İcra başçısı təyinatı adıyla aldadılma: cinayət işində prezident köməkçilərinin də adı hallanır

Bakı Ağır Cinayətlər Məhkəməsi

Daxili İşlər Nazirliyi (DİN) Hava Nəqliyyatında Polis İdarəsinin keçmiş rəis müavini, polkovnik Rasim İldırımzadəyə 12 il həbs cəzası istənilib. Fevralın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində prokuror bu təkliflə çıxış edib.

R.İldırımzadəyə Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsiylə ittiham verilib. O, daha iki nəfərlə əlbir olaraq "Azəryolservis" ASC Gürcüstan filialının keçmiş direktoru Qurban Piriyevi icra başçısı təyin etdirmək adıyla aldatmaqda suçlanır. İddia olunur ki, bu adla Q.Piriyevdən 300 min dollar nağd pul və 20 min dollarlıq qızıl-zinət əşyaları alınıb.

Digər iki təqsirləndirilənsə bakutime.az və xalq.az saytlarının, eləcə də Dünya Azərbaycanlıları İctimai Maarif Mərkəzinin rəhbəri Zaur Mirzəzadə və Balakən rayon Dairə Seçki Komissiyasının katibi olmuş Qoşqar Məmmədovdur. Adları çəkilən şəxslər də eyni maddə ilə suçlanırlar. Prokuror onların da hər birinə 12 il həbs cəzası istəyib.

Zərərçəkmiş qismində tanınan Q.Piriyevin özü məhkəməyə gəlməsə də, nümayəndəsi prokurorun istədiyi cəza ilə razılıqlarını söyləyib. Üstəlik, məhkəmədə qaldırdıqları mülki iddianın təmin olunmasını - dəymiş maddi ziyanın ödənilməsini də tələb edirlər.

İttihama görə, Q.Piriyev hazırda məhkəmə önündə dayanan təqsirləndirilən şəxsləri tanışı Hürü Əmiraslanova vasitəsilə tanıyıb. Bu olayla bağlı cinayət işi başlanandan sonra H.Əmiraslanovanın özü də təqsirləndirilən şəxslər arasında olub, ancaq 2023-cü ilin oktyabrında özünə qəsd edib. Öldüyünə görə, qadın haqqındakı cinayət işinə xitam verilib.

Cinayət işinin materiallarına əsasən, icra başçısı olmaq istəyən Q.Piriyevə təqsirləndirilən şəxslərdən Q.Məmmədovu prezidentin köməkçisi Anar Ələkbərovun əmisi oğlu Şahin Ələkbərov kimi tanıdıblar.

"Pis vəziyyətdə qoymamaq üçün o vaxt demədim"

O, icra başçısı təyin olunmaqdan ötrü 300 min dollar verməyə razılaşınca, R.İldırımzadə "Şahin Ələkbərovun sürücüsü Pərviz" adı ilə gedərək pulu ondan götürüb. Bu məbləğ 180 min və 120 min dollar olmaqla, iki dəfəyə alınıb.

İttihamda bəhs edilən 20 min dollarlıq qızıl-zinət əşyalarına gəlincə, iddia edilir ki, prezidentinin digər köməkçisi (ərazi-təşkilati məsələlər üzrə) Zeynal Nağdəliyevə vermək adıyla Q.Piriyevə hədiyyələr aldırıblar. Təqsirləndirilən Z.Mirzəzadəni də ona Z.Nağdəliyevin Nihad adlı köməkçisi kimi təqdim ediblər.

Məhkəmə önünə çıxarılan üç nəfərin heç biri özünü təqsirli bilmir. Onlar bir-birini suçlayırlar.

R.İldırımzadə ifadəsində bildirib ki, zərərçəkmişdən alınan pulları və qızılı digər təqsirləndirilən şəxslərə verib.

Z.Mirzəzadə isə deyir ki, R.İldırımzadənin görüşdə onu Q.Piriyevə "Nihad" kimi tanıtması onun özü üçün də gözlənilməz olub: "Bilmədim ki, niyə belə deyir. Mənə dedi ki, sonra sənə izah edərəm. Qurban Piriyevdən alınan puldan mənə qətiyyən çatmayıb. Sadəcə, Rasim İldırımzadəni pis vəziyyətdə qoymamaq üçün o vaxt demədim ki, mən Nihad deyiləm".

Təqsirləndirilən Q.Məmmədov da ona pul çatmadığını, özünü təqsirli bilmədiyini söyləyib.

Bu olayla bağlı məhkəmə fevralın 24-də davam edəcək. Təqsirləndirilən şəxslərin vəkilləri müdafiə nitqi ilə çıxış edəcək, özləri də son sözlərini deyəcəklər. Ardından hökm oxunacaq.

Təqsirləndirilən R.İldırımzadə uzun illər Bakının Nəsimi, Suraxanı, Xətai rayonlarının prokuroru çalışmış Yusif İldırımzadənin qardaşıdır. Y.İldırımzadə 2020-ci ildə yaş həddi ilə əlaqədar Xətai rayonunun prokuroru vəzifəsindən azad edilərək təqaüdə göndərilib.

Onun digər qardaşı Yunus İldırımzadə isə "Əmrahbank"ın rəhbəri olub. Mərkəzi Bankın 28 aprel 2020-ci il tarixli qərarı ilə bu bankın lisenziyası ləğv edilib.