Bəzi vəkil və hüquq müdafiəçiləri iyunun 6-da Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri ilə görüşüblər.
Vəkil Əsabəli Mustafayev Azadlıq Radiosuna bildirib ki, görüşdə Azərbaycanda insan haqları, o cümlədən sərbəst toplaşmaq, söz, birləşmək azadlığı ilə bağlı vəziyyət həmməruzəçilərin diqqətinə çatdırılıb:
"O cümlədən siyasi məhbuslar problemi ilə bağlı danışdıq. Həmçinin biz bəzi sənədləri də təqdim etdik. "
O, qeyd edib ki, görüşün nəticələri olacağına ümidlidir.
Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbusların olması ilə bağlı deyilənləri qəbul etmirlər.
Onların deməsinə görə, siyasi məhbus siyahısına daxil edilən şəxslər sırf törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.
Azərbaycanda amma siyasi məhbuslarla bağlı vahid siyahı yoxdur.
Buna da bax: Bəxtiyar Hacıyevin dostu 8 saat dindirildiyini deyirAŞPA həmməruzəçiləri Azərbaycan rəsmiləri ilə görüşüb
İyunun 5-də Azərbaycan baş prokuroru Kamran Əliyev Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Yan Lidel-Qreynger və Liz Kristofersen ilə görüşüb.
Baş Prokurorluğun mətbuat xidmətinin məlumatına görə, tərəflər arasında Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) Azərbaycanla bağlı qərarlarının icra vəziyyəti müzakirə edilərək, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Yeri gəlmişkən Azərbaycanda bir sıra hüquq müdafiəçiləri və fəallar zaman-zaman AİHM-nin qərarlarının yerinə yetirilməməsi ilə bağlı şikayətlər səsləndirirlər.
AŞPA-dan gələn qonaqlar iyunun 5-də habelə Azərbaycanın xarici işlər və daxili işlər nazirləri ilə də görüşüblər.
Xarici İşlər Nazirliyinin məlumatına görə, Ceyhun Bayramovla görüşdə tərəflər arasında əməkdaşlıq gündəliyində duran məsələlər müzakirə edilib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə isə müvəqqəti saxlama yerlərinin müasir standartlara uyğun təşkil edildiyi, hökumət, eləcə də qeyri-hökumət təşkilatlarından olan müşahidəçilərin orada sərbəst və məhdudiyyətsiz monitorinq keçirmələrinə lazımi şərait yaradıldığı diqqətə çatdırılıb.
Azərbaycanda bir sıra fəallar bəzən müvəqqəti saxlanma yerlərindən də şikayətlər dilə gətirirlər. Şikayətlər həm qida, həm də hüquqlarla bağlı olur.
AŞPA Monitorinq Komitəsinin həmməruzəçiləri Yan Lidel-Qreynger və Liz Kristofersen iyunun 4-də Azərbaycana gəliblər.
Onların səfərləri iyunun 7-nə kimi davam etməlidir. AŞPA həmmərüzçiləri iyunun 6-da vətəndaş cəmiyyətinin təmsilçiləri və jurnalistlərlə görüşməlidirlər.
Azərbaycan 2001-ci ildən AŞPA üzvüdür. Ölkə bu quruma üzv olarkən insan haqları və bir çox başqa sahələrlə bağlı üzərinə çoxsaylı öhdəliklər götürüb. Azərbaycan, hələ də monitorinq altındadır.