Mənzildən çıxmayan məcburi köçkünlər ev sahibinə 'kirayə pulu' ödəyəcək

Bakıda məcburi köçkünlərin etirazı. 2019

Bakının mərkəzində uzun illərdir məskunlaşdıqları mənzildən çıxmayan keçmiş məcburi köçkün ailəsi buna görə evin sahibinə 34 min manata yaxın təzminat ödəməli olacaq. Bugünlərdə məhkəmədə belə bir qərar çıxarıb. Söhbət Nəsimi rayonu, Vaqif prospektində yerləşən bir mənzildən gedir.

Evin mülkiyyətçisi A.Musayev əmlakından istifadə edə bilmək üçün 15 ilə yaxındır məhkəmələrdə mübarizə aparır. Bu məsələ, hətta Avropa Məhkəməsinə də gedib çıxıb, orada da qərar qəbul olunub.

Məcburi köçkünlər evdən könüllü şəkildə çıxmaq istəmədiklərinə görə 2012-ci məhkəməyə üz tutub. Nəsimi rayon Məhkəməsi həmin mənzildə məskunlaşmış L.Abbaszadə və digərlərinin məcburi şəkildə oradan çıxarılmasına qərar verib. İllər keçsə də, bu qərar kağız üzərində qalıb. Əmlak sahibi qərarın icra olunmaması ilə əlaqədar Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) maddəsinin pozuntusundan Avropa Məhkəməsinə şikayət edib.

Bu şikayət araşdırılarkən hökumət barışıq təklif edib, mənzilin boşaldılması ilə bağlı qərarın icra olunması və ərizəçiyə kompensasiya ödənilməsi barədə öhdəlik götürüb. Tərəflər razılaşıblar və Avropa Məhkəməsi 2020-ci ilin martında öz qərarı ilə bunu təsdiqləyib.

Ancaq bunun da nəticəsi olmayıb – mənzil yenə boşaldılmayıb.

Sizin brauzer HTML5-i dəstəkləmir

Köçkünlər zəbt etdikləri evlərdən çıxarılacaqmı? 'Torpaqlar azad oldu, yenə...'

Təzminat üçün yenidən məhkəməyə üz tutub

Mülkiyyətçi 2025-ci ildə yenidən məhkəməyə üz tutaraq bu dəfə illərdir əmlakından yararlana bilmədiyinə görə əldən çıxmış fayda olaraq təzminat tələb edib. O vurğulayıb ki, həmin ərazidə aylıq kirayə qiymətləri təxminən 1000 manatdır. Tələb edib ki, 2021-ci ilin sentyabrından mənzili boşaldılacaq günədək ayda 1000 manatdan hesablanmaqla ona ödənilsin: "Məhkəmə qərarı bugünədək təmin olunmayıb. Bunun nəticəsində də mən gündən-günə daha çox ziyana məruz qalıram. Evimdən nə yaşayış yeri kimi istifadə edə bilirəm, nə də onu kirayə verib maddi ehtiyaclarımı həll elə bilirəm".

İşə Nəsimi rayon Məhkəməsi baxıb. Qarşı tərəf məhkəmədə bildirib ki, hazırda Füzuli rayonuna köçürülmələri üçün şərait yoxdur. Yaşamağa başqa yerləri də olmadığından rayona qayıdanadək bu mənzili tərk edə bilmirlər. Hesab edirlər ki, Füzuliyə qaytarılanadək yaşadıqları evdən çıxarılmaları təxirə salınmalı, bu haqda konkret qərar qəbul olunmalıdır.

Onlar ev sahibinin ayda 1000 manatdan hesablanmaqla pul tələbini də rədd ediblər. Vurğulayıblar ki, əmlak sahibi ona ziyan dəydiyini hesab edirsə, bunu həmin evə sığınmaq məcburiyyətində qalanlardan yox, məcburi köçkünləri evlə təmin etmək öhdəliyi olan dövlət qurumlarından tələb etməlidir: "Onların öhdəliklərini yerinə yetirməməsinə görə biz, məcburi köçkünlər, başqalarının mənzillərində yaşamağa məcbur olmuşuq. Bizi ora dövlət - icra hakimiyyəti yerləşdirib, başqa məcburi köçkünlər kimi zorla qapını sındırıb zəbt etməmişik. Pul məsələsinə gəlincə, harada görünüb ki, məcburi köçkündən pul tutulsun? Bu, absurd məsələdir. Dəfələrlə "Qaçqınkom"a müraciət etmişik, ev verilməsi ilə maraqlanmışıq. Füzuli rayonu üçün hələ qeydiyyat yoxdur".

Sizin brauzer HTML5-i dəstəkləmir

"30 ildir evimi köçkün tutub, özüm yataqxanada yaşayıram"

İllər üzrə fərqli kirayə haqları hesablanıb

Məhkəmə hər il üçün kirayə haqqının fərqli hesablanmasına qərar verib. 2021-ci ildə aylıq 500 manatdan olmaqla üç ay (oktyabr, noyabr, dekabr) üçün ümumilikdə 1500 manat hesablanıb. 2022-ci ildə aylıq 620 manat, 2023-cü il üçün aylıq 650 manat, 2024-cü ildə hər ay 680 manat, 2025-ci ildə isə aylıq 750 manatdan götürülüb. Beləliklə, 2021-ci ilin oktyabrından 2026-cı ilin yanvarınadək olan müddətdə evdə yaşayan keçmiş məcburi köçkünlərin əmlak sahibinə ümumilikdə 33 min 900 manat pul ödəməsinə qərar verilib.

Qarşı tərəfin apellyasiya şikayəti verib-vermədiyi bəlli deyil.

Azərbaycan 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük əməliyyatla ərazi bütövlüyünü bərpa edəndən sonra işğaldan azad olunmuş ərazilərə əhalinin qayıdışı başlanıb.

Azərbaycan hakimiyyəti Ermənistanın işğalı altında olan ərazilərdən 700 mindən çox insanın didərgin düşdüyünü bildirirdi.

1996-cı ildə keçmiş prezident Heydər Əliyev məcburi köçkünlərin məskunlaşdıqları yerlərdən çıxarılmaması haqqında fərman imzalayıb. Uzun illər məhkəmələr oxşar proseslərdə bu sənədi əsas götürürlər.

Prezident İlham Əliyev yanvarın 5-də yerli televiziyalara müsahibəsində deyib ki, işğal dövründə 300 mindən çox köçkün yeni evlərlə, mənzillərlə təmin edilib, 100-dən çox şəhərcik inşa olunub. O, hazırda işğaldan azad edilmiş ərazilərdə 70 min insanın yaşadığını vurğulayıb, amma onların, əsasən, işləyənlər olduğunu, köçkün olmadıqlarını deyib.

"Hesab edirəm ki, ən azı 30-50 kənddə biz insanları yerləşdirə bilərik və, beləliklə, ola bilər, 120, 130, 140 min əhali bu ilin sonuna qədər orada yaşayacaq, çalışacaq", – dövlət başçısı vurğulayıb.