Həbsdəki ilahiyyatçı: '4 gündür ac-susuzam, dilim söz tutmur'

Mənsur Vəlişov

Lənkəran Penitensiar Kompleksində saxlanılan ilahiyyatçı Mənsur Vəlişov dörd gündür aclıq etdiyini, su və qida qəbul etmədiyini deyir. İlahiyyatçı bildirib ki, heç bir qayda pozmadığı halda, cərimə kamerasına (kars) salınmasına etiraz olaraq bu addımı atıb.

"Dörd gündür ac-susuzam, dilim söz tutmur, dodaqlarım bir-birinə yapışıb. Buranın rəisi Babək İsgəndərov deyir ki, sənin kimi çox oğlanlar ölüb, sən də öləcəksən. Bu həftənin sonuna qədər davam etsəm, dəyəcəm yerə…", - Vəlişov iyulun 30-da ailəsi ilə telefon söhbətində belə deyib.

İlahiyyatçının yaxınları ona aid olduğu bildirilən səs yazısını da təqdim edib. M.Vəlişov deyir, Lənkəran Penitensiar Kompleksində ölkə başçısı da daxil olmaqla, bir sıra səlahiyyətli şəxslərə şikayət məktubları yazmaq istəyib. Amma imkan verməyiblər. Onun sözlərinə görə, şəxsən özünə işgəncə verilməsə də, başqalarına qarşı qəddarlığın şahidi olur, buna səsini çıxaranda isə cəzalandırılır: "Şuşanın azad olunmasında da iştirak etmiş Dadaşov Əli var, onu elə vəziyyətə salıblar, yıxılıb. Hamı qışqırıb, mən də qışqırmışam ki, bu adam üçün həkim gəlsin. Başqa birini döydülər, başını-gözünü partlatdılar. Məni döymürlər, amma döysələr, ondan yaxşıdır. Ombudsman gəlsin, qaldığım yeri görsün…".

Səs yazısından görünür ki, danışıq qəfil kəsilir. Yaxınları Vəlişovun müəssisədəki vəziyyətdən şikayətləndiyinə görə telefon danışığının məcburi dayandırıldığını düşünürlər.

Ailəsi hesab edir ki, ilahiyyatçının yenidən qapalı həbsxana rejiminə köçürülməsi üçün plan hazırlanır və məhz bu səbəbdən o, belə isti günlərdə karsa salınıb.

M.Vəlişova qarşı təzyiqlər və onun aclıq etməsi haqda deyilənlərə Penitensiar Xidmətdən şərh almaq mümkün olmayıb. Penitensiar Xidmət bundan öncəki açıqlamalarda istintaq təcridxanaları və cəzaçəkmə müəssisələrində saxlanılan şəxslərin qanunvericilikdə nəzərdə tutulan bütün hüquqlarının təmin olunduğunu bəyan edib.

M.Vəlişov Lənkərandan öncə Umbakı Penitensiar Kompleksində saxlanılarkən, 2026-cı ilin fevralında orada işgəncəyə məruz qaldığını bildirmişdi. O zaman da ailəsi ilə telefon danışığı zamanı bu haqda məlumat verən ilahiyyatçı demişdi ki, müəssisənin 10 nəfərə yaxın əməkdaşı onun əllərini və ayaqlarını çarpayıya qandallayaraq huşunu itirənədək döyüb.

Xatırlatma

Mənsur Vəlişov 2023-cü ilin martında narkotik ittihamı ilə həbs olunub. O, 6 il azadlıqdan məhrum edilib. O, özünü təqsirli bilmir, narkotik ittihamının saxta olduğunu deyir.

Son dörd il ərzində Azərbaycanda yüzlərlə dini inanclı şəxs narkotik ittihamı ilə həbs olunub. Onlar bu ittihamı qəbul etmir, tənqidi fikirlərinə görə şərlənərək cəzalandırıldıqlarını bildirirlər. Hökumət təmsilçiləri isə onların konkret faktlara görə həbs olunduqlarını iddia edir.

İnsan haqları təşkilatlarının hesabatlarına görə, hazırda Azərbaycanda 328 siyasi məhbus var ki, onların da 190 nəfərdən çoxu dini inanclı şəxslərdir.

Rəsmilər isə siyahıda adları olan şəxslərin məhz törətdikləri əməllərə görə cinayət məsuliyyətinə cəlb olunduqlarını bildirirlər.