Əvəz Zeynalının həbs müddəti uzadılıb

Əvəz Zeynallı

Dekabrın 29-da Bakının Binəqədi Rayon Məhkəməsi jurnalist Əvəz Zeynallının barəsində seçilmiş həbs-qətimkan tədbirinin üç ay uzadılması ilə bağlı istintaqın vəsatətini təmin edib.

Bu barədə onun vəkili Fəxrəddin Mehdiyev məlumat verib:

“Məhkəmə ilkin olaraq Əvəz Zeynallı barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib. Bu müddət yanvarın 8-də başa çatır. Buna görə istintaq həbs müddətinin daha 3 ay uzadılması barədə vəsatət irəli sürüb.”

Buna da bax:

Bəxtiyar Hacıyev şəxsi söhbətlərinin yayılmasından danışıb

Müdafiə tərəfi həbs müddətinin uzadılmasının əleyhinə olub.

“Xahiş etdik ki, heç olmasa ev dustaqlığı ilə kifayətləsinlər. Lakin məhkəmə bizim vəsatətimizi təmin etmədi”, - deyə vəkil bildirib.

Vəkilin sözlərinə görə, jurnalistin səhhətində problemlər yaranıb.

Üstəlik, o, şəkər xəstəliyindən şikayətlənir. “Əvəz Zeynallının gözündə katarakt var. Deməsinə görə, dərmanlar kömək etmir, cərrahi əməliyyat lazımdır”, - deyə vəkil bildirib.

Bu açıqlamaya, hələlik, Penitensiar Xidmət və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Buna da bax:

Bayram yarmarkalarında alıcı-satıcı giley-güzarı…

Xatırlatma

Vəkil Elçin Sadıqov və “Xural TV” saytının təsisçisi Əvəz Zeynallı bu il sentyabrın 10-da rüşvət iddası ilə saxlanılıblar. Sentyabrın 11-də məhkəmə hər ikisini həbs edib.

Sentyabrın 17-də Bakı Apellyasiya Məhkəməsi Sadıqovu ev dustaqlığına keçirib.

Əvəz Zeynallı Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvətalma) Elçin Sadıqov isə rüşvətə köməklikdə ittiham edilib.

Sentyabrın 21-də isə Əvəz Zeynallıya qarşı Cinayət Məcəlləsinin 312-1 (vəzifəli şəxsin qərarına qanunsuz müdaxilə göstərmə - nüfuz alveri) maddəsi ilə əlavə ittiham irəli sürülüb.

Onlar ittihamları qəbul etmirlər.