Keçid linkləri

2024, 09 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:43

Bayram yarmarkalarında alıcı-satıcı giley-güzarı…


"Kənddən Şəhərə" yarmarkaları dekabrın 30-dək fəaliyyət göstərəcək
"Kənddən Şəhərə" yarmarkaları dekabrın 30-dək fəaliyyət göstərəcək

Bakıda Yeni il qabağı satış yarmarkaları fəaliyyətə başlayıb. Rəsmi məlumata görə, "Kənddən Şəhərə" yarmarkaları dekabrın 17-dən 31-nə kimi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, Yeni il bayramı münasibətilə Bakı və Abşeronda fəaliyyət göstərir. Belə yarmarkaları hər il Kənd Təsərrüfatı Nazirliyi təşkil edir.

İndiki və ötənilki qiymətlər…

Həmin yarmarkalarda kənd yumurtası 35, soğan 85 qəpik, pomidor 1.5-1.7, xiyar 3.5-3.8 manat səviyyəsindədir. Habelə, kartof 85 qəpik-1 manat, alma 80 qəpik – 3 manat, nar 1-2 manat, mal əti isə 11-12.5 manat arasındadır.

Ötən il yarmarkalarda kənd yumurtası 25, kartof 70 qəpik, pomidor- xiyar 1.5 manat, mal əti isə 10 manata bərabər idi.

Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, 2022-ci ilin noyabrında ərzaq məhsulları, içkilər və tütün məmulatları 1.2, əvvəlki ilin noyabrına nisbətən isə 20.1 faiz bahalaşıb.

"Alıcı keçən il daha çox idi"

Nərimanov rayonunda təşkil olunmuş yarmarkaya meyvə-tərəvəz məhsulları gətirən Nemət adlı satıcı AzadlıqRadiosuna bildirib ki, bu il alıcılar azdır: "Alıcı keçən il daha çox idi. Qorxuram ki, gətirdiyim malın 30-40 faizi xarab olar. Ümidimiz bugünə və sabahadır ki, alıcılar daha çox gələcək. Adətən adamlar ayın 30-u daha çox alış-veriş edir".

"Marketlərdə də qiymət təxminən belədir"

Alıcılar isə bildirirlər ki, qiymətlər istədikləri kimi ucuz deyil. "Baxın, məsələn, burada mandarinin qiyməti 1 manat-1 manat 50 qəpikdir, kartof 85 qəpik – 1 manatdır, kök də 1 manatdır. Marketlərdə də qiymət təxminən belədir. Həm də yarmarkalar o qədər də əlverişli yerlərdə təşkil olunmur", - alıcılardan biri vurğulayıb.

Kənd Təsərrüfatı Nazirliyindən "Turan"a bildirilib ki, yarmarkalarda əvvəlcədən qeydiyyatdan keçmiş 50-ə yaxın regiondan 70-dən artıq fermer iştirak edir: "Onlar 80-ə yaxın çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirir".

"Yarmarkalarda iştirak tamamilə ödənişsizdir"

Qurumdan qeyd olunub ki, "Kənddən Şəhərə" Yeni il yarmarkasının təşkilində əsas məqsəd fermerlər üçün alternativ satış kanalı yaratmaqdır: "Yarmarkalarda iştirak tamamilə ödənişsizdir. Burada fermerlər heç bir ödəniş etmədən piştaxta, tərəzi, soyuducu və digər avadanlıqlarla tam təchiz olunmaqla öz məhsullarını şəhər sakinlərinə təqdim edirlər. Məhsullarının daşınmasında çətinlik yaşayan fermerlərə isə təşkilatçı qurum tərəfindən logistika dəstəyi göstərilir".

Vurğulanıb ki, yarmarkalarda satışa çıxarılan məhsulların keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edir: "Yarmarkada Səyyar Qida Laboratoriyası fəaliyyət göstərir…".

"Azərbaycanda məhsulun maya dəyəri yüksək olur"

Kənd təsərrüfatı məsələləri üzrə ekspert Vahid Məhərrəmli isə AzadlıqRadiosuna deyib ki, əslində Azərbaycanda mal-məhsul ucuz başa gəlmir ki, onu ucuz satsınlar: "Azərbaycanda məhsuldarlıq aşağıdır və buna görə məhsulun maya dəyəri yüksək olur. Azərbaycanda istehsal vasitələri, əsasən, xaricdən gətirilir, onlar da baha gəlir. Ona görə də Azərbaycanda istehsal olunan məhsulların maya dəyəri baha olur".

"Varlı adam yarmarkada alış-veriş etmir"

V.Məhərrəmli deyir ki, yarmarkalara çıxarılan mallar keyfiyyəti nisbətən aşağıdır: "Ora keyfiyyəti yüksək olan mallarını çıxarmırlar, çünki varlı adam yarmarkada alış-veriş etmir. Ona görə də bunu nəzərə alıb yarmarkalara daha aşağı keyfiyyətdə məhsul gətirirlər və, çox təəssüf ki, bu məhsul bazar qiymətlərindən yüksək qiymətə satılır".

XS
SM
MD
LG