Rusiyada amerikalı jurnalistin həbs müddəti uzadılır

Evan Qerşkoviç

Rusiya məhkəməsi ABŞ-ın "The Wall Street Journal" qəzetinin müxbiri Evan Qerşkoviç (Evan Gershkovich) barəsində həbs-qətimkan tədbirinin müddətini uzadıb. Moskvadakı Lefortovo rayon Məhkəməsi bu haqda noyabrın 28-də Telegram-da məlumat yayıb.

Qerşkoviç martın sonunda Uralın Yekaterinburq şəhərində saxlanılıb. Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FSB) onda bildirmişdi ki, Qerşkoviçə qarşı hərbi-sənaye kompleksi barədə dövlət sirlərini yığmağa görə casusluq işi açılıb. Jurnalist ittihamları rədd edib.

Təqsirli bilinərsə, ona 20 ilədək həbs cəzası kəsilə bilər.

Ağ ev və "The Wall Street Journal" bildiriblər ki, Qerşkoviç Rusiyada müvafiq akkreditə ilə işləyən jurnalist olub.

Qerşkoviç Moskvadakı Lefortovo həbsxanasında saxlanır. Çar dövründən qalan bu həbsxana sovet repressiyasının simvolu sayılır, Lefortovoda casusluqda şübhəli bilinənlər saxlanır.

Avqustun 24-də Lefortovo məhkəməsi həbs-qətimkan tədbirini üç aylığa, noyabrın 30-dək uzatmış, oktyabrın 10-da bu qərardan apellyasiya şikayəti təmin olunmamışdı.

Buna da bax: 'Günlərim belə keçir', - AzadlıqRadiosunun jurnalisti Alsu Kurmaşeva həbsxanadan yazır

Qerşkoviç kimdir

ABŞ vətəndaşı olan 31 yaşlı Qerşkoviç Moskvada yaşayır. O, Yekaterinburqda rusiyalıların Kremlin Ukraynaya qarşı müharibəsinə, "Vaqner" muzdlu qruplaşmasına münasibətindən yazmağa getmişdi.

Vəkil Mariya Korçaqina jurnalistlərə deyib ki, müdafiə tərəfi məhkəmədən Qerşkoviçin ev dustaqlığına, yaxud 50 milyon rubl (561 min dollar) qarşılığında zaminə buraxılmasını istəyib. Girov pulunu "The Wall Street Journal"ın sahibi "Dow Jones&Co" ödəyəcəkdi.

ABŞ Dövlət Departamenti Qerşkoviçi "qanunsuz saxlananlar" kateqoriyasına salıb. Bu isə Departamentə Qerşkoviçin maraqlarına uyğun hərəkət etməyə əsas verir.

Rusiya amerikalıları Birləşmiş Ştatlarda saxlanan rusiyalılarla dəyişmək məqsədilə saxlamaqda ittiham olunur.

AzadlıqRadiosunun müxbiri də saxlanılıb

AzadlıqRadiosunun müxbiri, ikili ABŞ və Rusiya vətəndaşlığı olan Alsu Kurmaşeva ötən ay saxlanıb, "xarici agent" kimi qeydiyyatdan keçməməkdə ittiham olunub. Buna görə 5 ilədək həbs cəzası kəsilə bilər.

Kurmaşeva mayda ailəsində yaranmış təcili vəziyyətə görə Rusiyaya gedib, iyunun 2-də geri qayıdarkən Kazan aeroportunda saxlanıb, hər iki pasportu müsadirə olunub. O, pasportlarının qaytarılmasını gözləyirdi, oktyabrın 18-də yenidən saxlanıb, ona ittiham irəli sürülüb.

AzadlıqRadiosunun azı 30 jurnalisti Rusiyanın Ədliyyə Nazirliyi tərəfindən "xarici agent" siyahısına salınıb.

AzadlıqRadiosu bildirir ki, "xarici agent" qanunu siyasi senzuraya bərabərdir, məqsəd jurnalistlərin peşəkar borclarını icra etməsinin qarşısını almaqdır. AzadlıqRadiosu Rusiya məhkəmələrində, Avropa İnsan Hüquqları Məhkəməsində iddialar qaldırıb.