Meclis.info saytının həbsdə olan rəhbəri İmran Əliyev sağlamlığında ciddi problem yarandığını, onurğa nahiyəsində yırtığa görə əməliyyata ehtiyac duyduğunu deyir. Bu üzdən, Maqnit-Rezonans Tomoqrafiya (MRT) müayinəsindən keçirilməlidir. Ancaq istər saxlandığı Bakı İstintaq Təcridxanasının tibbi-sanitar bölməsində, istərsə Penitensiar Xidmətin Müalicə Müəssisəsində belə bir müayinə aparatı yoxdur. O, həmin sözləri martın 31-də, öz məhkəməsində dilə gətirib. İ.Əliyevin vəkili MRT müayinəsinin mülki xəstəxanada aparılmasına icazə verilməsindən ötrü məhkəmədə vəsatət qaldırıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri vəsatəti təmin ediblər. Bildirilib ki, İ.Əliyevin mülki xəstəxanada müayinəsinə məhkəmə etiraz etmir və buna dair məktub veriləcək.
Məhkəmə prosesində şahidlərin dindirilmə mərhələsi yekunlaşıb. Martın 31-də keçirilən iclasda təqsirləndirilən şəxslərdən ifadə alınmasına başlanılıb.
İ.Əliyevlə birlikdə mühakimə edilən, ancaq istintaq və məhkəmə dövründə həbsdə deyil, polis nəzarətində saxlanan ictimai fəal Elgiz Qəhrəmanla mühasib Tamilla Musayeva ifadə veriblər.
"Hamısı açıq məlumatlardır"
Özünü qətiyyən təqsirli bilmədiyini vurğulayan E.Qəhrəman ifadəsində nədən danışacağının ona aydın olmadığını, İmranla dostluq etdiyini, onun xahişiylə bir neçə məsələdə kömək göstərdiyini bildirib. Riyaziyyat-informatika sahəsində bilgili olduğunu deyən E.Qəhrəman öyrənmək istəyənləri hazırlaşdırdığını da deyib. O, cinayət işində İ.Əliyevlə 57 dəfə telefonla danışmasının göstərilməsində diqqət çəkəcək heç nə olmadığını, dostuyla tez-tez danışıb-görüşdüyünü vurğulayıb: "Biz danışıb görüşmüşük, kofe içmişik, söhbətləşmişik. Mən riyaziyyat-informatika sahələrini bilən adamam. O, rəhbərlik etdiyi saytın fəaliyyəti, maraq dairəsinə görə Milli Məclislə bağlı açıq mənbələrdəki informasiyaların götürülməsi üçün kömək istəyib, mən də etmişəm. Hamısı açıq məlumatlardır".
E.Qəhrəman sualları cavablandırarkən əlavə edib ki, Bakı şəhər Baş Polis İdarəsində istintaq zamanı ona bir sıra sənədlərin surətini göstəriblər. Oradakı imzaların ona məxsus olmadığını söyləyib. O, bir daha həmin imzaların özünə məxsus olmadığını vurğulayıb.
Elgiz Qəhrəman
"Nağd pul almamışam"
Təqsirləndirilən T.Musayeva da ona qarşı ittihamla razılaşmır. O bildirib ki, əvvəllər mühasib kimi başqa təşkilatlarla əməkdaşlıq edib. İ.Əliyevlə öncədən tanış olduqlarını deyən T.Musayevanın sözlərinə görə, 2021-ci ilin yayında görüşüblər: "İmran dedi ki, səfirlikdən 19 min dollar alınıb, xidməti müqavilə ilə işləməyi təklif etdi. Razılaşdım. 2022-ci ilin fevralına qədər işlədim. Mənə o işdən üç dəfə rəsmi şəkildə ödəniş olunub. VÖEN-im vardı. Nağd pul almamışam. Məndən başqa da dörd nəfərə xidməti müqavilə ilə ödəniş olunub".
T.Musayeva əlavə edib ki, öncə şahid qismində dindirilib. Bir neçə ay sonra isə yenidən çağrılaraq təqsirləndirilən şəxs qismində cəlb edilib: "Mən heç bir saxta sənəd tərtib etməmişəm, qanunsuz iş görməmişəm. Heç kimin əvəzinə imza atmamışam".
Növbəti məhkəmə iclasında isə İ.Əliyevin özü ifadə verəcək.
Xatırlatma
İmran Əliyev 2024-cü il aprelin 19-dan həbsdədir. Ona öncə Cinayət Məcəlləsinin 206.3.1-ci (qaçaqmalçılıq - təkrar törədildikdə) və 206.3.2-ci (qaçaqmalçılıq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə ittiham elan olunub. İstintaqın sonunda ona cinayət yoluyla əldə edilmiş əmlakın leqallaşdırılması, qanunsuz sahibkarlıq, vergidən yayınma, saxta sənədlərdən istifadə və s. yeni ittihamlar irəli sürülüb. Bu maddələrdə 12 ilədək həbs cəzası nəzərdə tutulub.
İstintaqın sonunda ictimai fəal Elgiz Qəhrəman və Tamilla Musayeva da onunla bağlı cinayət işi üzrə təqsirləndirilən şəxs kimi tanınıb.
Adları çəkilən üç nəfərin heç biri özünü təqsirli bilmir, ittihamları qəbul etmir.
Meclis.info platforması 2023-cü ildə təsis edilib. Sayt Azərbaycan parlamentinin fəaliyyətini təhlil edir, informativ məlumatlara yer verirdi.
2023-cü ilin noyabrından bəri Azərbaycanda qruplar halında 30-dan çox jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Onlardan bəzilərinin ittihamı daha sonra cinayət yoluyla əldə edilmiş əmlakın leqallaşdırılması, qanunsuz sahibkarlıq, mütəşəkkil dəstə ilə qaçaqmalçılıq, vergidən yayınma, sənəd saxtalaşdırma və başqa ittihamlarla ağırlaşdırılıb. Həbs edilənlərin hamısı bu ittihamları qəbul etmir, peşə fəaliyyətlərinə görə siyasi sifarişlə həbs olunduğunu deyir.
Yerli hüquq-müdafiə təşkilatlarının hazırladığı siyahılarda indi Azərbaycan həbsxanalarında 350 nəfərdən çox siyasi məhbusun olduğu bildirilir.
Rəsmilərsə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslarla həbs edilmir.