Fransa Ermənistandakı vəziyyəti dəyərləndirmək üçün bu ölkəyə nümayəndə heyəti göndərəcək. Bu haqda iki ölkənin müdafiə nazirlərinin görüşündə məlumat verilib. Sentyabrın 27-də Fransanın Müdafiə naziri Sebastyan Lekornyu Parisdə ermənistanlı həmkarı Suren Papikyanla görüşüb.
“Biz Azərbaycanla sərhəddə vəziyyəti müzakirə etdik. Orada hərbi əməliyyatlar dayandırılmalı, Azərbaycan qüvvələri çıxış mövqelərinə qayıtmalıdırlar”, – Lekornyu Facebook-da yazıb.
Ermənistan hələlik, bu görüşlə bağlı açıqlama verməyib.
Buna da bax: Paşinyan Bakını Xankəndi ilə müzakirələrə çağırırPaşinyan beynəlxalq müşahidə missiyası istəyir
Baş nazir Nikol Paşinyan bazar ertəsi Parisə səfəri zamanı Fransa Prezidenti Emmanuel Makronla görüşündə sərhəd zonasına beynəlxalq müşahidə missiyası göndərməyin vacibliyini qeyd edib. Onun sözlərinə görə, bu halda beynəlxalq ictimaiyyət birbaşa, vasitəçisiz informasiya ala bilərdi. Paşinyan Azərbaycanı sentyabrın 13-14-də Ermənistanın suveren ərazisinə təcavüzdə suçlayıb.
Azərbaycan Prezidenti İlham Əliyev isə Ermənistan ərazisinə müdaxiləylə bağlı ittihamları rədd edir. Onun sözlərinə görə, sərhədlər delimitasiya olunmadan heç kəs sərhədin haradan keçdiyini deyə bilməz.
Buna da bax: Emmanuel Makron İlham Əliyevə zəng edibSentyabrın 12-dən 13-nə keçən gecə sərhəd toqquşmalarında Azərbaycandan 80-ə yaxın, Ermənistandan 200-dən çox hərbçi həlak olub. Tərəflər bir-birini ittiham edib.
2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Laçın dəhlizinə və Qarabağdakı təmas xəttinə Rusiya sülhməramlıları yerləşdirilib. Avqustun sonunda Laçın dəhlizinə paralel yol işə salınandan sonra Laçın şəhəri Azərbaycanın nəzarətinə qaytarılıb.