Şıxəli Qurbanovun oğlunun Xarici İşlər Nazirliyi ilə 10 ildən çox çəkən məhkəməsi

Azərbaycan Xarici İşlər Nazirliyi

Azərbaycanın Çexiyadakı səfirliyinin keçmiş müşaviri, 20 ilə yaxın diplomatiya sahəsində işləmiş İlqar Qurbanovla Xarici İşlər Nazirliyi (XİN) arasında 2014-cü ildən başlayan məhkəmə çəkişməsi 2025-ci ilin sonunadək gəlib çatıb.

İşdən qanunsuz çıxarıldığını iddia edən keçmiş diplomatın şikayətini yerli məhkəmələr təmin etmədiyindən bu məsələ hətta Avropa İnsan Haqları Məhkəməsinə də gedib çıxıb. Avropa Məhkəməsi 7 sentyabr 2023-cü il tarixli qərarda İ.Qurbanovun ədalətli məhkəmə araşdırması hüququnun pozulduğunu təsdiqləyib. Bu pozuntuya görə Azərbaycan hökumətinin üzərinə ona 1000 avro kompensasiya ödəmək öhdəliyi qoyub.

Avropa Məhkəməsinin bu qərarı əsasında Azərbaycanda İ.Qurbanovun işinə yenidən baxılıb. Ötən ilin dekabrında Ali Məhkəmənin Plenumu onun şikayəti üzrə təxminən 10 il öncə çıxarılmış qərarı ləğv edib və iş təkrar araşdırma üçün Ali Məhkəməyə göndərilib. Bugünlərdə Ali Məhkəmədə bir daha keçmiş diplomatın kassasiya şikayətinə baxılıb.

1993-cü ildən XİN sistemində olan İ.Qurbanov nazirlikdə Avropa İdarəsinin rəis müavini, Asiya, Afrika və Latın Amerikası ölkələri İdarəsinin rəisi vəzifələrində çalışıb. Ardından Nazirliyin Kollegiyasının üzvü və məsul katibi olub. Ona xüsusi tapşırıqlar üzrə səfir statusu verilib. 2012-ci il fevralın 1-dən Azərbaycanın Çexiyadakı səfirliyinin müşavir-elçisi təyin olunub. Bu vəzifədə cəmi səkkiz ay işləyib. Oktyabrın 1-də vəzifəsindən azad edilərək geri çağrılıb. 2014-cü ilin yanvarında isə diplomatik xidmət orqanlarında qulluğuna xitam verilib.

İ.Qurbanov XİN-i məhkəməyə verərək, Xüsusi tapşırıqlar üzrə səfir vəzifəsinə bərpasını, ona maddi və mənəvi ziyana görə təzminat ödənilməsini tələb edib. O, iddia ərizəsində göstərib ki, Çexiyadakı səfirlikdə işlədiyi müddətdə oradakı durumu dəfələrlə tənqid edib: "Təhlükəsizliyin, konfidensiallığın, peşəkarlığın olmaması, korrupsiyaya şərait yaradan hallar, Azərbaycan dövlətinin adına xələl gətirən vəziyyətin hökm sürməsi ilə bağlı dəfələrlə tənqidi fikirlərimi bildirirdim. 2012-ci il oktyabrın 1-də heç bir hüquqi əsası olmadan vəzifəmdən geri çağrıldım".

Bakı İnzibati Məhkəməsi (o zaman 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi adlanırdı-red.) onun iddiasını təmin etməyib. Bu qərardan Bakı Apellyasiya Məhkəməsinə şikayəti də nəticəsiz qalıb.

Çexiya Respublikasında Azərbaycan səfirliyi

XİN-in arqumenti

XİN iddia edib ki, İ.Qurbanov Çexiyada işlədiyi vaxt "Diplomatik xidmət haqqında" Qanunun tələblərini pozub, bu üzdən geri çağrılıb. Vurğulanıb ki, o, geri çağrılandan sonra müxtəlif qurumlara işə bərpa ilə bağlı ərizə və şikayətlər göndərib, mətbuatda diplomatik xidmət orqanlarının fəaliyyətini mənfi xarakterizə edən çıxışlar edib: "Çexiyadakı səfir İlqar Qurbanovun şikayət və çıxışlarında qeyd etdiyi iradlara aydınlıq gətirib. Onun səfirlikdəki fəaliyyətinin qeyri-məqbul olduğunu nazirliyin rəhbərliyinin diqqətinə çatdırıb. Xarici İşlər Nazirliyinin Həmkarlar İttifaqı Komitəsinin iclasında İlqar Qurbanovun Azərbaycanın diplomatik xidmət orqanlarının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməsi və etik davranış qaydalarını kobud şəkildə pozması müzakirə olunub".

O, həmçinin xidməti və qanunla mühafizə olunan məlumatları yaymaqda ittiham olunub.

Eyni əmələ görə iki dəfə cəzalandırıldığını deyir

İ.Qurbanov isə bu ittihamların heç birini qəbul etməyib. O, Ali Məhkəməyə şikayətində vurğulayıb ki, onunla bağlı yaşananlar eyni əmələ görə iki dəfə cəzalandırmaqdır. Keçmiş diplomatın sözlərinə görə, öncə ona qarşı vəzifədən geri çağrılma tədbiri tətbiq olunub, daha sonra ikinci dəfə cəzalandırılıb – diplomatik xidmət orqanlarında fəaliyyətinə xitam verilib.

Ali Məhkəmədə onun şikayətinə 2016-cı ildə özünün xəbəri olmadan baxılıb və təmin olunmayıb. Avropa Məhkəməsi İ.Qurbanovun şikayəti üzrə qərarında məhz bu məqamı Avropa Konvensiyasının 6.1 (ədalətli məhkəmə araşdırması hüququ) maddəsinin pozuntusu kimi qiymətləndirib.

Bugünlərdə Ali Məhkəmə İ.Qurbanovun işinə özünün iştirakıyla yenidən baxsa da, nəticə dəyişməyib – XİN-ə qarşı məhkəmə çəkişməsində onun şikayəti yenə də təmin olunmayıb.

İ.Qurbanov dövlət xadimi, yazıçı Şıxəli Qurbanovun oğludur. 1966-1967-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi olmuş Ş.Qurbanov 1967-ci ildə ilk dəfə dövlət səviyyəsində Novruz bayramının keçirilməsinə nail olmuşdu. Bundan iki ay sonra – mayın 24-də dişlərini müalicə etdirmək üçün həkimə gedən Ş.Qurbanov orada müəmmalı şəkildə (dişinə vurulan iynədən) vəfat edib.