Əsgər ölümü: 'Oğlumun ürəyində problem ola-ola xəstəliyi gizlədib göndərdilər'

2026-cı ilin 4 oktyabr tarixinə qədər Azərbaycanın təhlükəsizlik və müdafiə sektoru azı 44 hərbi qulluqçusunu itirib.

Naxçıvanda hərbi xidmət zamanı ürək xəstəliyindən vəfat edən əsgər Sənan Hüseynovun ölümünə görə hərbi hissənin tibb məntəqəsində çalışan diş həkimi cəzalandırılıb. Mərhum əsgərin valideyni isə məhkəmədə diş həkimindən şikayətçi olmadığını bildirib. Onun fikrincə, əsas günahkarlar övladının ürəyində problem olduğunu bilə-bilə onu hərbi xidmətə aparanlardır.

2025-ci ilin yayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsindən hərbi xidmətə çağırılan 18 yaşlı S.Hüseynov elə həmin ilin sonunda vəfat edib. O, ölümündən bir gün əvvəl diş ağrısı şikayəti ilə hərbi hissənin tibb məntəqəsinə, həkimin yanına gedib. Həkim dişin dibində irin olduğunu və bunun üzdə şişkinlik yaratdığını görərək, əsgərə beşgünlük müalicə təyin edib. Müalicə kursuna həm əzələdaxili iynə, həm də xüsusi dərmanla diş ətinin qarqara edilməsi daxil idi.

Həmin gün əsgərə bir dəfə iynə vurulub və dişi qarqara edilib. Ertəsi gün səhər saatlarından isə əsgər uzunmüddətli yürüş və ağır yük daşımalarından ibarət təlimə cəlb olunub. Saat 12:30 radələrində beşmərtəbəli əsgər yataqxanasının birinci mərtəbəsində onun ürəyi dayanıb və yerə yıxılıb. S.Hüseynov xəstəxanaya çatdırılsa da, artıq gec olub.

Əsgərin ölümünə görə tibb xidməti leytenantı rütbəsini daşıyan 24 yaşlı diş həkimi cinayət məsuliyyətinə cəlb edilib. Tibb Universitetinin Hərbi tibb fakültəsini 2024-cü ildə bitirən və dərhal Naxçıvandakı hərbi hissəyə təyinat alan gənc həkim əsgərə müvafiq tibbi xidmət göstərməməkdə ittiham olunur. Bu səbəbdən ona Cinayət Məcəlləsinin 342.1-1-ci (qulluğa səhlənkar yanaşma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.

"Həyəcan siqnalı veriləcəyini bilsəydim..."

Cinayət işinin materiallarında iddia olunur ki, S.Hüseynov həkimə müraciət edərkən artıq iki həftə idi ki, onda "kəskin infeksion miokardit" (ürək əzələsinin infeksiya nəticəsində yaranan iltihabı) xəstəliyi mövcud olub. Amma bu müddət ərzində xəstəlik özünü büruzə verməyib.

Diş həkimi xəstənin durumunu düzgün qiymətləndirməməkdə təqsirləndirilir. İddiaya görə, o, əsgərin xəstəxanaya göndərilməsi və orada peşəkar müalicə alması barədə qərar qəbul etməli idi.

Ekspert rəyinə görə, ölümdən qabaq ağır fiziki yüklənmə ürəyin oksigen tələbatını artıraraq iltihabi prosesi kəskinləşdirib və ölümü sürətləndirib.

Təqsirləndirilən həkim isə məhkəmədə bildirib ki, əsgər Hüseynov ona müraciət edəndə dişinin iki gün əvvəl ağrımağa başladığını, üzündəki şişkinliyin isə elə həmin gün yarandığını deyib: "Müayinə zamanı əməliyyata göstəriş verən klinik əlamətlər müəyyən edilmədiyi üçün iltihab əleyhinə müalicə təyin olundu. Kanal müalicəsinin iltihab aradan qalxdıqdan sonra aparılacağı izah edildi. Antibiotiklərə allergiyasının olmadığı dəqiqləşdirildikdən sonra gündə iki dəfə vurulmaqla, beşgünlük əzələdaxili iynə və qarqara təyin edildi".

Diş həkimi vurğulayıb ki, S.Hüseynovun vəziyyəti nəzərə alınaraq onun təlimlərdən azad edilməsi və ona istirahət verilməsi daha düzgün qərar olardı. Ağır fiziki yüklənmə olmasaydı, antibiotik müalicəsi ilə xəstəliyin sağalması mümkün idi: "Həyəcan siqnalı veriləcəyini bilsəydim, Sənan Hüseynovun ağır fiziki yüklənmələrdən və təlimlərdən azad edilməsi barədə rəy verərdim. Buna görə də özümü qismən təqsirli bilirəm".

Sizin brauzer HTML5-i dəstəkləmir

Azərbaycan ordusunda qeyri-döyüş şəraitində ölümlər azalmır. "Dedovşina", korrupsiya...

Ana diş həkimindən şikayətçi deyil

Məhkəmədə zərərçəkmiş tərəf kimi dindirilən mərhum əsgərin anası diş həkimindən şikayətçi olmadığını bildirib. O xatırladıb ki, oğlu hələ 2025-ci ilin yayında, hərbi xidmətə getməzdən əvvəl Füzuli Rayon Mərkəzi Xəstəxanasında müayinə ediləndə həkimlər onun ürəyində problem olmasından şübhələnmişdilər. Bu səbəbdən onu Bakıya – Kardiologiya İnstitutuna əlavə müayinəyə göndəriblər. Buna baxmayaraq, son nəticədə oğlunu yenə də hərbi xidmətə yola salıblar: "Oğlumun ürəyində problem ola-ola xəstəliyi gizlədib göndərdilər. Nəticə də belə oldu. Tələbim odur ki, bu işdə günahı olanların hamısı qanun qarşısında cavab versin. Hesab edirəm ki, istintaq düzgün aparılmayıb".

S.Hüseynovun hərbi xidmətə aparılmazdan öncə tibbi müayinədən keçdiyi Füzuli Rayon Mərkəzi Xəstəxanasının Terapiya şöbəsinin müdiri də bu iş üzrə istintaqda dindirilib. O, çağırışçını Kardiologiya İnstitutuna müayinəyə göndərmələrini belə izah edib: "Müayinə nəticələri ilə tanış olarkən elektrokardioqramda "sağ hiss dəstəsinin natamam blokadası" qeydini gördüm. Özündən ürəyi ilə bağlı şikayətinin olub-olmadığını soruşdum. Bildirdi ki, yoxdur. Buna baxmayaraq, ixtisaslaşdırılmış müayinə üçün göndərdik. Bir neçə gün sonra Kardiologiya İnstitutundan müayinə aktı gəldi; kardioloq yazmışdı ki, heç bir patologiya aşkar edilməyib".

Oktyabrın 27-də diş həkiminə hökm oxunub. Ona cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 2 il 3 ay azadlıqdan məhrumetmə cəzası verilib.

2024-cü ildən yeni qayda tətbiq olunur

Son illərdə sağlamlığında ciddi problemlər olan gənclərin hərbi xidmətə aparılması ilə bağlı çoxsaylı iddialar səsləndirilir və bununla bağlı məhkəmələrdə də mübahisələr davam edir. Məhkəmələr dəfələrlə səhhətində problem olan şəxslərin hərbi xidmətə aparılması faktını təsdiqləyib, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin zərərçəkmiş ailələrə kompensasiya ödəməsi barədə qərarlar çıxarıb.

Azərbaycanda 2024-cü il iyulun 1-dən hərbi çağırışçıların sağlamlıq vəziyyətinə görə yararlılıq dərəcəsinin müəyyən edilməsində yeni qayda tətbiq olunur.

Mərkəzi Hərbi-Həkim Komissiyası hərbi həkim komissiyalarının tibbi rəylərini yoxlayır və yekun tibbi müayinəyə göndəriş verir.

Çağırışçının yekun tibbi müayinəsini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi həyata keçirir və yararlılıq kateqoriyasını müəyyənləşdirir. Rayon və ya şəhər çağırış komissiyası isə bu tibbi nəticələrə əsasən hərbi xidmətə çağırış, möhlət verilməsi və ya xidmətdən azad edilmə barədə yekun qərar çıxarır.

Xəzər Hərbi Tədqiqatlar İnstitutunun (XHTİ) monitorinqinə görə, 2026-cı ilin 4 oktyabr tarixinə qədər Azərbaycanın təhlükəsizlik və müdafiə sektoru azı 44 hərbi qulluqçusunu itirib. Onlardan 13-nün müxtəlif xəstəliklər, 9-nun avtomobil qəzası, 7-nin bədbəxt hadisə, 1-nin ehtiyatsızlıq ucbatından həyatını itirdiyi, 5 nəfərin isə intihar etdiyi bildirilir. Qalan 9 hərbi qulluqçunun ölüm səbəbi barədə isə heç bir məlumat verilmir.