Əli Kərimlinin daha bir mühafizəçisinə 8 il həbs cəzası istəndi

Novruz Tağıyev

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü, eyni zamanda, partiya sədri Əli Kərimlinin mühafizəçisi olmuş Novruz Tağıyevə 8 il həbs cəzası istənilib. Martın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində prokuror bu təkliflə çıxış edib.

Onun iddiasına görə, N.Tağıyevə Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 320.1-ci (saxta sənəd hazırlama və ya istifadə etmə) maddələriylə verilmiş ittihamlar məhkəmədə təsdiqini tapıb.

Ev alqı-satqısında vasitəçiliklə məşğul olan N.Tağıyev mənzil almaq istədiyini deyən Nicat Abbasov adlı şəxsin 70 min manatını ələ keçirməkdə suçlanır.

AXCP üzvü ittihamda yazılanları yalanlayır və deyir ki, ev alan şəxs sənədləşmə olmadan pul verməz. Alqı-satqı prosesi, pulun ödənişi də notarial qaydada aparılıb: "Gəlib ki, ev istəyirəm, mən də onu ev alqı-satqısı ofisinə aparmışam. Gedib, evə baxıb. Sənədləşmə, alqı-satqı olmayıbsa, kim maklerə 70 min pul verərdi?! Hamı yaxşı bilir ki, bu iş quramadır".

Martın 18-də prokurorun çıxışından öncə məhkəmədə sənədlər araşdırılıb. Vəkil Nemət Kərimli sənədlərdəki uyğunsuzluqları məhkəmənin diqqətinə çatdırıb.

Zərərçəkmiş qismində tanınan N.Abbasov isə ona dəymiş ziyanın ödənilməsini tələb edir və N.Tağıyevə hansı cəza verilməsini də önəmli saymadığını söyləyir.

AXCP fəalının məhkəməsi aprelin 3-də vəkilin müdafiə nitqi ilə davam edəcək. Ardından N.Tağıyev özü son sözünü deyəcək və hökm oxunacaq.

Xatırlatma

Novruz Tağıyev ötən il mayın 20-dən həbsdədir. Özünü təqsirli bilməyən AXCP üzvü bu partiyanın sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi olduğu üçün cəzalandırıldığını deyir.

Ə.Kərimli də daxil, AXCP-nin 20-dən çox fəalı hazırda həbsdədir. Onlardan bir neçəsi ictimai əsaslarla Ə.Kərimlinin sürücüsü, mühafizəçisi kimi çalışmış şəxslərdir.

Partiya müxtəlif ittihamlarla üzləşən bu şəxslərin siyasi sifarişlə həbs olunduğunu açıqlayıb.

Rəsmilər ölkədə siyasi həbslərin olmasıyla bağlı fikirləri "əsassız" adlandıraraq siyasi məhbus siyahılarında adları yer alan şəxslərin törətdikləri konkret əmələ görə mühakimə edildiyini bildirirlər.

Yerli hüquq müdafiəçilərinin hazırladığı siyahılara görə, indi Azərbaycandakı penitensiar müəssisələrdə 400-ə yaxın siyasi məhbus var.