Ermənistanda 17 kənddə birinci sinif olmayıb - uşaq yoxdur

Arxiv fotosu: Yerevanda orta məktəb.

Bu il sentyabrın 1-də Ermənistanın 17 kəndində 1-ci sinfə getməyə uşaq olmayıb.

Bunu Ermənistanın Haykakan Jamanak qəzeti yazır.

Sunik regionunda, başqa sözlə, Zəngəzurda 8 kənddə 1-ci sinfə gedən uşaq yoxdur. Şirak regionunda isə 3 kənddə 1-ci sinfə gedəsi uşaq tapılmayıb.

Sentyabrın 1-i Ermənistanda dərs ili başlanır.

Ermənistan Xəbərləri - News.am-ın müxbiri sentyabrın 1-i ilə əlaqədar sərhədyanı bölgələrin məktəblərinə gedib. Tavuş rayonunun Aygenapar kəndində 1-ci sinfə getməyə cəmi 2 uşaq var. Onlra da bir ailənin ekiz övladlarıdır.

Bu il həmin məktəbin sonuncu sinfini cəmi 3 nəfər bitirib.

İndiki sonuncu sinifdə isə daha az - 2 şagird oxuyur.

Məktəbdə cəmi 48 şagird var. Məktəb isə sovet dönəmində tikilib, o vaxt burda 170 uşaq oxuyurdu.

Məktəbə getməyə niyə uşaq yoxdur?

Ermənistan rəsmiləri dəfələrlə netiraf ediblər ki, ölkədə ciddi demoqrafik problem var. Ölkədə ağır iqtisadi şəraitə görə insanlar Ermənistanı tərk edirlər.