Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:45

Yataqxanasız tələbə, tələbə, tələbə...


Bakının yeni siması, kredit borclarına görə həbslər, tələbələrin yataqxana, valideynlərin bağça dərdi bu gün medianın aparıcı mövzusudur.

DAĞIDILAN «SOVETSKİ», ABADLAŞAN BAKI

«Azərbaycan» qəzetində dərc edilən«Sosial layihələrin icrası davam edir» sərlövhəli məqalədə Bakının tarixi, «Sovetski» deyilən məhəlləsinin yeni siması haqda danışılır.

Müəllif son illərdə paytaxtın simasının dəyişdiyini, yolların dünya standartlarına uyğun salındığını yazır. Yazıda qeyd edilir ki, sovet dönəmində şəhərin bir çox hissələrində evlər plansız inşa edilib, tikinti və sanitar normalara əməl olunmayıb. Belə ərazilərdən biri də «Sovetski» olub.

Müəllif vurğulayır ki, prezident İlham Əliyev Bakını dünyanın gözəl şəhərlərindən birinə çevirmək üçün böyük işlər görür və «Sovetski»də aparılan işlərbunun tərkib hissəsidir: «Hazırda burada bir çox köhnə evlər sökülüb, ərazidə yeraltı və yerüstü infrastrukturun yaradılması həyata keçirilir. Bir sıra ərazilərdə köhnə və yararsız binaların söküntüsü aparılır. Lakin tarixi və dini abidələrin qorunmasına diqqətlə yanaşılır. Ərazidəki Hacı Əbdülrəhimbəy Qulubəyov məscidi sökülməyib. Məscidin üzərindəki yazıdaMədəniyyət və Turizm Nazirliyi tərəfindən yerli əhəmiyyətli tarix və mədəniyyət abidəsi kimi qorunduğu göstərilib».

Yazıda deyilir ki, ərazidə 3827 yaşayış və qeyri-yaşayış sahəsinin sahibləri kompensasiya ilə təmin ediliblər. Ümumilikdə isə 219 obyekt üzrə vətəndaşlara yaşayış sahələri paylanılıb. Həmin ərazidə ümumi uzunluğu 6 kilometrdən çox olan beş küçədə əsaslı şəkildə yenidənqurma işləri aparılacaq.

«Yaxın vaxtlarda biz köhnə «Sovetski»nin yerində paytaxtın abad və gözəl bir guşəsini görəcəyik»,- deyə yazıda vurğulanır.

Pul
Pul

BANK BORCLUNUN HƏBSİNİ İSTƏR

«Azadlıq» qəzetində ««Unibank» böyrəyini satdırmaq istədiyi borclunu həbs etdirdi» sərlövhəli yazı dərc edilib. Yazıdakredit borclarına görə incidilən vətəndaşlarla bağlı hüquqşünas Əkrəm Həsənovun fikirləri yer alıb.

Hüquqşünas «Unibank»a təxminən 3000 dollar borcu olan 38 yaşlı, işsiz ailə başçısı Mübariz Bayramovun taleyindən bəhs edir. Ə.Həsənovun deməsinə görə, bir müddət öncə bank M.Bayramova böyrəyini satıb kreditini qaytarmağı təklif edib. M.Bayramov isə ona müraciət edib, məsələ ictimailəşib, sakitlik yaranıb. Ancaq avqustun 25-də Nərimanov Rayon Məhkəməsi bu borca görə M.Bayramovu 5-günlük inzibati qaydada həbs edib. Ə.Həsənov deyib ki, tələsik keçirilən bu məhkəmə iclasında «Unibank»ın da nümayəndəsi iştirak edib və M.Bayramovun cəzalandırılmasını istəyib: «Həbs yalnız borcun üzrsüz səbəbdən ödənilməməsinə görə ola bilər. Yəni borclunun pulu var, amma ödəmir. Bu faktı da icra məmuru sübut etməlidir. Təqsiri olmayan şəxsin cəzalandırılması qanunaziddir», –deyə Ə.Həsənov vurğulayır.

Hüquqşünas qeyd edib ki, borca görə həbs Azərbaycanın qoşulduğu «Mülki və siyasi hüquqlar haqqında beynəlxalq Pakt»ın və «Avropa İnsan Hüquqları Konvensiyası»nın uyğun maddələrinin pozulması deməkdir.

Ə.Həsənovun fikrincə, bununla banklar borclularıqorxutmaqla kreditləri ödətdirmək istəyirlər. O vurğulayır ki, belə bir oxşar iş üzrə artıq Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət verilib.

Vətəndaşa bundan öncə böyrəyini satmaq təklifi verilməsi ilə bağlı iddiaya isə «Unibank» rəsmiləri, hələlik, münasibət bildirməyiblər. Ə.Həsənov isə deyib ki, bununla bağlı səs yazısını hüquq-mühafizə orqanlarına da təklif etmişdilər.

Bakıda tələbə yataqxanası
Bakıda tələbə yataqxanası

TƏLƏBƏLƏRİN YATAQXANA DƏRDİ

«Exo» qəzetində isə «Tələbə yataqxanaları yenə əlçatmazdır» sərlövhəli məqalə oxumaq olar.

Məqalədə qeyd edilir ki,yeni dərs ili yaxınlaşır, tələbələrin bir çoxu yataqxanalarda yerləşmək arzusundadırlar.

Müəllif yazır ki, tələbələrin yataqxana problemi artıq heç kəsə sirr deyil. Azərbaycanın Qarabağ ətrafı rayonları işğal edildikdən sonra paytaxta üz tutan məcburi köçkünlərin bir çoxu yataqxanalarda məskunlaşıb. Əksər yataqxanalar yararsız vəziyyətə düşüb.

Müəllif yazır ki, yataqxana olmadığından, tələbələr kirayə ev tutmaqdan ötrü işləmək məcburiyyətində qalırlar.

Ekspert Məlahət Mürşüdlü qəzetə deyib ki, Bakıya gələn hər bir tələbənin heç də başı üstə «tavanı» yoxdur: «Bir zamanlar məcburi köçkünlərin yaşadıqları tələbə yataqxanaları onların yeni evlərə köçməsi ilə boşalıb. Amma bu yataqxanalar indiyə kimi universitetlərə qaytarılmayıb».

Ekspert deyib ki, tələbədən təhsil haqqını vaxtında vermək tələb edilir. Amma onların problemi heç kəsi maraqlandırmır.

«Əmlak bazarının iştirakçıları» Birliyinin sədri Ramil Osmanlı isə deyib ki, icarə mənzil bazarı indi tələbələrin hesabına varlığını sürdürür. Amma şəhərin mərkəzindəicarə haqları baha olduğu üçün tələbələr ucqarlarda və ya qəsəbələrdə ev kirayələyirlər.

R.Osmanlı düşünür ki, iş adamları yataqxanalar tikib bunu tələbələrə ucuz qiymətə təklif edə bilərlər.

Foto illüstrasiya
Foto illüstrasiya

İLK ADDIMI RÜŞVƏTLƏ...

«Bizim Yol» qəzetində «İlk addımını rüşvətlə atanlar...» sərlövhəli məqalə ilə tanış olmaq olar.

Yazıda uşaqların bağça ilə təminatı araşdırılıb.

Müəllif yazır ki, övladlarını bağçalara aparan valideynlər «yer yoxdur» cavabını alırlar: «Valideynlər var ki, bağçalarda yer olmadığından şikayətçidirlər. Uşaqlara yetəcək qədər bağça yoxdur. Olanlara da «hörmətlə» ya da «tanışlıqla» qəbul edirlər uşaqları. Çünki məktəbdən öncəki təhsil hər bir uşaq üçün vacibdir və hər uşağın buna hüququ var».

Müəllif rəsmilərin etiraflarına da yer verir. Təhsil Nazirliyinin rəsmiləri deyib ki, ölkənin 75.5 faizində məktəbəqədər təhsil müəssisəsi çatışmır.

Müəllif sosial şəbəkədə sorğu aparıb və bunun nəticəsi haqda öz yazısında da bəhs edib. Valideyn Natəvan Süleymanlı dövlət bağçasına qəbul üçün 300-500 manat tələb edildiyini bildirib. Hər ay da valideynlərdən 20 manat alındığı qeyd edilir.

Başqa valideynlər isə deyiblər ki, şəraiti yaxşı bağçalarda qiymətlər 600-700 manatdan başlanır. Bu da əksər valideynlər üçün əlçatan deyil.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG