Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 08:51

Ukraynalı deputat Trump-ın vəkili ilə görüşdüyünü deyir


Andriy Derkach (sağda) və Rudolph Giuliani
Andriy Derkach (sağda) və Rudolph Giuliani

Ukraynadan deputat Andriy Derkach deyir ki, ABŞ Prezidenti Donald Trump-ın şəxsi vəkili Rudy Giuliani ilə görüşüb. Onun sözlərinə görə, korrupsiyayla, ABŞ-ın ayırdığı vəsaitdən Kiyevdə sui-istifadəylə mübarizə məqsədilə parlamentlərarası qrupun yaradılmasını müzakirə ediblər.

Derkach bu haqda dekabrın 5-də Facebook-da böyük bir post paylaşıb. O, görüşün Giuliani Kiyevə çatan kimi baş tutduğunu söyləyib.

Giuliani Trump ilə bağlı aparılan impiçment araşdırmasının mərkəzində dayanır.

Müstəqil deputat olan Derkach görüşün dəqiq tarixini açıqlamayıb. Amma bundan öncə “The New York Times” yazıb ki, Giuliani bu həftə Budapeşt və Kiyevə səfər edərək Ukraynanın indiki və keçmiş rəsmiləri ilə görüşüb, sənədli filmlər seriyasını müzakirə edib.

Film çəkirlər?

“Təəssüf ki, ölkəmiz beynəlxalq korrupsiyayla bağlı qalmaqalların mərkəzindədir. Biz həm də amerikalı vergi ödəyicilərinin pullarının Ukrayna dövlət qurumlarının təmsilçiləri tərəfindən səmərəsiz xərclənməsindən danışırıq”, – Derkach yazıb.

“Giuliani-nin bu qrupun qurulmasında iştirakı bizim üçün çox faydalı olacaq. O özəlliklə, qrupa beynəlxalq ekspertlərin, təhlilçilərin, jurnalistlərin... salınmasına kömək edə bilər”, – o əlavə edib.

Ötən ay Konqresdə impiçment araşdırması çərçivəsində ifadə vermiş ABŞ rəsmiləri deyiblər ki, Giuliani-nin Ukraynada Trump üçün oynadığı roldan getdikcə narahat olmağa başlayıblar.

Şahidlərin deməsinə görə, Giuliani aydın şəkildə bildirib ki, Ukraynanın yeni seçilmiş prezidenti Volodymyr Zelenskiy Ağ evə səfər etmək üçün keçmiş vitse-prezidenti Joe Biden barəsində təhqiqat başlandığını elan etməlidir. Demokrat Biden gələn il prezident seçkisində Trump-ın rəqibi ola bilər. Araşdırma həm də Biden-in oğlu, Ukraynada Burisma qaz şirkətinin idarə heyətinin üzvü olmuş Hunter-i əhatə etməliydi.

Giuliani Konqresdə ifadə verməyib.

“The New York Times” yazıb ki, Giuliani-nin səfəri sənədli film çəkilişi ilə bağlıdır, məqsəd impiçment dinləmələrində verilən ifadələri təkzib etməkdir.

XS
SM
MD
LG