ABŞ Hörmüz boğazında gəmiləri müşayiət etmək üçün koalisiya elan etməyə hazırlaşır. Bu haqda "The Wall Street Journal" və "Axios" nəşrləri yazıb. İran isə təslim olmaq fikri olmadığını bildirib.
"Tramp administrasiyası bu həftə bir neçə ölkənin Hörmüz boğazından gəmiləri müşayiət edəcək koalisiya yaratmaqla bağlı razılığa gəldiyini elan etməyi planlaşdırır", – WSJ martın 15-də adı açıqlanmayan ABŞ rəsmilərinə istinadla yazıb.
Xəbərdə deyilir ki, məsələ hələ də müzakirə olunur, missiya döyüş şəraitindən asılı olaraq dəyişə bilər. Potensial iştirakçıların belə bir missiyanın hərbi əməliyyatlar vaxtı, yoxsa atəşkəsdən sonra başlayacağını da müzakirə etdikləri bildirilir.
"Axios" dörd mənbəyə istinadla yazıb ki, ABŞ prezidenti Donald Tramp bu həftə koalisiya haqda açıqlama verəcəyinə ümid edir. Nəşrin yazdığına görə, o, boğazda nəqliyyatın hərəkəti dayandırılarsa, İranın strateji Xarq adasını ələ keçirməyi nəzərdən keçirir. ABŞ qüvvələri martın 13-də bu adanı bombalayıb.
Tramp daha öncə sosial mediada yazıb ki, "Hörmüz boğazından neft alan ölkələr bu keçidin qeydinə özləri qalmalıdırlar, biz də ÇOX kömək edəcəyik!"
Tramp "The Financial Times" qəzetində martın 16-da dərc olunmuş müsahibədə deyib ki, üzv ölkələr İran məsələsində ABŞ-yə kömək etməsələr, NATO "çox pis" bir gələcəklə üz-üzə qalacaq.
Böyük Britaniyanın baş naziri Kir Starmer martın 15-də Trampla qlobal gəmiçilikdə pozulmaları dayandırmaq üçün Hörmüz boğazının açılmasının vacibliyindən danışıb.
Starmer Kanadanın baş naziri Mark Karni ilə boğazın bağlanmasının beynəlxalq gəmiçiliyə təsirini müzakirə edib. Liderlər Yaxın Şərq münaqişəsi ilə bağlı müzakirələri bu gün – martın 16-na planlaşdırılan görüşdə davam etdirəcəklər.
Sizin brauzer HTML5-i dəstəkləmir
Hörmüz boğazı dünya iqtisadiyyatı üçün niyə bu qədər vacibdir
Enerji böhranı sarıdan əndişələr
WSJ onu da yazıb ki, ABŞ neft şirkətlərinin rəhbərləri administrasiya rəsmilərinə İran müharibəsinin yaratdığı enerji böhranının daha da pisləşəcəyi ilə bağlı xəbərdarlıq ediblər.
Nəşrin məsələdən agah mənbələrə istinadla yazdığına görə, "Exxon Mobil", "Chevron" və "ConocoPhillips" şirkətlərinin baş direktorları Ağ evdə görüşlərdə, energetika naziri Kris Rayt və daxili işlər naziri Duq Burqumla danışıqlar aparıblar. Onlar boğazda gəmiçilikdə fasilələrin qlobal enerji bazarlarında dəyişkənlik yaradacağını deyiblər.
Hərbi əməliyyatlar getdiyi vaxtda hərbi qüvvələr gəmiləri boğazdan keçirməyə başlasalar, bu, ABŞ və İsrailin İrana qarşı müharibəsində yeni təhlükəli mərhələnin başlanğıcı olar.
Tramp, ABŞ-nin digər rəsmiləri İran donanmasının məhv edildiyini deyirlər. Amma Tehran Vaşinqtonun bölgədəki ərəb müttəfiqlərinə cavab atəşi açır, boğazdakı xarici donanmaları hədəfə ala bilər.
İranın xarici işlər naziri Abbas Əraqçi martın 15-də Trampın Tehranın Vaşinqtonla danışıqlar aparmaq istədiyi iddiasını təkzib edib. Tramp bildirib ki, o, danışıqlara hazır deyil, çünki Tehranın şərtləri "yetərincə yaxşı" olmayıb.
"Biz heç vaxt atəşkəs istəməmişik, hətta danışıqları belə istəməmişik. Özümüzü gərəkdiyi qədər müdafiə etməyə hazırıq", – Əraqçi CBS TV-yə deyib.