İmran Xanın sufi arvadı da korrupsiyada ittiham olunur

Xan baş nazir seçilməzdən beş ay əvvəl yerli media cütlüyün Baba Fərid türbəsini ziyarət etdiyini göstərən fotolar dərc etmişdi

Pakistanın keçmiş baş naziri İmran Xanın arvadı Buşra Xan da ərinə qarşı cinayət işi üzrə ittiham olunur.

Reuters agentliyi yazır ki, hazırda zamində olan keçmiş baş nazir mayın 16-da məhkəmə dinləməsinə gətirilən həyat yoldaşını müşayiət edib.

Buşra Xanın dindarlığı və sufiliyə bağlılığı ilə tanındığı deyilir. 70 yaşlı İmran Xan arvadını özünün ruhi lideri adlandırır.

Qızlıq soyadı Buşra Riaz Vatto olan qadın nikahdan sonra Xan soyadını qəbul edib.

Əri və davamçıları ona hörmətlə Buşra Bibi və ya Buşra Bəyim adları ilə müraciət edirlər.

Buşra keçmiş kriket ulduzu İmran Xanla evləndikdən sonra ictimaiyyət arasında nadir hallarda görünüb.

Buna da bax:

Pakistanda ordu hərəkətə gətirilib

Keçmiş ərin bəyanatı

Reuters agentliyi Buşra Xan haqqında bəzi məlumatları verib.

İndi 40 yaşlarında olan Buşra Pəncabda tanınmış mülkədar ailəsindəndir.

O Xandan əvvəl 30 il müddətində Pəncabda nüfuzlu ailədən olan gömrük zabiti Xavər Fərid Maneka ilə evli olub.

Onlar 2018-ci ildə boşanıblar. Maneka o vaxt Pakistan mediasına belə bir bəyanat vermişdi:

“Açıq şəkildə bəyan etmək istəyirəm ki, mən bu dünyada keçmiş arvadım Buşra Bibi kimi pak qadın görməmişəm”.

Buşra və Manekanın həmin evlilikdən beş övladı var.

Buna da bax:

Çin Mərkəzi Asiyada yeni 'böyük qardaş'a çevrilir?

Sufi müqəddəsinin davamçısı

Bu da qeyd olunur ki, həm Buşra, həm də onun keçmiş əri Maneka, Fəriduddin Məsud Gəncşakar və ya Fərid Baba adı ilə müqəddəs sayılan və məqbərəsi Pəncabda Manekanın doğma şəhəri Pakpattanda olan müsəlman sufisinin davamçılarıdır.

Pakistanlılar Buşranın sözü gedən müqəddəsə sitayişini alqışlayırlar, amma İmran Xanın opponentləri qadını cadugərlikdə ittiham edirlər. Xan bu ittihamları rədd edir.

2018-ci ildə yerli HUM şəbəkəsinə nadir müsahibələrindən birində Buşra demişdi ki, “adamlar Allaha və Peyğəmbərə yaxın olmaq üçün mənim yanıma gəlirlər”.

İmran Xanla Buşranın necə tanış olduqları məlum deyil, amma onun keçmiş köməkçisi Aun Çodri demişdi ki, Xan bu qadının ruhaniliyinə məftundur.

1990-cı illərdə, özünün kriket karyerasının kəlləçarxında pleyboy kimi ad çıxarmış Xan bundan əvvəl sufiliklə maraqlandığını demişdi.

Buna da bax:

Türkiyə müxalifəti pozuntularla bağlı şikayət edib

Xəlvəti nikah mərasimi

Xan və Buşra 2018-ci ildə, İmran Xanın baş nazir seçilməsinə 7 ay qalanda məxfi mərasimlə evləniblər.

Bu Xanın biznes maqnatı Ceyms Qoldsmitin qızı qızı Cemayma Qoldsmit və televiziya aparıcısı Reham Nəyyar Xandan sonra üçüncü evliliyidir.

Xan baş nazir seçilməzdən beş ay əvvəl yerli media cütlüyün Baba Fərid türbəsini ziyarət etdiyini göstərən fotolar dərc etmişdi.

Buşra sözü gedən müsahibədə demişdi:

“İndi sahib Xanın həyatının hər anı Allaha, Peyğəmbərə və Baba Fərid sevgisinə həsr olunub”.

Bu da bildirilir ki, ictimaiyyət arasında yalnız gözlərini açıq qoyan niqab və burqada görünən Buşra Səudiyyə Ərəbistanını çıxmaq şərtilə ərini heç bir xarici səfərdə müşayiət etməyib.

Onların müqəddəs Məkkə və Mədinə şəhərlərinə ziyarəti barədə film çəkilib.

Buna da bax:

'8-ci sinfə gələn şagirdin barmağında nişan üzüyü var'

Əl-Qədir fondu

İmran Xanın Pakistan Təhrike İnsaf (PTI) partiyasının üzvlərinin sözlərinə görə qeyri-hökumət xeyriyyə təşkilatı olan əl-Qədir fondunu açmağa ərini məhz Buşra “ilhamlandırıb”.

Bu fondun İslamabad şəhəri yaxınlığındakı universitetində ruhanilik və İslamiyyət təlim edilir.

Ədliyyə naziri Əzəm Nazir Tərarın bəyanatına görə əl-Qədir fondu hazırda ər-arvada qarşı korrupsiya ittihamlarında mərkəzi yer tutur.

Xanın partiyasının sözçüsü Fərrux Həbib Reuters agentliyinə deyib ki, bu ittihamlar siyasi motivlidir və cütlüyün bu fonddan heç bir şəxsi mənfəəti olmayıb.