Daha iki ictimai fəala həbs cəzası tələb olundu: prokurorun çıxışı yarımçıq qaldı

İmran Əliyev

“Meclis.info” saytının həbsdə olan rəhbəri İmran Əliyevin 12, onunla birlikdə mühakimə olunan digər ictimai fəal Elgiz Qəhrəmanın isə 11 il azadlıqdan məhrum edilməsi istənilib. Oktyabrın 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində prokuror Elvin Mirzəyev bu təkliflə çıxış edib.

Prokurorun çıxışında sıra üçüncü təqsirləndirilən Tamilla Musayevaya çatanda onun durumu pisləşib. T.Musayeva məhkəmə zalında huşunu itirərək yıxılıb. Bu üzdən dövlət ittihamçısının çıxışı yarımçıq qalıb və proses noyabrın 2-dək təxirə salınıb.

Oktyabrın 20-də məhkəmədə prokurorun çıxışından öncə iş materiallarında olan sənədlərə baxılıb. Sənədlərin tədqiqi mərhələsi yekunlaşandan sonra vəkillər bir sıra məsələlərin araşdırılmasını istəyib və bu haqda vəsatətlər qaldırıblar.

Dövlət Vergi Xidməti bu işdə təqsirləndirilən şəxslərə qarşı mülki iddia qaldırıb, onların 67 min manat ödəməsini tələb edir. Lakin təqsirləndirilən üç nəfərin hərəsindən konkret nə qədər tələb olunduğu mülki iddiadan məlum deyil. Vəkillər Dövlət Vergi Xidmətinin nümayəndəsinin məhkəməyə çağrılmasını və bu məsələyə aydınlıq gətirilməsini istəyiblər.

Vəkil Rəsul Cəfərov onu da vurğulayıb ki, tələb olunan məbləğin hansı qanuni əsaslarla hesablandığı bilinmir. Çünki bu məbləğ əsli ortada olmayan sənədlər əsasında əmələ gəlib: “Biz bu məsələni əvvəl qaldıranda demişdiniz ki, sənədlərin tədqiqi mərhələsində Dövlət Vergi Xidmətinin nümayəndəsini dəvət edib araşdıracaqsınız. Xahiş edirəm, gəlsin, suallarımıza cavab versin”.

Roman Ələkbərovun sədrlik etdiyi hakimlər kollegiyası bu vəsatəti təmin etməyib. Qərarı da belə əsaslandırıb ki, 3 nəfərdən ümumilikdə 67 min manat tələb olunur.

Daha bir vəsatət isə İ.Əliyevin evində axtarış zamanı çəkilmiş videogörüntülərə məhkəmədə baxılması haqda olub. Məhkəmədə dindirilən hal şahidi deyib ki, axtarış videoçəkilişlə aparılıb. Vəkillər də həmin çəkilişi tələb edirlər.

Bu vəsatəti də hakimlər rədd edib.

Ardından məhkəmə istintaqının yekunlaşdığı elan edilib və prokurorun çıxışı başlayıb.

Budəfəki məhkəmə iclası yarımçıq qaldığına görə noyabrın 2-də dövlət ittihamçısı yenidən çıxış edəcək.

Xatırlatma

İmran Əliyev 2024-cü il aprelin 19-dan həbsdədir. Onunla birlikdə mühakimə olunan ictimai fəal Elgiz Qəhrəman və Tamilla Musayeva isə həbsdə deyil. Hər ikisi istintaqın sonunda təqsirləndirilən şəxs qismində cəlb edilib. Onların barəsində həm istintaq, həm də məhkəmə dövrü üçün polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Onlara qarşı qaçaqmalçılıq, cinayət yoluyla əldə edilmiş əmlakın leqallaşdırılması, vergidən yayınma, saxta sənədlərdən istifadə və s. ittihamlar irəli sürülüb.

Adları çəkilən 3 nəfərin heç biri özünü təqsirli bilmir, ittihamları qəbul etmirlər.

“Meclis.info” platforması 2023-cü ildə təsis edilib. Sayt Azərbaycan parlamentinin fəaliyyətini təhlil edir, informativ məlumatlar təqdim edirdi.

2023-cü ilin noyabrından bəri Azərbaycanda qruplar halında 30-dan çox jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. İstintaqın sonunda daha bir neçə maddə ilə əlavə ittihamlar elan olunub.

Onlar bu ittihamların heç birini qəbul etmir, peşə fəaliyyətlərinə görə siyasi sifarişlə həbs olunduqlarını deyirlər.

E.Qəhrəman bundan öncə 2016-cı ildə də narkotik ittihamıyla həbs olunmuş, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə ona 5 il 6 ay həbs cəzası kəsilmişdi. 2019-cu ildə əfv sərəncamı ilə azadlığa çıxan ictimai fəal o zaman da özünü təqsirli bilməmiş, Facebook hesabındakı paylaşımına görə şərləndiyini bəyan etmişdi.

Hüquq-müdafiə təşkilatlarının hazırladıqları son siyahıya görə, hazırda Azərbaycanda 322 nəfər siyasi məhbus var. Azərbaycan rəsmi qurumları isə ölkədə siyasi məhbusların olması barədə iddiaları rədd edir və vurğulayırlar ki, adları bu siyahılarda yer alan şəxslər törətdikləri konkret cinayət əməllərinə görə mühakimə olunublar.