiyyətli açıqlamalar gəlir. Prezident Tramp martın 21-də Vaşinqton vaxtı ilə saat 19:44-də Tehrana növbəti ultimatum verib. ABŞ prezidenti Tehrandan Hörmüz boğazını 48 saat ərzində tam açmağı tələb edib, əks halda, ağır nəticələrlə üzləşəcəyini bildirib. Bu, artıq nəzarətdən çıxmaq üzrə olan müharibədə böyük eskalasiya deməkdir.

"İran Hörmüz boğazını 48 saat ərzində TAM ŞƏKİLDƏ, TƏHDİDSİZ AÇMASA, ABŞ onların... elektrik stansiyalarını vurub məhv edəcək", – Tramp özünün "Truth Social" platformasında yazıb.

Bundan bir gün öncə Tramp Birləşmiş Ştatların əksər məqsədlərinə çatdığını deyərək hərbi əməliyyatları dayandırmağı düşündüyünü deyib. Pentaqonun isə regiona minlərlə əlavə quru qüvvəsi göndərdiyi bildirilir.

İran Trampın elektrik stansiyaları ilə bağlı təhdidinə qarşı qisasla hədələyib. Dövlət mediası İranın hərbi komandanlığına istinadla bildirib ki, İranın yanacaq və enerji infrastrukturu hücuma məruz qalarsa, ABŞ-nin regiondakı enerji infrastrukturu hədəfə alınacaq. İran həmçinin duzsuzlaşdırma qurğularının vurulacağını bildirib.

İran parlamentinin spikeri Məhəmməd Baqer Qalibaf isə ayrıca xəbərdarlıq səsləndirib: "Ölkəmizdəki elektrik stansiyaları və infrastruktur hədəfə alındıqdan dərhal sonra regiondakı həyati əhəmiyyətli infrastruktur, enerji və neft infrastrukturu qanuni hədəflər sayılacaq, qətiyyətlə məhv ediləcək".

İranın belə cavab hücumları Körfəz ərəb ölkələrinə dağıdıcı təsir göstərər. Bu ölkələr böyük enerji istehlakçılarıdır, həm də duzsuzlaşdırılmış dəniz suyundan asılılıqları böyükdür. "Reuters" yazır ki, Bəhreyn və Qətər suyun 100 faizini, digər ölkələr isə 50-80 faizini duzsuzlaşdırma zavodlarından alır.

Bu arada İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazını tamamilə bağlamaqla hədələyib. Açıqlamada deyilir ki, boğaz yalnız ABŞ hücumlarının tamamilə dağıtdığı obyektlər bərpa ediləndən sonra yenidən açılacaq.

Boğazın bağlanması qlobal tədarükü məhdudlaşdırıb, dünyada neft kəskin bahalanıb, yüz milyonlarla insanın dolanışıq xərcləri artıb. İranın Körfəzdə neft və qaz obyektlərinə hücumları da bazarda narahatlıq yaradıb.

Rutte: Azı 20 ölkə boğazın yenidən açılması işinə qoşulmağı planlaşdırır

Tramp enerji ehtiyatları Hörmüzdən daşınan ölkələrdən tələb edib ki, onlar hərbi qüvvələr göndərməklə, digər vasitələrlə boğazdan gəmilərin hərəkətinin mühafizəsini təmin etsinlər. Prezident bir çox ölkənin bu işə qarışmaq istəməməsindən qəzəbini də dilə gətirib.

Hörmüz boğazı dünya iqtisadiyyatı üçün niyə bu qədər vacibdir
Gözlə

No media source currently available

0:00 0:02:52 0:00

NATO-nun baş katibi Mark Rutte isə martın 22-də bildirib ki, 20-dən çox ölkə boğazın yenidən açılması səylərinə qoşulmağı planlaşdırır.

"Prezidentin qəzəbli olduğunu bilirəm, çünki o, Avropa və digər müttəfiqlərin çox yavaş hərəkət etdiyini düşünür", – Rutte "Fox News"a deyib.

Onun sözlərinə görə, NATO hazırda Yaponiya, Cənubi Koreya, Avstraliya, Yeni Zelandiya, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn ilə birlikdə bu məsələ üzərində işləməyə çalışır.

Trampın ayrıca tənqid etdiyi Böyük Britaniyanın baş naziri Kir Starmer isə martın 22-də ABŞ prezidenti ilə telefonla danışıb. Rəsmi məlumata görə, liderlər Yaxın Şərqdəki vəziyyəti, boğazın qlobal gəmiçilik üçün yenidən açılmasının vacibliyini müzakirə ediblər.

İraqda səfirliyə hücumlara fasilə verilir

İraqda iranyönlü silahlı qrup martın 23-də bildirib ki, Bağdaddakı ABŞ səfirliyinə hücumlara fasiləni beş gün uzadır.

"Amerikanın şər səfirliyi üçün qoyulan möhlət daha beş gün uzadılacaq", – "Kətaib Hizbullah" bildirib.

İraqdakı İranpərəst silahlılar ölkədəki ABŞ obyektlərini hədəfə alır, özləri də hava zərbələrinə məruz qalırlar. Onlar zərbələrə görə ABŞ və İsraili günahlandırırlar.

XS
SM
MD
LG