İranda islahatçı "Ham-Mihan" qəzetini hakimiyyət orqanları müsadirə edib. Xəbəri yanvarın 19-da "Khabar Online" agentliyi yayıb.
"Ham-Mihan"ın baş redaktoru Məhəmməd Cavad Ruhun dediyinə görə, Mətbuata Nəzarət Şurası qəzetin müsadirə edilməsinə iki məqaləni səbəb göstərib.
"Ham-Mihan" son sayında kütləvi etirazlarda zorakılıq hadisələrindən sonra şəffaflığın olmamasını tənqid edib. Məqalədə deyilirdi ki, internetin kəsilməsi, hökumətin ölən və saxlanılanların sayı ilə bağlı rəsmi statistikanı açıqlamaması ictimai etimad böhranını daha da dərinləşdirir.
"Ham-Mihan" qəzeti daha əvvəl də dəfələrlə senzura və məhdudiyyətlərlə üzləşib.
Abbas Əraqçi
Əraqçi Davosda olmayacaq
İranın xarici işlər naziri Abbas Əraqçi bu həftə İsveçrənin Davos şəhərində illik toplantıya qatılmayacaq. Məlumatı Dünya İqtisadi Forumu yayıb.
Forumun açıqlamasında deyilir ki, Əraqçi ötən ilin payızda bu toplantıya dəvət olunub, amma "son həftələr İranda mülki şəxslərin faciəvi ölümü o deməkdir ki, İran hökumətinin bu il Davosda təmsil olunması düzgün olmaz".
+++
Yanvarın 19-da İranın keçmiş şahzadəsi, müxalifət lideri Rza Pəhləvinin mətbuat xidməti Əraqçini "son iki həftədə 16 mindən çox insanı öldürən rejimin səsi" adlandırıb. Pəhləvinin ofisi vurğulayıb ki, Əraqçi "İranı təmsil etmir" və Davosda ona platforma verilməməlidir.
Tanınmış respublikaçı senator Lindsi Qrem də X sosial şəbəkəsində Əraqçinin Davos sammitinə dəvət olunmasını sərt tənqid edib. Qrem bunu "Büllur gecə"dən (1938-ci ildə yəhudilərə qarşı genişmiqyaslı talanlar) sonra Hitlerin qlobal tədbirə dəvət olunmasına bənzədib. O, toplantı təşkilatçılarına müraciətlə bu addımın İrandakı etirazçılara "ən pis mesaj" verdiyini, "Avropa elitasının mənəvi böhranının açıq göstəricisi" olduğunu bildirib.
Beynəlxalq insan hüquqları vəkili, "UN Watch"un icraçı direktoru Hillel Noyer də xəbərdarlıq edib ki, Əraqçi İsveçrəyə gələrsə, ölkənin prokurorluğunda onun barəsində cinayət iddiası qaldırılacaq. Noyerin sözlərinə görə, etirazçılara qarşı zorakılıqda Əraqçinin İslam Respublikasının Ali Milli Təhlükəsizlik Şurasının üzvü kimi rolu var, bu isə insanlığa qarşı cinayət sayıla bilər və beynəlxalq toxunulmazlıq çərçivəsini aşır.
Dünya İqtisadi Forumu yanvarın 19-dan 23-dək davam edir. Forum rəsmiləri Əraqçinin dəvət olunmasına etirazlara hələlik cavab verməyiblər.
Münhen Təhlükəsizlik Konfransı İran etirazlarının qanlı şəkildə dağıdılmasına görə İran rəsmilərinin dəvətini ləğv edib.
ABŞ-dəki HRANA insan haqları qrupu 3 min 685 etirazçının ölümünü təsdiqləyib. 8 min 949 ölüm halı araşdırılır. 24 mindən çox insan həbs olunub.
Irancell
'Irancell'in rəhbəri interneti kəsmədiyi üçün vəzifədən azad edilib
İranda ən böyük telekommunikasiya şirkətlərindən biri olan "Irancell"in rəhbəri işdən çıxarılıb. Səbəb kimi onun kütləvi etirazlar zamanı ölkə üzrə internetin kəsilməsi haqda hökumətin qərarına əməl etməməsi göstərilir. Xəbəri "Fars" xəbər agentliyi yayıb.
Şirkət rəhbəri Əlirza Rəfieyin vəzifədən azad olunması yanvarın 10-da şənbə günü etirazlar zamanı operatorun hərəkətləri ilə bağlıdır, - məlumatda deyilir.
"Irancell" 2005-ci ildə qurulub, 70 milyon abunəçisi var.
İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) yaxın olan "Fars" bir rəsmidən sitat gətirib: "Əlirza Rəfiey üçün yeni təyinat hüquqi qaydada həllini tapacaq".
İran ABŞ-nin mümkün zərbəsi ilə bağlı xəbərdarlıq edib
İran prezidenti xəbərdarlıq edir ki, ABŞ-nin zərbəsi Tehranın "sərt" cavabına səbəb olar. İran rəsmisi isə etirazlarda azı 5 min nəfərin öldürüldüyünü, onlardan təxminən 500-nün təhlükəsizlik əməkdaşı olduğunu deyib.
İranda etirazlar ötən ay Tehrandakı Böyük Bazarda başlayıb. İqtisadi çətinliklərdən narazılıq sonradan dini rejimin sonunu tələb edən çağırışlara çevrilib.
ABŞ prezidenti Donald Tramp dəfələrlə deyib ki, etirazçılar öldürülər, edam edilərsə, Vaşinqton müdaxilə edə bilər. O, "Politico"ya müsahibəsində deyib: "İranda yeni rəhbərlik axtarmağın vaxtı çatıb".
İran isə bazar günü iğtişaşlarda saxlananların edam oluna biləcəyini bildirib.
Prezidenti Məsud Pezeşkian X platformasında yazıb ki, "Tehranın istənilən ədalətsiz təcavüzə reaksiyası sərt olacaq, peşmançılıq gətirəcək". O əlavə edib ki, ölkənin ali dini liderinə istənilən hücum "ölkəyə qarşı hərtərəfli müharibəyə bərabərdir".
ABŞ-də yerləşən HRANA insan haqları qrupunun yanvarın 17-də bildirdiyinə görə, etirazlarda ölü sayı 3 min 308 nəfərdir, daha 4 min 382 iş nəzərdən keçirilir. Qurum azı 24 min nəfərin həbs olunduğunu təsdiqləyib.
"Reuters"ə danışan İran rəsmisi isə ölü sayının kəskin arta biləcəyini deyib. O əlavə edib ki, İsrail və xaricdəki silahlı qruplar küçələrə çıxanları dəstəkləyib, onları təchiz edib.
Tramp yanvarın 16-da sosial media postunda Tehran liderlərinə 800 edamı təxirə saldığı üçün təşəkkür edib. Amma həftəsonu İran ədliyyəsi edamların davam edə biləcəyini bildirib.
Şənbə günü internetin qismən bərpa olunduğu deyilsə də, "NetBlocks" məhdudiyyətlərin sonradan qaytarıldığını bildirib.