ABŞ prokurorları dekabrın 17-də keçirilən məhkəmə iclasında deyiblər ki, prezident Donald Trump-ın şəxsi vəkili Rudy Giuliani-nin yaxın adamı Lev Parnas Ukrayna oliqarxı Dmytro Firtash-ın vəkilindən 1 milyon dollar ödəniş qəbul edib.
Prokurorlar bunu da deyiblər ki, Parnas bu ödənişi onlardan gizlətdiyinə görə onun zaminliyi ləğv edilməli və o həbsə qaytarılmalıdır.
Parnas ödənişi gizlətdiyini inkar edir.
Ukrayna doğumlu ABŞ vətəndaşı Parnas seçki kampaniyasının maliyyələşdirilməsi qanununu pozmaqda ittiham edilir.
O oktyabr ayında həbsindən az sonra zaminə buraxılıb və hazırda Floridada ev məhbusudur.
Buna da bax:
Trump-ın ətrafındakı Ukrayna qalmaqalı böyüyür
Prokurorlar ötən həftə Nyu York sahə hakimindən Parnasın zaminliyinin ləğv edilməsini istəmişdilər.
Onlar demişdilər ki, Parnas öz maliyyəsi barədə informasiyanı, o cümlədən sentyabr ayında Rusiyadakı bir bank hesabından aldığı 1 milyon dolları gizlədib.
Həmin bank hesabı Parnasın arvadı Svetlana Parnasın adındadır.
Dekabrın 17-də ABŞ prokuroru Rebekah Donaleski deyib ki, bu ödəniş onun vəkili vasitəsilə Firtash-dan köçürülüb.
Donaleski əlavə edib ki, bu pulun Parnasın arvadına kredit kimi verilməsi ağlabatan görünmür.
Firtash hazırda Avstriyadan ABŞ-a ekstradisiya olunmasının qarşısını almağa çalışır. ABŞ-da ona qarşı korrupsiya ittihamları irəli sürülüb.
Parnas və onun hazırda ittiham altında olan Belarus doğumlu ABŞ vətəndaşı olan biznes partnyoru Igor Fruman Trump-ın şəxsi vəkili Giuliani-nin yaxın adamlarıdırlar.
Hər iki biznes partyoru ittihamları qəbul etmirlər.
Buna da bax:
Ukraynalı deputat Trump-ın vəkili ilə görüşdüyünü deyir
Onlar Giuliani ilə birlikdə keçmiş vise-prezident Joe Biden və onun oğlu Hunter barəsində Ukraynada cinayət işinin açılması və 2016-cı il seçkisi zamanı demokratların fəaliyyətlərinin araşdırılması məqsədilə məxfi görüşlərdə iştirak ediblər.
Bu iki şəxs habelə ABŞ-ın Ukraynadakı keçmiş səfiri Marie Yovanovitch-in vəzifəsindən geri çağırılmasına çalışan bir və ya bir neçə Ukrayna rəsmisinə kömək etməkdə günahlandırılır.
Ukraynanın ən zəngin adamlarından biri olan Firtash 2014-cü ildə Avstriyada həbs olunduqdan bəri mümkün ekstradisiyasına qarşı mübarizə aparır.
ABŞ hakimiyyət orqanları 54 yaşlı Firtash-ı rüşvətdə və cinayətkar qrup təşkil etməkdə şübhəli kimi 2006-cı ildən bəri araşdırırlar.