Əliyev 'bu il sülh müqaviləsi imzalanacaqmı' sualına cavab verib

Prezident İlham Əliyev Münxendə Azərbaycan telekanallarına müsahibə verib

Prezident İlham Əliyev Azərbaycan telekanallarına müsahibəsində bu il Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanıb-imzalanmayacağı məsələsinə toxunub. AZƏRTAC-ın xəbərinə görə, o, bununla bağlı sualın cavabında deyib ki, bu, Bakıdan asılı deyil: "Bizim mövqeyimiz artıq uzun illər ərzində Ermənistan tərəfinə çatdırılıb. Ermənistanın Konstitusiyasına lazımi dəyişikliklər edilməlidir. O dəyişikliklər edilən kimi, ertəsi gün biz sülh müqaviləsini imzalaya bilərik. Amma buna baxmayaraq, mən hesab edirəm ki, artıq Ermənistanla Azərbaycan arasında sülh əldə edilib".

Ötən il Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh sazişi paraflanana qədər də rəsmi Bakı bəzi şərtlər səsləndirmişdi. Bəyan edilmişdi ki, sülh sazişinin imzalanması üçün həm danışıqlara uzun illər vasitəçilik edən ATƏT-in Minsk qrupu buraxılmalıdır, həm də Ermənistan konstitusiyasına dəyişiklik olunmalıdır. Rəsmi Bakının nəzərincə, Ermənistan Konstitusiyasında Azərbaycana ərazi iddiaları var. Amma Ermənistanda konstitusiyaya dəyişiklik müzakirə edilsə də, Bakının ərazi iddiaları ilə bağlı dedikləri ilə razı deyillər. Yerevan sülh sazişinin imzalanmasına hazır olduqlarını açıqlayıb. Lakin o da bəyan edilib ki, Ermənistan konstitusiyası üzrə referendum 2026-cı ilin iyununa planlaşdırılan parlament seçkilərindən əvvəl keçirilməyəcək.

Baş nazir Nikol Paşinyan 2024-cü ildə hakim "Mülki Müqavilə" partiyasının qurultayında bildirmişdi ki, partiyası seçkilərdə qalib gəlsə, ölkəni "dördüncü Ermənistan respublikası"na çevirəcək: "Seçkilərdə xalqın etimadını qazandıqdan sonra "Mülki Müqavilə" yeni Ermənistan konstitusiyasının qəbul edilməsi prosesinə başlayacaq və bu proses ümumxalq referendumu ilə gerçəkləşdiriləcək".

Xatırlatma

Ötən əsrin 80-ci illərində gərginləşən Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. 1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi, ətraf yeddi rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi əməliyyatlar nəticəsində Bakı bütün ərazilərində suverenliyini bərpa edib.

Ötən il avqustun 8-də 30 ildən çox münaqişədə olmuş Azərbaycan və Ermənistanın rəsmiləri Vaşinqtonda sülh müqaviləsinin mətnini paraflayıblar. Oval ofisdə ABŞ prezidentinin iştirakı ilə tərəflər görüşün nəticələri haqda bəyannamə də imzalayıblar. Bəyannaməyə əsasən, Ermənistanın cənubundan keçməklə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqə yaranacaq. TRIPP adlanan bu marşrut Ermənistanın suverenliyini, ərazi bütövlüyünü və yurisdiksiyasını qoruyub saxlayacaq.

Paraflanan mətində tərəflər bir-birlərinin ərazi bütövlüyünü tanıyır, habelə qarşılıqlı iddiaların geri çəkiləcəyi vurğulanır.

Sülh sazişi paraflanandan sonra, sentyabrın 1-də ATƏT Nazirlər Şurası Minsk Prosesinin və əlaqəli strukturlarının bağlanması barədə qərar qəbul edib.