Pakistan hökuməti keçmiş baş nazir İmran Xanın siyasi partiyasının liderlərini və onun yüzlərlə tərəfdarını həbs edib, etirazların baş verdiyi bölgələrə qoşun göndərib.
Pakistan boyunca etirazların başlanmasına İmran Xanın mayın 9-da saxlanması səbəb olub.
Xan ötən ilin aprelində etimad səsverməsi ilə hakimiyyətdən kənarlaşdırılandan bəri Pakistanın qüdrətli hərbiyyəsi ilə qarşıdurmadadır.
Keçmiş baş nazir ona qarşı açılmış çoxsaylı korrupsiya cinayət işlərini “siyasi motivli” adlandırır.
Baş nazir Şahbaz Şərif mayın 10-da televiziya ilə bəyan edib ki, o yaranmış vəziyyətlə bağlı paytaxt İslamabada, Xanın doğma regionu olan Pəncaba və ən zorakı etirazların baş verdiyi şimal-qərb bölgələrinə qoşun hissələri yeridilməsini əmr edib.
Şərif deyib ki, “belə mənzərələr” Pakistanda əvvəllər heç vaxt görünməyib.
O zorakılıqları “bağışlanmaz” adlandırıb və bildirib ki, günahkarlar nümunəvi qaydada sərt cəzalandırılacaq.
İğtişaşlar
Pakistanın xüsusi məhkəməsi mayın 10-da İmran Xanın daha 8 gün müddətində həbsdə saxlanmasına qərar verib. Xana qarşı korrupsiya ittihamları irəli sürülüb.
Məhkəmə qərarı zorakı etirazları alovlandırıb və azı 7 nəfərin ölümü ilə nəticələnib.
Etirazçılar Xeybər Paxtunkva vilayətində Radio Pakistan stansiyasının binasını yandırıblar, Pakistan Mərkəzi Seçki Komissiyasının binasını talan ediblər və Lahorda yüksək vəzifəli generalın malikanəsini yandırıblar.
Kütlə habelə İslamabadın yaxınlığındakı Ravalpindidə ordu qışlalarına hücum edib.
Ordu bildirib ki, indiyədək səbir və təmkin nümayiş etdirib, lakin hərbi və hüquq-mühafizə orqanlarına, mülkiyyət və qurğularına hücumlar davam edərsə, sərt tədbirlərə əl atılacaq.
Hərbiyyə bildirib ki, ölkədəki qarışıqlığa görə məsuliyyəti İmran Xanın Təhrike İnsaf (PTI) partiyası daşıyır.
Kütləvi həbslər
Fəvad Çodri və Asad Umar da daxil PTI-nin bir neçə lideri həbs olunub.
Zorakılıqların ardınca təkcə Pəncabda 1300 etirazçının həbs olunduğu xəbər verilir.
BMT-nin baş katibi Antonio Quterreş bütün tərəfləri zorakılıqdan çəkinməyə və sərbəst toplaşma azadlığının təmin olunmasına çağırıb.
Mayın 10-da İmran Xana qarşı rəsmi ittihamlar irəli sürülüb. O 2018-2022-ci illərdə baş nazir olduğu vaxt dövlət hədiyyələrini satmaqda ittiham olunur.
Ötən oktyabrda MSK Xanı 5 il müddətində hökumət vəzifəsi tutmaqdan məhrum edib.
İmran Xan mayın 9-da başqa bir korrupsiya işi ilə bağlı məhkəmə dinləməsi zamanı saxlanıb.
Onun partiyası bu hadisəni siyasətçinin oğurlanması kimi qiymətləndirib.
Baş nazirə və ABŞ-a ittihamlar
Şərif mayın 9-da bildirib ki, İmran Xan Əl-Qədir fondu ilə bağlı qalmaqalla əlaqədar həbs olunub.
Xan və arvadı bu fondun sahibləridir.
İmran Xan yüksək vəzifəli ordu generallarından birini ötən il ona qarşı sui-qəsdin təşkilində ittiham etdikdən bir gün sonra saxlanıb.
Bütün Pakistan boyunca mobil rabitənin kəsildiyi xəbər verilir.
Əsas müxalifət partiyasının lideri kimi geniş dəstəyə malik olan Xan ötən noyabrda İslamabada etiraz yürüşü zamanı odlu silahla hücuma məruz qalıb. Hadisə zamanı onun tərəfdarlarından biri həlak olub.
70 yaşlı keçmiş kriket ulduzu İmran Xan baş nazir vəzifəsindən uzaqlaşdırılandan sonra islamçı müxalifətə liderlik edir.
O hakimiyyətdən Şərif və ABŞ-ın qəsdi ilə uzaqlaşdırıldığını bildirir.