Paşinyan: 'Xalq yeni konstitusiyaya səs versə də, verməsə də istefaya hazıram'

Nikol Paşinyan

Ermənistanın baş naziri Nikol Paşinyan noyabrın 18-də bəyan edib ki, ölkə seçicilərinin böyük əksəriyyəti referendumda yeni konstitusiyanı dəstəkləyəcək. Yeni konstitusiya layihəsinin yaxın günlərdə dərc olunacağı gözlənilir. Rəsmi Bakı ölkə konstitusiyasında dəyişiklik edilməsini yekun sülh sazişinin imzalanması üçün əsas şərtlərdən biri kimi irəli sürüb.

Paşinyan parlamentdə keçirilən sual-cavab sessiyası zamanı yeni konstitusiyanı sülhpərvər dövlətlə davamlı regional münaqişə arasında seçim kimi dəyərləndirib.

"Yeni konstitusiyanın mesajı birdir: bütün istiqamətlərdə münaqişələr səhifəsini bağlayır və sülhü dönməz edirik", – Paşinyan deputatlara bildirib.

"Sübut edin ki, məni uzaqlaşdırmaq istəyirsiniz"

Paşinyan onu da vurğulayıb ki, referendumdan sonra səsvermənin nəticəsindən asılı olmayaraq istefa verməyə hazırdır. O, parlamentdəki müxalifəti referendumun keçirilməsi üçün gərəkən səsləri təmin etməyə çağırıb, əks halda növbədənkənar seçkilərə gediləcəyini deyib.

"Deyirsiniz ki, məni hakimiyyətdən uzaqlaşdırmaq istəyirsiniz. Çox yaxşı. Referenduma gedirik və hər iki halda mən gedirəm. Xalq yeni konstitusiyaya səs verməsə, vəzifəmi tərk edirəm. Xalq yeni konstitusiyaya səs versə, gedib (Azərbaycanla) sülh müqaviləsini imzalayıram, onu ratifikasiya edirik, yəni sülh gündəliyinin bir neçə bəndi icra olunur və mən yenə gedirəm", – Paşinyan deputatlara söyləyib.

"Məni hakimiyyətdən uzaqlaşdırmaq istəyirsiniz? Çox yaxşı. Sizə təklifim budur. Məni kənarlaşdırın. Sübut edin ki, məni uzaqlaşdırmaq istəyirsiniz", – o əlavə edib.

Paşinyan xəbərdarlıq edib ki, müxalifət deputatları hökumətin konstitusiya referendumu keçirmək təşəbbüsünü əngəlləsələr, növbədənkənar parlament seçkilərinə aparan prosesə start verəcək. Baş nazirin sözlərinə görə, belə olan halda hazırkı müxalifət fraksiyaları yenidən parlamentə düşə bilməyəcək.

" Əliyevə heç inanmırıq"

AzadlıqRadiosunun erməni xidməti yazır ki, müxalifət deputatları təklifi dərhal rədd edərək baş naziri etibarsızlıqda və ölkənin əsas qanununu qonşu Azərbaycanın tələbi ilə yenidən yazmağa çalışmaqda günahlandırıblar.

"Hayastan" fraksiyasının rəhbəri Anna Qriqoryan Paşinyanın istefa vədini siyasi hiylə sayaraq, müxalifətin "Əliyevin Konstitusiyası" kimi dəyərləndirdiyi layihəyə qarşı çıxıb. Ermənistan müxalifəti konstitusiyanın Azərbaycan prezidenti İlham Əliyevin tələbi ilə dəyişdirildiyini iddia edir.

"Cənab Paşinyan, xalqımızın ən azı 50 faizi sizə etibar etmir. Sizcə, biz o qədər sadəlövhük ki, sizin hansısa şəraitdə könüllü olaraq vəzifənizdən gedəcəyinizə inanaq? Biz sizə etibar etmirik, Əliyevə isə ümumiyyətlə güvənmirik",– Qriqoryan deyib.

O, "Əliyevin Konstitusiyası"nın Ermənistanda qəbul edilməyəcəyini vurğulayıb.

"Güclü Ermənistan" alyansının parlamentdəki lideri Narek Karapetyan da Paşinyanın təklifini qəbul etməyib.

"Problem sizə nə etməli olduğunuzu diktə edən şəxsdədir. İstəyirik ki, savadlı və konstruktiv tərəfdaşınıza çatdırasınız ki, o, buranı idarə etməyəcək. O, Ermənistanı idarə edə bilməz", – "Azatutyun"un yazdığına görə, Karapetyan Əliyevi nəzərdə tutaraq bildirib.

Sizin brauzer HTML5-i dəstəkləmir

Paşinyanın qələbəsinin 'əmma'sı: Sülh sazişi təhlükədə?

Paşinyanın yolundakı əngəl

Paşinyanın hakim "Vətəndaş Müqaviləsi" partiyası 7 iyun parlament seçkilərində 105 yerlik Milli Assambleyada çoxluğu qazansa da, konstitusiya layihəsini ümumxalq referendumuna çıxarmaq üçün tələb olunan üçdə iki səs çoxluğunu, yəni azı 70 mandatı əldə edə bilməyib. Hazırda "Vətəndaş Müqaviləsi" partiyasının parlamentdə 64 mandatı var.

Azərbaycan Ermənistanın mövcud konstitusiyasının preambulasından 1990-cı il Müstəqillik Bəyannaməsinə olan istinadın çıxarılmasını tələb edir. Həmin sənəddə Sovet Ermənistanı ilə Dağlıq Qarabağ Muxtar Vilayətinin 1989-cu ildə qəbul etdiyi birləşmə aktına istinad yer alır. Rəsmi Bakı bunu özünə qarşı ərazi iddiası sayır.

Yeni konstitusiya layihəsinin yaxın günlərdə ictimaiyyətə təqdim olunacağı gözlənilir. Ermənistan rəsmiləri yeni sənəddə 1990-cı il Müstəqillik Bəyannaməsinə heç bir istinadın olmayacağını açıqlayıblar.

Ötən əsrin 80-ci illərində gərginləşən Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında silahlı toqquşmalara gətirib çıxarıb. 1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi və ətrafdakı yeddi rayonu işğal olunub.

2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildəki birgünlük hərbi əməliyyatlar nəticəsində Bakı bütün əraziləri üzərində suverenliyini bərpa edib. Bundan sonra Qarabağdakı erməni əhali bölgədən köçüb.

Ötən ilin avqustunda Vaşinqtonda prezident Donald Trampın vasitəçiliyi ilə 30 ildən artıq münaqişədə olan Azərbaycan və Ermənistan arasında sülh sazişi paraflanıb. Paraflanmış mətndə tərəflər bir-birinin ərazi bütövlüyünü tanıyır, eyni zamanda qarşılıqlı iddiaların geri çəkiləcəyi təsdiqlənir.