Ermənistan Sünik vilayətində mülki şəxsi yaraladığı iddia edilən azərbaycanlı hərbçinin saxlandığını bildirir.
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) məlumatına görə, sentyabrın 29-da Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) onlara bir hərbi qulluqçunun naməlum şəraitdə xidmət yerini tərk etməsi barədə xəbər verib.
"Həmin hərbçinin Ermənistan Respublikasının sərhədini qanunsuz keçməsi ehtimalı istisna olunmayıb. Bundan sonra Ermənistan və Azərbaycanın səlahiyyətli qurumları birgə axtarış əməliyyatları həyata keçiriblər", – MTX-nin açıqlamasında bildirilir.
Məlumata görə, oktyabrın 1-də saat 14:15-də Ermənistan Daxili İşlər Nazirliyinin "112" operativ idarəetmə mərkəzinə Sünik vilayətinin Şaki qəsəbəsində Ermənistan vətəndaşının ayağından güllə yarası alması barədə siqnal daxil olub. MTX həmin hadisəni azərbaycanlı hərbçinin törətdiyini, onun artıq saxlanıldığını bildirir.
"Hadisənin təfərrüatları Azərbaycan tərəfinə təqdim edilib. Faktla bağlı Ermənistan Respublikasının İstintaq Komitəsində cinayət işi başlanıb", – MTX-nin məlumatında deyilir.
Baş Prokurorluq əsgərin itkin düşməsi ilə bağlı cinayət işi açıldığını bildirir
Oktyabrın 1-də axşam saatlarında Azərbaycan Baş Prokurorluğunun mətbuat xidməti də bildirib ki, Laçın istiqamətində hərbi qulluqçularının itkin düşməsi faktı ilə bağlı cinayət işi başlanıb.
Mətbuat xidməti qeyd edib ki, bəzi sosial media səhifələrində Laçın rayonu istiqamətində müddətli həqiqi hərbi xidmət keçən Nəsimi Musayevin itkin düşməsi barədə məlumatlar yayılıb.
Qurum bildiririb ki, sentyabrın 26-da N.Musayevin xidmət yerində olmaması və olduğu yerin müəyyən edilməməsi ilə əlaqədar onun axtarışına başlanıb, Müdafiə Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qüvvələri zəruri axtarış tədbirləri həyata keçiriblər.
“Bununla yanaşı, hadisənin hallarının araşdırılması məqsədilə Hərbi Prokurorluqda müvafiq araşdırma aparılmış və araşdırma nəticəsində Nəsimi Musayevin hərbi hissəni özbaşına tərk etməsinə əsaslı şübhələr müəyyən edilib”, - məlumatda iddia edilir.
Əlavə edilib ki, həyata keçirilən tədbirlər nəticəsində N.Musayevin Ermənistan ərazisində olduğu və həmin ölkədə saxlandığı müəyyən edilib. Hazırda hadisənin digər hallarının aydınlaşdırılması məqsədilə qarşı tərəfin müvafiq qurumları ilə zəruri təmasların davam etdirildiyi bildirilir.
Bu açıqlamaya, hələlik, itkin düşdüyü bildirilən əsgərin yaxınlarından münasibət almaq mümkün olmayıb.
Amma sosial şəbəkələrdə sentyabrın 26-da N saylı hərbi hissənin əsgəri Nəsimi Musayevin xidmət etdiyi postda itkin düşdüyü ilə bağlı məlumat yayılıb. Bu barədə əsgərin yaxınları olduqlarını deyən şəxslər sosial şəbəkələrdə paylaşım edib. Həmin şəxslər yayımladıqları videoda əsgər Musayevin Laçın rayonunda (Ermənistanla sərhəddə yerləşən rayon) postda itkin düşdüyünü vurğulayaraq, hərbi hissə rəhbərliyindən heç kimin onları qəbul etmədiyini bildirirlər.
Həmin iddialara Azərbaycanın cavabdeh rəsmi qurumlarından, hələlik, ayrılıqda münasibət almaq mümkün olmayıb.
Bundan əvvəl də Azərbaycan və Ermənistan hərbçilərinin sərhədi keçməsi halları qeydə alınıb. 2023-cü ildə Şahbuz rayonunun (Naxçıvan) Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraiti və məhdud görmə səbəbindən iki hərbçisinin itkin düşdüyünü açıqlanmışdı. Sonradan onların Ermənistanda həbs olunduğu bildirilib. Hüseyn Axundov və Aqşin Bəbirov həmin ilin dekabrında azad edilərək vətənə qaytarılıb. Bunun qarşılığında Azərbaycan erməniəsilli 32 şəxsi qarşı tərəfə təhvil verib.
Hazırda Azərbaycanda Qarabağdakı separatçı qurumun keçmiş rəhbərləri də daxil olmaqla, 19 Ermənistan vətəndaşı saxlanılır. Onlar 2026-cı ilin fevralın 5-də Bakı Hərbi Məhkəməsinin hökmü ilə müxtəlif müddətlərə azadlıqdan məhrum ediliblər. Beş nəfər ömürlük, digərləri isə 15 ildən 20 ilədək həbs cəzası alıb. Ruben Vardanyan və digər təqsirləndirilən şəxslər məhkəmə çıxışlarında ittihamları qəbul etməyərək bəraət istəmişdilər.
Xatırlatma
Ötən əsrin 80-ci illərinin sonunda gərginləşən Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında hərbi toqquşmalara səbəb olub. 1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi və ətrafdakı yeddi rayonu işğal edilib.
2020-ci ildə 44 günlük müharibə və 2023-cü ilin sentyabrındakı birgünlük hərbi əməliyyatlar nəticəsində Bakı bütün ərazilərində suverenliyini tam bərpa edib. R.Vardanyan və separatçı rejimin digər rəhbərləri elə həmin vaxt saxlanılıblar. Paralel olaraq Qarabağdakı erməni əhali də Ermənistana köç edib.
Ötən ilin avqustunda Vaşinqtonda, ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə 30 ildən artıq davam edən münaqişəyə son qoyan sülh sazişi paraflanıb. Paraflanmış sənədin mətnində tərəflər bir-birinin ərazi bütövlüyünü rəsmən tanıyır və qarşılıqlı hüquqi iddiaların geri götürüləcəyini öhdəsinə götürür.
Artıq iki ölkə arasında birbaşa yükdaşımalar da bərpa edilib.