Ermənistan xaricdəki vətəndaşların seçki hüququnu məhdudlaşdırdı

Erməni seçicisi

Ermənistan parlamenti ölkədə yalnız daimi yaşayan vətəndaşların seçkilərdə səsvermə hüququnu nəzərdə tutan qanun layihəsini son oxunuşda qəbul edib.

Qanunun lehinə yalnız hakim "Vətəndaş Müqaviləsi" partiyasının deputatları və əvvəllər "Ermənistan" blokundan ayrılmış bir parlamentari səs verib.

Eks-prezident Robert Koçaryanın rəhbərlik etdiyi müxalif "Ermənistan" fraksiyası isə qərarı Konstitusiya Məhkəməsində mübahisələndirəcəyini bildirib.

Yeni qanuna əsasən, seçkilərdə yalnız o vətəndaşlar iştirak edə bilər ki, seçici siyahıları dərc olunanadək son iki ilin ən azı bir ilini ölkədə keçirmiş olsunlar. Bu qaydadan yalnız xaricə təhsil almağa gedənlər və rəsmi dövlət ezamiyyətində olanlar istisnadır.

Bir neçə ictimai təşkilat qanun layihəsini kəskin tənqid edərək, onun konstitusiyaya zidd olduğunu, demokratik dəyərləri təhlükəyə atdığını və seçici hüquqlarını məhdudlaşdırdığını bildirib.

Ermənistan öz vətəndaşlarına xaricdə səs vermək imkanı yaratmır. Səfirlik və konsulluqlarda səsvermə hüququndan yalnız diplomatik korpusun əməkdaşları və onların ailə üzvləri yararlana bilirlər.