Ermənistanda seçkinin nəticələri təsdiqləndi: 'Çiçəklənən Ermənistan' parlamentdən kənarda qaldı

Ermənistan MSK

Ermənistanın Mərkəzi Seçki Komissiyası (MSK) 7 iyun parlament seçkilərində baş nazir Nikol Paşinyanın partiyasını rəsmi qalib elan edib. Komissiya bundan əvvəl üç seçki məntəqəsində səsvermənin nəticələrini ləğv etmişdi. Müxalifətin fikrincə, həmin səslər qüvvədə qalsaydı, onlar parlamentdə daha çox mandat qazana bilərdilər.

MSK bu məntəqələrdə təkrar seçki keçirilməsinə də icazə verməyib. AzadlıqRadiosunun erməni xidməti yazır ki, müxalifət bunu Paşinyan hökumətinin seçkiləri saxtalaşdırdığına dair növbəti sübut kimi qiymətləndirib.

Yekun nəticələr MSK-nın ilkin hesablamaları ilə, demək olar ki, tamamilə üst-üstə düşür. Həmin nəticələrə görə, hakim "Vətəndaş Müqaviləsi" Partiyası səslərin təxminən 49.8 faizini toplayaraq 105 yerlik Milli Assambleyada 64 mandat qazanıb.

Milyarder Samvel Karapetyanın "Güclü Ermənistan" bloku 23.3 faizlə ikinci, keçmiş prezident Robert Koçaryanın "Hayastan" alyansı 9.9 faizlə üçüncü olub. İşadamı Qaqik Tsarukyanın "Çiçəklənən Ermənistan" Partiyası isə 3.99 faiz səs toplaya bilib.

Ləğv olunan nəticələr

"Çiçəklənən Ermənistan"ın parlamentə düşmək üçün zəruri olan 4 faizlik baryeri keçməsinə cüzi səs çatmayıb. Son günlər səslərin yenidən sayılması və protokolların yoxlanılması nəticəsində partiya əlavə 147 səs qazansa da, MSK iyunun 11-də üç seçki məntəqəsinin nəticələrini ləğv edib. Həmin məntəqələrdə partiya 222 səs toplamışdı.

Tsarukyanın partiyası və digər müxalif qüvvələr bu qərarı pisləyiblər. Onların mövqeyinə görə, hakimiyyət qanunsuz yolla "Vətəndaş Müqaviləsi" Partiyasına yeni parlamentdə daha rahat çoxluq təmin etməyə çalışır. Bu qüvvələr ən azı həmin kənd seçki məntəqələrində təkrar səsvermənin keçirilməsini tələb ediblər.

MSK-ya görə, həmin məntəqələrdəki 3 mindən çox seçicinin səsi ümumi nəticəni dəyişmir. Müxalifət isə əksinə, bu səslər sayəsində "Çiçəklənən Ermənistan"ın parlamentdə 5 yer qazana biləcəyini vurğulayır.

Beləliklə, parlamentdə 60 faizlik çoxluğu təmin edən Paşinyan konstitusiya qanunlarının qəbulu, eləcə də yüksək vəzifəli hüquq-mühafizə rəsmilərinin və hakimlərin təyinatı məsələsində təkbaşına qərar vermək hüququ əldə edir.

MSK qarşısında etiraz aksiyası

MSK qarşısında etiraz aksiyası keçirilir

"Çiçəklənən Ermənistan", "Güclü Ermənistan" və "Hayastan" blokları MSK-nın qərarını qanunsuz adlandırıblar. Qərar elan olunmazdan əvvəl onların yüzlərlə üzvü və tərəfdarı MSK binası qarşısında etiraz aksiyası keçirib.

"MSK-nın bir nəfər tərəfindən idarə olunduğu aydındır və həmin şəxs Nikol Paşinyandır", – "Çiçəklənən Ermənistan"ın sözçüsü İveta Tonoyan jurnalistlərə belə deyib. "Bu, mənim 20 illik siyasi fəaliyyətim ərzində gördüyüm ən biabırçı seçkidir", - o əlavə edib.

"Xalqımız oğurlanmış səslərlə hökumət qurulmasına imkan verməyəcək", – "Hayastan" alyansının nümayəndəsi Qeqam Manukyan bildirib.

Üç əsas müxalif qüvvə birgə bəyanatda vurğulayıb ki, seçkinin rəsmi nəticələri "xalqın həqiqi iradəsini əks etdirmir" və "qanuni hökumətin formalaşdırılması üçün əsas ola bilməz".

Bu ittihamları rədd edən Paşinyan isə ötən həftə bildirib ki, "Güclü Ermənistan", "Hayastan" və "Çiçəklənən Ermənistan" partiyaları seçki zamanı səsləri pulla satın alıblar.