Aprelin 8-də gəmilər Hörmüz boğazından keçməyə başlayıb. Bir aydan çoxdur davam edən intensiv bombardmanlar dayandırılıb, ABŞ və İran arasında kövrək atəşkəs qüvvədədir.
Dünya liderləri bu addımı alqışlayıblar. Amma həm İsrail, həm də İrandan hava zərbələrinin davam etməsi barədə məlumatlar da gəlir.
Aprelin 8-də Vaşinqton və Tehran Pakistanın vasitəçiliyi ilə iki həftəlik atəşkəsə razılaşıblar. Aprelin 10-da İslamabadda iki ölkə arasında birbaşa danışıqlar keçiriləcək.
"Davamlı sülh olmayınca, rahatlamaram"
İranlılar rahat nəfəs aldıqlarını deyirlər, infrastruktur dağıdıldığından bəziləri qarşıdakı günlərin çətin olacağını dilə gətiriblər.
"Atəşkəsə sevinirəm, amma davamlı sülh olmayınca, rahatlamaram", – İrandan bir kişi AzadlıqRadiosunun fars xidmətinə mesajında yazıb.
ABŞ prezidenti Donald Trampın dediyinə görə, atəşkəs razılaşması Tehranın Hörmüz boğazında gəmilərin sərbəst keçidinə icazə verməsindən asılıdır. Dünya neft və qazının təxminən 20 faizi bu boğazdan keçir.
"Marine Traffic" dənizçiliyi izləmə qrupuna görə, günortayadək iki gəmi bu su yolundan keçib.
"Atəşkəs elanından sonra Hörmüz boğazında gəmilərinin hərəkətinin ilk əlamətləri görünür", –qrup X platformasında yazıb. Boğazdan Yunanıstana məxsus bir yük gəmisi və Liberiya bayrağı altında üzən bir gəminin keçdiyi bildirilir.
"Risk yüksəkdir"
Bu fasilə taktiki de-eskalasiya olsa da, dənizlə bağlı şərtlər hələ də çox risklidir. Bunu AzadlıqRadiosuna Amerika Yəhudi Komitəsinin Yeni Yaxın Şərq Mərkəzinin vitse-prezidenti Enn Drizen bildirib. Onun sözlərinə görə, keçid hələ də İran hərbçiləri ilə koordinasiya olunduğundan bu razılaşma beynəlxalq normalara qayıdış deyil, "idarəolunan və şərtlərə bağlı giriş rejimi" deməkdir.
"Praktiki baxımdan, İran boğazdan keçən dəniz nəqliyyatını tənzimləmək, məhdudlaşdırmaq və ya siyasiləşdirmək imkanını saxlayır. Yəni, sərbəst naviqasiya prinsipini bərpa etmək əvəzinə ondan təzyiq aləti kimi yararlanır", – Drizen deyib. O əlavə edib ki, indi məsuliyyət Tehranın üzərinə düşür: o, təzyiq və pozucu davranışdan real danışıqlara və de-eskalasiyaya keçməyə hazır olduğunu sübut etməlidir.
Sizin brauzer HTML5-i dəstəkləmir
Hörmüz boğazı dünya iqtisadiyyatı üçün niyə bu qədər vacibdir